Xalqına və elmə həsr olunmuş nurlu ömür

Hit: 209
Xalqına və elmə həsr olunmuş nurlu ömür
Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Şərur rayonunun Şahtaxtı kəndində anadan olub və öz həyatını səhiyyə elminin inkişafına həsr etmişdir. Mənalı həyat yaşamaq hər insanın taleyinə yazılmır. Elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq saçır və xalqına bitməyən bir xəzinə bəxş edir. Bu dünyaya insanlara nur vermək və xeyirxahlıq missiyasını icra etmək üçün gəlmiş Zərifə xanım Əliyeva da belə seçilmiş insanlardan olmuşdur.
 
Görkəmli oftalmoloq alimi Zərifə xanım Əliyeva XX əsrin ortalarında tibb elmində özünəməxsus inqilabi kəşflərə imza atmışdı. Keçən əsrin 40-cı illərində gözü zədələyən və insanlar üçün ağır nəticələrə səbəb olan traxoma infeksion xəstəliyi Azərbaycanda geniş yayılmışdır. Qeyd olunan xəstəliklə mübarizə təkcə oftalmologiya sahəsində deyil, ümumilikdə Azərbaycan səhiyyəsi üçün mühüm əhəmiyyət kəsb edirdi. Zərifə xanım Əliyeva traxoma xəstəliyinin müalicəsi istiqamətində aparılan profilaktik tədbirlərin təşkilində yaxından iştirak etməklə bərabər traxomanın geniş yayıldığı rayonlara gedərək həkim oftalmoloqlara məruzələr oxuyurdu. Görkəmli alim, oftalmoloq Zərifə xanım Əliyeva 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamış və 1950- ci ildə aspiranturaya daxil olaraq elmi axtarışları davam etdirmişdir. Zərifə xanım Əliyeva 1960-cı ildə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsini almış və təklif etdiyi müalicə metodu bütün respublikada tətbiq edildiyi üçün ölkəmiz traxoma xəstəliyindən xilas olmuşdur. Bununla da Zərifə xanım Azərbaycan elminə və Azərbaycan xalqının sağlamlığının qorunmasına böyük töhfə vermiş oldu. 1960-1967-ci illərdə Zərifə xanım Əliyeva Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışdığı müddətdə 1963-cü ildə SSRİ Ali Attestasiya komissiyası "Oftalmologiya" ixtisası üzrə ona böyük elmi işçi ixtisası vermişdir. 1967-ci ildə isə Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna dosent vəzifəsinə dəvət olunmuşdur.
 
Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. Azərbaycan adlı bir məmləkəti hər cür təqiblərdən qoruyan, bu torpağa qol-qanad verən, onu bütün dünyaya tanıdan bir insanı tək qoyub getdi. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.
 
Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında söyləyirdi ki, “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.
 
Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə xanım Əliyevanın elmdə açdığı işıqlı yol ildən-ilə inkişaf edir və yaratdığı monumental əsərləri, qoyub getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi hal-hazırda da araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir. Oftalmologiya sahəsində öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər öz qiymətini heç zaman itirməyəcək. Zərifə xanım Əliyeva daim qəlblərdə yaşayacaq və tibb sahəsində misilsiz xidmətləri xalqımız tərəfindən heç zaman unudulmayacaq.
 
Milli Məclisin deputatı,
 
Rauf Əliyev








Redaktorun seçimi