Azərbaycan Xalq Cümhuriyyəti dövrünün bir izi

Hit: 565
Azərbaycan Xalq Cümhuriyyəti dövrünün bir izi

Nəsib bəy Yusifbəyovun nəvəsi İzmirdə






İllər əvvəl Türkiyədə bir konferansa qatılmalı oldum. Aşağıda aydınlıq gətirəcəyim kimi, məncə həyatım boyu Türkiyədə qazandığım ən mükəmməl bir xatirə varsa, o da Azərbaycan Cümhuriyyətinin qurucularından olan Nəsib bəy Yusifbəylinin İzmirdə izinə raslamaq və onun doğmalrı ilə tanış olub söhbətləşə bilmək fürsətiydi.
**
İzmirdə Ege Universitetində ədəbiyyatşünas dostum Nazim Muradovu və türk dünyasının dəyərli ziyalısı, bu universitetin Türk dünyası bölüm başqanı sevimli Yavuz Akpınar xocanı ziyarət edirəm. Universitet imtahanlar ərəfəsindədir. Türk dünyasından gələn aspirant tələbələr Nazim bəylə Yavuz xocanı dinc buraxmırlar. Onu da deyim ki, hazırda Türkiyəədə müəllim işləyən, Elnur Paşa da (o zamanlar tələ idi:-x.t.) bizimlə birgə bu görüşə getmişdi. O görüşdən geriyə qalan şəkilləri isə Elnur Paşa çəkmişdi.
**
Nazim bəy mənə Nəsib bəy Yusifbəylinin nəvəsinin İzmirdə olduğunu söyləyir. İsrarla görüşdürməyini xahiş edirəm. Elnur Paşa, mən, Nazim bəy iyunun 17-də gəzə-gəzə gəlib üzərinə “YUSİF BƏY ƏCZAHANƏSI” yazılmış bir “Aptek”in önündə dayanırıq. Fotomakinanı işə salıb “Apteka”nı çəkirəm. Önəmlisi olan üzərində yazılan “Yusif bəy” adı hədsiz marağıma səbəb olur. Bir azdan içəridən çıxıb keçmişdə qalmış bir tarixi həyatı öz həyatımıza qatıb söhbətə başlayırıq.
Azərbaycan Cümhuriyyətinin ilk qurucularından və nazirlərindən birini - Nəsib bəy Yusifbəyovun nəvəsi, türk dünyasının böyük öndəri Qaspıralının qızının nəvəsi Yusif Akçuraya şəcərəsi uzanan Yusif bəy Nəsibbəyli danışdıqca içimizdə qəhərimizi boğa bilmirik.

Nazim: -Nəsib bəyə atası haqda - Niyazi bəyin haqqında Qaspıralının məktubları var. Şəfiqə xanım gəlir evə, (Nəsib bəyin həyat yoldaşı) ancaq uşaqları Krımdadır. Məktubunda babası yazır ki, Niyazi bəy çox yaramazlıq yapır. Hərdən mənim otağıma gəlir hər şeyi alt-üst edir. Bunu Qaspıralı deyir. Hətta, deyir, otaqdan qovana qədər yaxamdan əl çəkmir. Bir də balaca Zöhrə var, Niyazi bəyin (kiçik) bacısı.
Çox maraqlı bir həyat hekayələri var. Hər kəsin heyran qalacağı bir ailə.
 
-    Bir tərəfdə Yusif Akçura, bir tərəfdən Qaspıralı, bir tərəfdə də Nəsib bəy Yusifbəyli var. Oxucuları məlumatlandıra bilərsinizmi?

- Kırımda Qaspıralının “Tərcüman” qəzeti çıxardığı məlumdur. Nəsib bəy Yusifbəyli Gəncədən Qaspıralının heyranlarından biridir. Milliyətçidir. Sonra tanış olurlar. Ancaq Şəfiqə xanımla necə tanış olduqları haqda mənim məlumatım yoxdur. Şəfiqə xanım da çox modern qadın, həm də “Aləmi Rüsvan” , yəni “Tərcüman” əlavəsini çıxaran qadındır. Rusiyadakı qadın hərəkatının öncüsü olan biridir. Məncə, Qaspıralı Zöhrə xanımla necə evlənmişsə, Nəsib bəy də Şəfiqə xanımla o cür evlənib. Bir-birinə könüllərini qapdırmışlar. Nəsib bəy hətta “Azərbaycan ədəbiyyatı tarixi” adlı çalışmalar da hazırlayıb.
