Akademik Zərifə Əliyevanın işıqlı xatirəsi bu gün də ürəklərdədir

Hit: 188
Akademik Zərifə Əliyevanın işıqlı xatirəsi bu gün də ürəklərdədir

Görkəmli oftalmoloq-alimin anadan olmasının 101 illiyi ilə əlaqədar elmi-praktik konfrans keçirilib

Aprelin 22-də ATU-nun Oftalmologiya kafedrasında akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
 
Əvvəlcə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş “Zərif ömür” filmi nümayiş etdirilib.
 
Bundan sonra kafedranın müdiri, professor Paşa Musayev (Qəlbinur) hər il 28 aprel ərəfəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş silsilə tədbirlərin keçirildiyini vurğulayıb. Bu cür konfransların Oftalmologiya kafedrasında artıq ənənə halını aldığını xatırladan professor bildirib ki, Zərifə xanım dahi şəxsiyyət Heydər Əliyevin ömür-gün yoldaşı olmaqla yanaşı, tibb sahəsində işləyənlər, xüsusilə də oftalmoloqlar üçün çox doğma, unudulmaz bir insandır. O qeyd edib ki, Z.Əliyevanın adı həm də keçmiş SSRİ-də oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk qadın alim kimi oftalmologiya elminin tarixinə düşüb.
 
Kafedra müdiri görkəmli alimin yüksək insani xüsusiyyətləri, təvazökarlığı, xeyirxahlığından da məmnunluqla söz açaraq, onun hər zaman sonsuz hörmət və məhəbbətlə xatırlandığını söyləyib: “Zərifə xanım ilk növbədə görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı və Azərbaycan xalqına İlham Əliyev kimi müzəffər lider bəxş edən ana idi. Eyni zamanda, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə böyük zəhmət sərf edib.
 
Çoxsaylı məqalələri, çıxışları, kitabları, elmi monoqrafiyaları həkimlərin cəmiyyətdə şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfədir. Qürurla deyə bilərik ki, 1985-ci ilin 15 aprelindən ölümsüz həyatı başlanan akademik Zərifə xanım Əliyevanın ardıcılları onun ideyalarını daim yaşadır və uğurla davam etdirirlər. Onun işıqlı xatirəsi bu gün də insanların qəlbindədir”.
 
Daha sonra oftalmologiyanın aktual problemlərinə dair maraqlı məruzələr dinlənilib və müzakirələr aparılıb.








Redaktorun seçimi