Bacalara qoyulan borulardan daxil olan ölüm - REPORTAJ - FOTOLAR

Hit: 486
Bacalara qoyulan borulardan daxil olan ölüm - REPORTAJ - FOTOLAR
Havalar soyuduqca evləri isitmək üçün tədbirlər görülməyə başlayır.
 
Bunun üçün əhali ya istilik sistemləri çəkdirir, ya da odun sobalarından istifadə edir.
 
Həyət evlərində əsasən odun sobalarına üstünlük verilir. Odun sobalarının təhlükəli olması isə hamıya məlumdur. 
 
Son zamanlar dəm qazından boğulan insanların statistikası da bunu bir daha sübut edir.
 
Faktor.az olaraq, həmin odun sobalarından istifadə edən vətəndaşların bu təhlükədən nə qədər xəbərdar olub olmaması ilə maraqlandıq.
 
Həmsöhbətimiz Rəsmiyyə xanım belə sobalardan istifadə etmələrinin səbəbini maddi vəziyyətin aşağı olması ilə əlaqələndirdi:
 
“Bəli, mən də bilirəm ki, belə sobalar  təhlükəlidir, amma başqa çarə yoxdur. Ya gərək 1500-2000 manat verib istilik sistemi çəkdirəsən, ya da soyuqdan donasan. Biz də istərdik ki, təhlükəsiz bir şəraitdə yaşayaq. Amma məcbur olub bu sobalardan istifadə edirik. Həmin sobaların  tüstü bacaları evin bayırdan görkəmini də pozur”.
 
Digər həmsöhbətimiz Vidadi adlı şəxs isə təhlükəli olsa da, istilik sistemlərinə nisbətən, odun sobalarının evi daha yaxşı isitməsini söylədi:
 
“Təhlükəli olsa da, bu sobalar daha yaxşıdır. 2000 manat verib soyuqdan donmaqdansa, daha ucuz olan bu soba ilə rahat isti evimdə oturaram. Qaldı ki, tüstü bacalarına, vaxtlı vaxtında təmizləyib təmir etsək, heç bir problem olmaz”.
 
Məlum olan odur ki, vətəndaşlar özləri də təhlükədən xəbərdardır. Lakin özlərinin də qeyd etdiyi kimi, 2000 manat verib təhlükəsiz yaşamaqdansa, həyatlarını qurban verməyi seçirlər.
 
Atalar belə yerdə yaxşı deyib: "Cana gəlincə, mala gəlsin".
 
Alim Nemətoğlu // Faktor.az
 
1
1
1
1
1
1








Redaktorun seçimi