- Onların neçə uşaqları olub?
Nazim: -Biri Niyazi bəydir.
Yusif bəy: -Xalam Zöhrə xanımdır. Xalamın üç oğlu vardır.
-    Qaspıralıdan bu yana şəcərə olaraq davam edə bilərikmi?
Yusif bəy: - Qaspıralının qızı Şəfiqə xanımdır. Mən Şəfiqə xanımın nəvəsiyəm. Oğlunun adı Niyazi, qızınının adı Zöhrədir. Onlar 1900… neçədə isə, tam söyləyə bilmirəm, buralara gəliblər.
-    1918-1919-cu illərdə ola bilərmi?
Yusif bəy: -Deyəsən o illərdir. Rus inqilabından sonra gəliblər.
-    Atanız nə işlə məşğul olurdu?
Yusif bəy: - Atam Xarici İşlər Nazriliyində işləyib. Eyni zamanda idman üzrə vəzifələndirilmişdir. Niyazi Kürdəmirli...
-    Kürdəmir nə deməkdir? (Yusif bəyin xanımı soruşur)
Y: -Azərbaycanda bir şəhərin adıdır. Sonra Kür adlı bir çay da var.
N: - Babanızın öldürüldüyü yer də Kürdəmirdir. Bir də Zərifə Kürdəmirli var İstanbulda. O da Topçubaşovun nəvəsidir. Həsən bəy Zərdabinin qızı. Onun xanımı da Qaraçay türklərindəndir. H.Zərdabi qəzetdə  bir tələbə siyahısına rast gəlir ki, onların arasında bir nəfər türk - müsəlman qızı da olur. Bakıdan qalxıb gedib o qızla tanış olur və evlənirlər. Özü də Qaraçay - Bolqar türklərindəndir. Həsən bəy Zərdabi, Qaspıralının, Əlimərdan bəy Topçubaşovun tarixi bir rəsmləri var. Demək istəyirəm, Zərifə Kürdəmirli ilə, bu soyadla əlaqəniz varmı, ya yoxmu?
Y: - Kür Azərbaycanda bir çay olduğu üçün atam xüsusi olaraq soyad götürüb. Bura gəldikləri zaman Qaspıralı soyadı ilə gəliblər. Sonra Kürdəmirli deyə qəbul edirlər. Səbəbi nədir, niyə belədir, bir şey bilmirəm. Atam atasını sevirdi. Azərbaycanda öldürüldüyünü də bilirdi.
N: - 1921-ci ildə ermənilər tərəfindən öldürülür.
-    Siz bu məlumatları kimdən aldınız?
Y: - ən çox nənəm danışardı.
-    Keçmişdən, soyunuzdan danışdığı vaxt hansı halda olardı?
Y: - O qadın həqiqətən yetişmiş bir qadın olub. Yəni dünya qadın hərəkatının öncüllərindən biri idi.
-    Neçə il yaşadı?
Y: - 80 -ə yaxın.
-    Türkiyəyə gəldikdən sonra heç evlənmədimi?
Y: - Xeyr! Burda da Azərbaycan və Kırım dərnəklərinə gedərdi.
-    Siz neçə qardaş bacısınız?
Y: -Bir bacım da var. Ankarada yaşayır. Şahiqa Kürdəmirli.
-    Siz hansı universiteti bitirdiniz?
Y:- Ankarada İqtisadi və Ticarət Akademiyasını bitirmişəm.
-    İndi nə işlə məşğulsunuz?
Y: - Təqaüdçüyəm. Həyat yoldaşımla birlikdəyəm.
-    Bəs bu uzun illər boyunca bu məsələlərlə maraqlanan, sizləri danışdıran oldumu? Ən azından özünüz araşdırma yapa bilərdiniz.
