Ordubad rayonunda “Elm Parkı”nın təməli qoyulub - FOTOLAR

Hit: 223
Ordubad rayonunda “Elm Parkı”nın təməli qoyulub - FOTOLAR
Ordubad şəhərində rayon rəhbərliyinin, tanınmış elm xadimlərinin,  yerli ictimaiyyət və ziyalıların birgə iştirakı ilə  Naxçıvan Muxtar Respublikasında  ilk dəfə olaraq  Elm parkının əsası qoyulub. Tədbir iştirakçıları ilk olaraq Ümummilli Lider Heydər Əliyevin Ordubad şəhərində yerləşən büstünü ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.   
 
Akademik Rəhim Rəhimovun adını daşıyan küçədə görkəmli tibb xadiminin 100 illiyinə həsr olunmuş mötəbər tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Azərbaycan Milli Elmlər Akademiyasının sədri akademik İsa Həbibbəyli, AMEA Naxçıvan Filialının sədri akademik İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Azərbaycan Tibb Universitetinin kafedra müdiri Çingiz Rəhimov,  AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Naxçıvan Dövlət Universitetinin professoru, tibb elmləri doktoru İsa Abdullayev, Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Naxçıvan  MR Ali Məclisinin deputatı,   əməkdar həkim Telman İbadov, Zərifə Əliyeva adına Azərbaycan Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitunun Böyük elmi işçisi  Nabat Hacıyeva və digər ziyalılar iştirak ediblər. Giriş sözü ilə tədbiri açan  Ordubad Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Rəhimli ölkə miqyasında yüksək zirvələr fəth etmiş, Şöhrət ordenli görkəmli alimin həyat və fəaliyyəti, eləcə də Azərbaycanda tibb elminin inkişafına verdiyi töhfələri qeyd edərək bu tədbirin ümumi mahiyyəti barədə iştirakçıları məlumatlandırıb. İcra Hakimiyyətinin başçısı Ordubad rayonunun hər zaman bir elm mərkəzi kimi seçildiyini, parkın salındığı ərazinin Zəngəzur dəhlizinin ilkin giriş qapısı olaraq xüsusi mövqede yerləşdiyini, gələcəkdə bu dəhlizdən səfər edən daxili və xarici qonaqlarda Elm Parkının ilk təəssürat kimi yaddaşlarda müsbət xarakterizə olunacağını bildirib.  Akademik Rəhim Rəhimovun  parkın yerləşdiyi ərazidə abidəsinin və xatirə berelyefinin qoyulması haqda işlərin getdiyi də iştirakçıların diqqətinə çatdırılıb.  
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli ölkə Prezidenti cənab İlham Əliyevin  “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafa Dair Milli prioritetlər”in təsdiq edilməsi və 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya Naminə Həmrəylik İli” elan olunması ilə əlaqədar sərəncamlarına uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, keyfiyyətli ekoloji mühitin və yaşıl enerji məkanının yaradılması, yaşıllıqların bərpası və artırılması istiqamətində Ordubad rayonunda da mühüm işlərin görüldüyünü qeyd edib, Muxtar Respublikada ilk dəfə olaraq Ordubad rayonunda  Elm parkının təməlinin qoyulmasının xüsusi əhəmiyyətindən bəhs edib. İcra başçısı ilkin mərhələdə təqribən 500-ə qədər həmişəyaşıl və müxtəlif növ meyvə tinglərinin əkiləcəyi bu ərazidə, yaxın zamanda əhalinin bütün təbəqələrinin  marağını təmin edəcək elmyönümlü və digər təyinatlı müxtəlif avadanlıq və qurğuların quraşdırılmasının da nəzərdə tutulduğunu qeyd edib. 
 
Daha sonra digər ziyalılar çıxış edərək görkəmli akademikin həyat yoluna nəzər salmış, onun haqqında xatirələrini bölüşmüşlər. Akademikin qızı, Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitunun Böyük elmi işçisi  Nabat Hacıyeva ailə üzvləri adından təşkil olunan tədbirə, eləcə də göstərilən diqqət və ehtirama görə öz minnətdarlığını bildirib. Tədbirin yekununda iştirakçılar tərəfindən genişmiqyaslı ağacəkmə kampaniyası həyata keçirilib. İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli qonaqlar ilə birgə Zəngəzur dəhlizinin başlanğıc istiqamətlərindən biri olan Kotam kəndində dəhlizin keçəcəyi əraziyə baxış keçirib, perspektiv inkişaf layihələri haqqında fikir mübadiləsi aparılıb.
Səfərin sonunda qonaqlar akademik Rəhim Rəhimovun dünyaya gəldiyi və gələcəkdə “ev muzeyi” kimi istifadəsi nəzərdə tutulan yaşayış yeri ilə tanış olub, alimin həyat yoluna işıq tutan maddi-məişət və digər təyinatlı əşyalarını tanımaq fürsəti əldə ediblər. Dəyərli elm xadimlərinin, ziyalıların Ordubad şəhərinin tarixi küçələri, abidələri ilə tanışlığı onlarda rayon turizmi və mədəniyyəti  haqqında xoş təəssüratlar oyadıb.
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi