Millətin gələcəyini düşünən, onun taleyinə biganə olmayan şəxsiyyət - Zərifə Əliyeva!

Hit: 303
Millətin gələcəyini düşünən, onun taleyinə biganə olmayan şəxsiyyət - Zərifə Əliyeva!
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva haqqında danışarkən Azərbaycan xanımını xarakterizə edən qüdrətli bir qadın obrazı canlanır gözlərimizin önündə. Müasir Azərbaycan qadınına xas ən yüksək keyfiyyətləri özündə əks etdirən, gözəl ailə başçısı, qayğıkeş ana, peşəkar həkim, dünya şöhrətli  alim, cəmiyyətdəki mövqeyi və uğurlu fəaliyyəti ilə sözün əsl mənasında böyük şəxsiyyət olan Zərifə xanım hər zaman sevilməyə və ehtirama layiqdir. Cəmiyyətin hər zaman inandığı belə bir fikir vardır,  qüdrətli liderlərin, dahi şəxsiyətlərin arxasında hər zaman güclü iradəyə malik qadınlar dayanır.
 
Məhz həmin dahilər bu keyfiyyətlərə malik qadınlara arxalanaraq, tarix yazır, zamanın fövqündə duran şəxsiyyətlərə çevrilirlər. Müasir Azərbaycanımızın qurucusu, ölkəmizi parçalanmaq və məhv olmaq təhlükəsindən xilas edən Ulu Öndər Heydər Əliyev kimi liderin arxasında məhz Zərifə xanım Əliyeva kimi qüdrətli bir qadın dura bilərdi. Ümummilli lider Zərifə xanım haqqında danışarkən belə xatırlamışdır: “Zərifə xanım mənə xoşbəxtlik bəxş etmişdi”, “Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini  qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur”. Ulu Öndərin bu sözləri onun ömür-gün yoldaşına olan münasibətinin hansı səviyyədə olmasından xəbər verir.  Son dərəcə mərhəmətli, qayğıkeş, peşəsinin peşəkarı və vurğunu olan Zərifə xanım ömrünün sonuna qədər övladlarının yoluna işıq saçmış, o cümlədən özündən sonra elmin inkişafına xidmət göstərəcək tələbələrinə yol göstərən əbədi bir mayaka çevrilmişdir. Hər bir valideynin ən böyük bəxtəvərliklərindən biri  övladlarının xeyir əməllər sahibi olması, xalq tərəfindən sevilməsi, xalq, millət qarşısında yüksək xidmətləri ilə tanınmasıdır. Bu mənada Zərifə xanımın əziz ruhu bu gün şaddır. Müzəffər Prezidentimiz cənab İlham Əliyevin son iyirmi il ərzində ölkə və xalq qarşısındakı xidmətləri misilsiz və müqayisəedilməzdir. Cənab Prezident Zərifə xanım Əliyeva haqqında danışarkən demişdir: “Azərbaycan alimləri, ziyalıları ölkəmizin, cəmiyyətimizin elitasıdır”.
 
Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sisteminin mahir təşkilatçısı, qurucusu və yaradıcılarından olan Zərifə xanım ömrünün sonunadək xalqın xidmətində olmuşdur. Böyük şəxsiyyət Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə Əliyeva tibb elminə bəxş etdiyi töhfələri, istedadlı alim, həm ziyalı, həm də fəal ictimai xadim olaraq bu müqəddəs ocaqdan gələn ənənəni, vətəninə, millətinə sevgisindən doğan misilsiz fəaliyyəti ilə davam etdirmişdir. Göz xəstəlikləri sahəsində onun əvəzsiz tədqiqatları bu gün də tibb elminin böyük nailiyyətlərindən sayılır. 1 ixtira, 12 səmərələşdirici təklifin, bir sıra dərslik və dərs vəsaitlərinin, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın müəllifi olan Zərifə xanım oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə, görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə bu sahənin ən yüksək dərəcəsinə, M.İ.Averbax adına mükafata layiq görülmüş ilk qadın mütəxəssis olmuşdur. Bəli, akademik Zərifə xanım Əliyeva millətin gələcəyini düşünən, onun taleyinə biganə olmayan şəxsiyyət idi. Xalqımız Zərifə Əliyevanın xatirəsini hər zaman ehtiramla yad edəcəkdir.
 
Şahin Nəhmədov;
Neftçala rayon gənci
 








Redaktorun seçimi