 Y: - Bu işlə Maral Qaspıralı bir az maraqlandı.
-    O kimin qızı idi?
Y: - Heydər bəyin qızı idi. Təəssüflər ki, o da vəfat edib. Sonra mənim xalauşaqlarım da bu işlərlə maraqlanırdılar. Oğuz, Dəniz, Səlcuq, Surə heç maraqlana bilmədi. O, Almaniyada yaşayır. Oğuz da Almaniyadadır. Dəniz də heç maraqlanmadı. Yalnız Səlcuq bir az can yandırdı. O da vəfat etdi.
-    Neçə yaşında, harda?
Y: -78 yaşında. O da İstanbulda yaşayırdı. Xalam da Şəfiqə xanımla birgə İstanbulda yaşayırdılar.
-    Yusif bəy, bu nəslin, soyun, kökün içindən Turan idealına sahib çıxan bir adam, bir ad varmı? Heç bu anlayışa,davaya könül verən, heç olmasa bir türk kimi o keçmişi, o inananları araşdıran birisi çıxmadımı?
Y: -Olmadı,olmadı, olmadı...
-    Sizin uşaqlarınız varmı?
Y: -Xeyr. Bacım da evlidir. Onların da uşaqları yoxdur.
-    İndiyə qədər sizi axtaranlar, sizinlə maraqlananlar olubmu?
Y: -Xeyr. Nəsib bəyin Gəncədə evi var. O əvvəlcə muzey olub. İndi isə əqrabalarımıza veriblər.  Qohumlarımız çox maraqlanırlar bizimlə. Bir-iki dəfə zəng ediblər.  Gözləyirlər ki, durub ora - Gəncəyə gedək.
-    Nə düşünürsünüz? Bu qədər hadisələr olub, bu qədər dəyərli insanlar yaşayıb gedib...
Y: -Hər şeyi yenidən canlandırmaq lazımdır. Zöhrə xanımın evində bəzi əşyalar, sənədlər var idi. Onlar da itdi, yoxa çıxdı. Beləcə bir- iki dostun çalışmaları qaldı ortada.
-    Azərbaycana heç getmədinizmi?
Y: -Getmədim.
-    Getmək barədə heç düşünürsünüzmü?
Y: - Mütləq gedəcəm.
-    Dədə-baba torpaqlarına gedib oraların havasını udub, insanları ilə tanış olmaq, ünsiyyətə girmək sizə əvəzsiz duyğular yaşadar..
Y: -Sizinlə görüşüb tanış olmağıma çox şad oldum. Harada yaşayırsınız?
-    Bakı şəhərində.
N: - Nəsib bəy Yusifbəylinin məzarı bildiyimə görə Gəncədədir. Onu ermənilər Kürdəmirdə öldürüblər. Ancaq atası da çox məhşur adam olub. Sizin babanız sayılır. Onlar bəy ailəsində, zəngin bir ailədə yetişiblər. Məncə, Rəfibəylilərlə də yaxın olublar.
-    Gəncəli isə, qohum da ola bilərlər.
N: -Şəfiqə xanıma onun ölümünü gec söyləyiblər. Nəsibbəylini öldürüblər. Şəfiqə xanımı İstanbula gətirirlər, ancaq ölüm məsələsini Şəfiqə xanıma demirlər. O, həyat yoldaşına çox bağlı olub. Yoldaşı ona çox narahatlıqlar yaşatmasına baxmayaraq, yenə də ona sadiq qalıb.
-    20 -22 yaşlı xanım həyat yoldaşını itirir, ancaq 75-80 yaşına qədər yaşayır, əsl türk qadını olaraq heç evlənmir.
Y: - Nəsib bəyin məzarını  görmüsünüzmü?
-    Mən görmədim.
N: - Mən də. Ancaq Gəncədə olmalıdır.
Y: - Oralara getmədiyimdən mən də heç görmədim. Yusif bəy sülaləsinin o tərəfindən də heç bir məlumatım yoxdur. Şəfiqə xanımgil Trabzona gəliblər. Trabzondan İstanbula gedərkən, Nəsib bəyin vəfatını həyat yoldaşına söyləyiblər. Ortada çox qarışıq hadisələr var. Ermənilərin öldürdüyü haqda çox danışırlar.
