AzTU-nun rektoru Türkiyədə işgüzar səfərdə olub

Hit: 199
AzTU-nun rektoru Türkiyədə işgüzar səfərdə olub
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İzmir, Ankara və Bilecik şəhərlərinin universitet və bir sıra istehslat sahələrində səfərdə olub.
 
Səfərdə həmçinin AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov və “Azəralüminium” MMC-nin Gəncə İstehsalat Kompleksinin direktroru Cəmil Səfərov da iştirak edib.
 
AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində SOCAR-ın Türkiyənin İzmir şəhərindəki istehsalat sahəsində bərpa olunan enerjinin istifadə imkanlarının araşdırılması istiqamətində həyata keçiriləcək layihəsi üzrə Boğaziçi Universiteti və AzTU-nun tərəfdaşı olduğu tədbirdə iştirak edib. 
 
Daha sonra Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun (İYTE) rektoru professor Yusuf Baran və nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində AzTU, İzmir Yüksək Texnologiya İnstitutu və “Azəralüminium” MMC tərəfindən Gəncənin boksit və alunit tullantılarının təkrar emalı və onlardan sənaye təyinatlı müxtəlif məmulatların istehsalı ilə bağlı araşdırmaların nəticələri, bu istiqamətdə görülən işlər müzakirə olunub. Həmçinin indiyədək AzTU, “Azəralüminium” MMC tədqiatçıları və İYTE-nin professoru Mustafa Güdənin birgə rəhbərlik etdikləri tədiqat və praktiki işlər barədə də fikir mübadiləsi aparılıb. Hər iki universitetin rektorları birgə elmi-tədqiqat layəhələri, magistrant və doktorantlara birgə elmi rəhbərlik, maddi-texniki bazalardan və kadr potensiallarından qarşlıqlı istifadə ilə bağlı razılıqlarını bildiriblər. Nümayəndə heyətinin institutun laboratoriyaları, ən müasir cihazlarla təchiz edilmiş Tümləşik Araşdırma Mərkəzi ilə tanışlığı zamanı bu imkanlarından AzTU tədqiqatçılarının istifadəsi barədə razılıq əldə olunub. AzTU ilə sıx əməkdaşlıq edən İYTE-nin professoru Mustafa Güdənin rəhbərliyi ilə qurulmuş müasir laboratoriyalar və burada aparılan tədqiqat işləri ilə də tanışlıq olub.
 
Səfər çərçivəsində qonaqlar İzmirin Torbalı sənaye zonasında müxtəlif qida tullantılarının təkrar emalından məhsul istehsal edən “Ilgınlar” şirkətinin istehsalat fabriki ilə tanış olub, bu istiqamətdə Azərbaycanda fəaliyyətlərin qurulması imkanları müzkirə edilib.
 
Nümayəndə heyətinin Bilecik şəhərində yerləşən “Chemical Kimya Sənaye və Ticarət A.Ş.” şirkətinə səfəri zamanı Gəncə şəhərində mövcud olan boksit və alunit tullantılarının təkrar emalı və onlardan sənaye təyinatlı müxtəlif məmulatların, o cümlədən keramika sahəsində istifadə edilən boya istehsalı istiqamətində araşdırmaların nəticələri ilə tanışlıq olub. Həmçinin tədqiqatların nəticələri, gələcəkdə görüləcək işlər və Azərbaycanda bu məhsulların alınma texnologiyalarının qurulması üçün imkanlar müzakirə edilib.
 
Nümayəndə heyəti eyni zamanda Ankara şəhərində “TMC Powder Metal” metallurgiya şirkətinə də səfər edib, müxtəlif tərkibli metal və ərintilərin ovuntularının (tozlarının) istehsal texnologiyası ilə tanış olublar. Azərbaycanda tədqiqat və istehsalat sahələrinin belə elmtutumlu texnologiyalarla təmin olunması üçün müəssisənin imkanlarından istifadə olunması vurğulanıb.
 
Səfər çərçivəsində Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) baş direktoru professor Temel Kotillə də görüş keçirilib. Görüşdə TUSAŞ-ın Mühəndis Gəlişdirmə Proqramı (MGP) əsasında AzTU, Milli Aviasiya Akademiyası (MAA) ilə birgə həyata keçirdiyi proqram, onun yekunları və proqramın davamı üçün görüləcək işlər müzakirə edilib. 








Redaktorun seçimi