"Lider"dən kənarlaşdırılmış jurnalisti müdafiə etdilər: "Gərək Lavrovu işdən çıxarsınlar"

Hit: 888
"Lider"dən kənarlaşdırılmış jurnalisti müdafiə etdilər: "Gərək Lavrovu işdən çıxarsınlar"

Lider TV-nin xüsusi müxbiri Anar Həsənovun Rusiyanın Xarici İşlər naziri Sergey Lavrova verdiyi suala görə işdən çıxarılması xəbəri cəmiyyətdə birmənalı qarşılanmayıb.

Faktor.az BakiPost.az-a istinadən xəbər verir ki, siyasi mövqeyindən və sosial statusundan asılı olmayaraq, bir çox tanınmış simalar jurnalistin müdafiəsinə qalxıblar.

Tanınmış televiziya jurnalisti Qulu Məhərrəmli hesab edir ki, Anar Həsənov orada cəmiyyəti narahat edən sual verib və buna görə onun cəzalandırılması yolverilməzdir: "Lider TV-nin xüsusi müxbiri Anar Həsənovu verdiyi suala görə cəzalandırmaq yanlışlıq və ədalətsizlikdir. Suala görə də jurnalisti işdən çıxararlar? Heç müzakirə etməyə dəyməz: Anar sərrast, düşünülmüş, məntiqli, reallıqdan doğan və bizim cəmiyyətin narahatlığını əks etdirən sual verib. Sadəcə, Lavrovun cavabı qeyri-diplomatik və yanlışdır. Gərək onu işdən çıxarsınlar”.

Keçmiş millət vəkili Aydın Abbasov da hesab edir ki, jurnalistə cəza verilməsi yanlış addımdır: "Mən Anarı tanımıram, heç bir zaman qarşılaşmamışıq və xəbərim də olmayıb ki, Lider TV-də belə bir şəxs çalışır. Amma tam əminliklə deyə bilərəm ki, bu şəxs bilərəkdən və ya bilmədən tam aydın, mərd şəkildə sualını verdi və milyonların qarşısında cavab aldı. Bunu necə yozursunuz yozun, nə deyirsinizsə deyin! Jurnalistlər də, diplomatlar da insandır və insan faktoru hər zaman nəzərə (əsəb, həyəcan və s.) alınmalıdır. Amma təəssüflər ki, olan oldu. İnşallah daha da yaxşı işlə təmin olunar”.

Hazırda Lider televiziyasında veriliş aparan, "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin fikrincə,  A. Həsənov peşəkar davranıb və onun sualında heç bir qəbahət yoxdur: "Anar Həsənov peşəkar jurnalstdir və sualı da çox dəqiq verib. Sual Lavrovu qıcıqlandırıb, onun diplomatik maskasını yırtıb və düşündüyünü, gerçək yanaşmasını ifadə etməyə sövq edib. Çox güman ki, Lavrov bu sualdan xoşlanmayıb və buna görə də suala qəzəbli cavab verib, həm də jurnalisti cəzalandırmaq qərarına gəlib. Bu səbəbdən əziz həmkarlar, bundan sonra Rusiya təmsilçilərinə sual verməyin. Bildiyiniz cavabı yazın. Rus imperializminin neonasist təmsilçiləri isə bizi heç vaxt arzuladığımız statusda qəbul etməyəcəklər.

Dəfələrlə yazmışam: Zorla olmur! 5 barmağlnızı bala batırıb ikibaşlı qartalın ağzını dada gətirmək istəsəniz də, o yenə əlinizi dişləyəcək. Qartal ət yeyir, bal yox...”

Mətbuat konfransında verdiyi sulla Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovdan "Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil” cavabını alan Lider TV-nin Rusiyadakı müxbiri Anar Həsənovun işindən çıxarılması xəbəri yayılıb.

Xəbərdə deyilir ki, ölkəmizin Moskvadakı səfiri Polad Bülbüloğlu jurnalist Xarici İşlər nazirinə verdiyi sualın təxribat xarakterli olduğunu iddia edərək, hadisənin iki ölkənin dostluq münasibətlərinə xələl gətirə biləcəyini deyib. Səfir azərbaycanlı jurnalistin ünvanına ağır ifadələr işlədib. Nəticədə "Lider” telekanalının rəbərliyi Anar Həsənovu vəzifəsindən uzaqlaşdırıb.









Redaktorun seçimi