N: - Maşın qəzasında öldürülüb.
Y: - Hər halda, qaçmayıb.
N: - Şəfiqə xanım Gəncədən çıxıb Kırıma, Bağçasaraya gedir. 1915-ci ildə Qaspıralının cənazə törənində Nəsib bəylə barışırlar.
-    Şəfiqə xanım - nənəniz Qaspıralı haqqında bir şey söyləyirdimi? Nəsə hər hansı bir detal, epizod, xatirə danışıbmı sizə?
Y: - Hər vaxt böyük bir elm adamından, turan fikir aləmində hansı səylə gecə - gündüz işləməyindən, mübarizə apardığından danışardı. Ailəsi, həyat yoldaşı ilə bağlı heç bir xatirə danışmazdı. Yalnız Qaspıralının turan fikir aləmi içərisində necə mücadilə apardığından danışardı.
-    Türk belə olub da. Ərindən, arvadından heç vaxt danışmaz. Həmişə dədə - babasından danışar. Bu, bir etnosun, sadəcə, yazılmamış qanunlarından bir dənəsidir.  Sovet ideologiyası bizə yazarlar vasitəsilə nənələrdən danışmağı da öyrətdi. Bu xarakter bizim yazarlara rus yazarlarından keçdi.
Y: - Necə qəzet çıxardığını, qəzet çıxarmaq üçün nə cür çırpındığını, İstanbula gəldiyini, Orta Doğuya (Yaxın Şərqə) getdiyini, oralarda türk milləti adına nələr etdiyindən danışırdı.
-    Başlarından keçən hər hansı bir hadisəni danışmadımı?
Y: -Xeyr.
-    Bəs Nəsib bəydən necə?
Y: - Ondan da eləcə. Babam haqqında çox təkidlə sorular sorurdum. Ermənilərin babamla bağlı çox qarışıq sözləri - söhbətlərindən danışardı. Atam bu hadisə ilə əlaqədar bizə heç nə demədi. Xalamın ərinin də adı Mirzə Göygöl olub. O da oralı idi. Onun qardaşı Çingiz Göygöldür.  Bunların hamsı vəfat etdi. Çingiz bəyin yanına sovetlər dönəmində üç xanım gəldi. O zamanlar mənim də onlarla söhbət etmək imkanım oldu. Yanlarında da bir pilot vardı. Necə Türkiyəyə gəlmişdilər anlaya bilmədik.  Necə icazə almışdılar. Əvvəlcə Qarsa gəliblər. Orada çox çətinlik çəkiblər. Sorğu- suala tutublar. Təyyarə ilə gələ bilmirdilər, onda avtobuslamı, nə iləsə birtəhər keçiblər Türkiyəyə. Mən o zaman dedim necədi vəziyyət? Onlar da dedi ki, Nəsib bəyin Gəncədə evi var. Bu adam baş nazir olub. Bir çox sənədləri də son illərə qədər qalırmış. Olsun Qaspıralı. Ən azından  “Tərcüman” kimi bir qəzet çıxarıb. Bunların çox zəngin bir keçmişi olub.  Keçmişləri ilə əlaqəli heç olmazsa, xatirələri, sənədləri olmalı idi.  O qadın ağıllı qadına oxşayırdı. Rəhmətə gedib. Dedi ki, Gəncəyə getsəniz, babanıza məxsus 1-2 əşya, 1-2 sənəd tapa  bilərsiniz. Bu adam o vaxt dövlətin adından nə qədər qərarlar verib. Mənim babam balaca adam olmayıb axı.
N: - Çingiz Cüvarlı akademik, Toğrul Cüvarlı Nəsib bəy Yusifbəylinin bacısı uşaqlarıdır. Yəni, sizin atanız Niyazi bəyin bibisi uşaqlarıdır. Nəsib bəy onların dayısıdır. Onlar hələ də yaşayırlar.
Y: - İndi onlar haradadırlar?
N: - