Cəbrayıl - Vətən Müharibəsində azad edilən ilk rayonumuzdur!

Hit: 975
Cəbrayıl - Vətən Müharibəsində azad edilən ilk rayonumuzdur!
Artıq keçmişdə qalmış “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”nin ədalətli həlli məsələsində beynəlxalq birliyin uzun illər susduğu və məsələnin sülh yolu ilə həllini faktiki olaraq mümkünsüz etdikləri bəllidir. 30 ilə yaxın müddətdə xalqımız dünyanın ən yüksək beynəlxalq orqanı olan BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinin yerinə yetirilməsi üçün əməli işlər görəcəyinə ümid edirdi. Üç onillik boyunca Azərbaycan Respublikası sülh arayışlarında, beynəlxalq səviyyəli danışıqlarda konstruktiv mövqedən çıxış edib, bunun qarşılığında işğalçının tamahı daha da böyüyüb.
 
Bu nadürüst gedişatın qarşısını Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin mühüm hərbi-siyasi addımları, tarixi qərarları aldı. 27 sentyabr 2020-ci il tarixində düşmənin növbəti təxribatını dəf etmək və təcavüzə son qoymaq üçün Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu əks-hücuma keçərək uzun illər davam edən işğala 44 gün ərzində son qoydu. Dövlət-xalq birliyindən güc alan qəhrəman ordumuz işğalda olan torpaqlarımızı azad etməklə, xalqımıza qürur yaşatdı, haqq-ədaləti bərpa etdi. 44 günlük Vətən Müharibəsində işğaldan azad edilən ilk rayon mərkəzi məhz Cəbrayıl oldu. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir!. Vətən Müharibəsi zamanı Azərbaycan Ordusu 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Bu qələbə ilə üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Cəbrayılın işğaldan azad edilməsi uğrunda böyük şücaət göstərən qəhrəmanlarımız üçün cənab Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalını təsis edib. Qəhrəmanlıq və şücaət təcəssümü olan dövlət təltifi bu günədək Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusuna verilib. Vətən Müharibəsi başa çatandan az sonra – 2020-ci il noyabr ayının 16-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını əbədiyyən ucaltı. Hər kəsə bəllidir ki, qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandanın bu körpüdə Azərbaycan bayrağını ucaltması böyük tarixi, siyasi önəm daşıyırdı. Çünki Xudafərin xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxıb. 
 
Xudafərin bizim üçün milli qürur məsələsidir. İndi qarışda duran ən vacib və mühüm vəzifə Vətən Müharibəsində əldə etdiyimiz qələbəni qorumaq, düşmən tapdağından azad olunmuş ərazilərimizi qurub-tikmək və insanların tez bir zamanda doğma torpaqlarına qayıtmasını təmin etməkdir. Hazırda Cəbrayıl ərazisində minatəmizləmə əməliyyatları ilə paralel quruculuq işləri aparılır. Vətən Müharibəsi vaxtı olduğu kimi postmüharibə dönəmində də xalqımız öz tarixinin şərəfli, qürurlu bir sözlə, unudulmaz günlərini yaşayır. Doğma torpaqlarımıza qayıdış xalqımızın şərəf tarixinin qızıl səhifələrindəndir. Bizim tariximizdə bir çox şərəfli anlar, hadisələr, qələbələr olub. Onların hamısı bizimçün əzizdir, doğmadır. 
 
Əfsanə Abdullazadə
Neftçala rayon gənci, ictimai fəal

 









Redaktorun seçimi