ADNSU-nun rəhbərliyi Beynəlxalq elmi-praktik konfransda video təqdimatla çıxış edib

Hit: 260
ADNSU-nun rəhbərliyi Beynəlxalq elmi-praktik konfransda video təqdimatla çıxış edib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov M.Auezov adına Cənubi Qazaxıstan Universitetində keçirilən Beynəlxalq elmi-praktik konfransda video təqdimatla çıxış edib. Aprelin 19-da keçirilən, Qazaxıstan Elmlər Akademiyasının ilk prezidenti, görkəmli geoloq və elm təşkilatçısı, akademik Kanış İmantayeviç Satpayevin 125 illiyinə həsr olunmuş konfransa dünyanın bir neçə ölkəsindən elm adamları, ali təhsil müəssisələrinin rəhbərləri qatılıb. Konfransda iştirak üçün dəvət alan ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərovun video təqdimatı iştirakçılar tərəfindən maraqla qarışlanıb. 
 
Dosent Vazeh Əskərov çıxışında konfrans iştirakçılarını salamlayaraq ilk növbədə ənənəvi Auezov adına silsilə konfranslarda iştirak üçün dəvətə görə Muxtar Auezov adına Cənubi Qazaxıstan Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib və səmimi salamını çatdırıb. 
 
Çıxış zamanı dosent Vazeh Əskərov bildirib ki, Akademik Kanış İmantayeviç Satpayevin adı Azərbaycanda yaxşı tanınır. O, 1926-cı ildə Tomsk Texnoloji İnstitutunu dağ-mədən mühəndisi ixtisasını bitirərək bütün bilik və enerjisini Qazaxıstanın metallurgiya sənayesinin inkişafına sərf etmişdir. Onun Böyük Vətən Müharibəsi illərində Sovet İttifaqına zirehli polad istehsalına başlamaq imkanı verən yeni yataqları kəşf etməsi bu sahənin inkişafında xüsusi rol oynamışdır.  Video təqdimat çıxışında Kanış İmantaeviç Satpayevin Qazaxıstan Elmlər Akademiyasının təşkilində və fəaliyyətə başlaması istiqamətində atılan ilk addımlardan danışan dosent Vazeh Əskərov onun akademik, daha sonra isə akademiyanın prezidenti seçilməsi və çox qısa müddətdə Qazaxıstanda elmi-tədqiqat institutlarının açılmasındakı xidmətlərindən bəhs edib.
 
Çıxışı zamanı iki ali təhsil müəssisəsi arasındakı əlaqələrə də toxunan dosent Vazeh Əskərov onu da diqqətə çatdırıb ki, bu əlaqələrdə bütövlükdə təhsil sahəsində ölkələrimizin sıx əməkdaşlığı, xalqlarımızı birləşdirən möhkəm dostluq bağlarını görmək mümkündür. ADNSU-da ilk qazaxıstanlı məzun, sonralar vətənində mühüm vəzifələridə çalışmış Safi Utebaeviç Utebayevin xatirəsinə həsr olunmuş barelyef quraşıdılıb. Bu günlərdə M.Auezov adına Cənubi Qazaxıstan Universitetinin magistrantları və doktorantları ADNSU-da elmi-tədqiqat təcrübəsi keçirlər. Bundan əlavə, bir çox elmi və tədqiqat sahəsində əməkdaşlıq əlaqələrimiz mövcuddur və bundan sonra bu əlaqələrin daha da genişlənməsi üçün hər bir şərait yaradılıb.
 
Sonda dosent Vazeh Əskərov M.Auezov adına Cənubi Qazaxıstan Universitetinin rəhbərliyinə və kollektivinə, o cümlədən  konfrans iştirakçılarına cansağlığı və uğurlar arzu edib. 








Redaktorun seçimi