Göyçayda gənclər üçün "LevelUP" Karyera Forumu keçirilib - FOTOLAR

Hit: 514
Göyçayda gənclər üçün "LevelUP" Karyera Forumu keçirilib - FOTOLAR
Göyçayda ilk dəfə olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə "LevelUP" adlı Karyera Forumu baş tutub.
 
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova və Dövlət Məşğulluq Agentliyi tabeliyində Göyçay Peşə Hazırlığı Mərkəzinin direktoru Arzu Paşayev çıxış edərək, forumu açıq elan ediblər.
 
İki paneldən ibarət olan forum "Şəxsi inkişaf" və "Karyera və biznes" istiqamətlərini əhatə edib. Forumda moderator qismində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin koordinatoru Coşqun İsmayılov çıxış edib.
 
Forumun I panelində "Gənclərin inkişafı üçün öyrənmənin və yeni imkanların təhlili mərhələləri" mövzusu üzrə panelistlər Göyçay Peşə Hazırlığı Mərkəzinin müdir müavini Əzizağa Atakişiyev, "Region gənclərinin inkişafına dəstək" mövzusu üzrə Göyçay Gənclər Evinin direktoru Fərid Əkbərov, "Könüllülükdən yüksəlişə" mövzusu üzrə Kazım Məmmədov, "Gənclərin peşə hazırlığı və məşğulluq imkanlarının artırılması" üzrə Əziz Əzizov iştirak edib.
 
Forumun II panelində isə "Gənclərin karyera imkanları" mövzusu ilə Göyçay Gənclər və İdman sektorunun müdiri Təranə Nuriyeva, "Yerli bazarlarının təhlili və məşğulluğa dəstək layihəsi" mövzusu ilə Göyçay Peşə Hazırlığı Mərkəzinin böyük mütəxəssisi və Beynəlxalq Əmək Təşkilatının təlimçisi Adilə Əhmədova, "Qadın sahibkarlar üçün imkanlar" mövzusu ilə Göyçay Qadın Resurs Mərkəzinin direktoru Vüsalə Məmmədova, "Maliyyə institutlarının sahibkarlığa dəstəyi" mövzusunda isə "TuranBank" ASC-nin Göyçay filialının əməkdaşı Fərhad İsmayılov çıxış ediblər.
 
Çıxışların sonunda gənclərin sualları spikerlər tərəfindən cavablandırılıb. Forum çərçivəsində təkliflər planı hazırlanıb və planın həyata keçirilməsi istiqamətində tədbirlərin görüləcəyi bildirilib.
Forum Gənclərin İnkişaf və Karyera Mərkəzi, Göyçay Rayon İcra Hakimiyyəti, Dövlət Məşğulluq Agentliyi tabeliyində Göyçay Peşə Hazırlığı Mərkəzinin və Göyçay Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
 
Forumun keçirilməsində məqsəd öz karyerasını qurmaq, inkişaf etmək, habelə sahibkarlıqla məşğul olmaq istəyən gənclərin dövlət və özəl qurumlarla təmaslarının daha operativ təşkil edilməsi, qurumların xidmətlərinin müxtəlif qruplardan olan gənclərə təqdim edilməsi və peşəkar spikerlərin verdikləri faydalı informasiyaların gənclərə çatdırılmasıdır.
 
1
1
1
1
1
1








Redaktorun seçimi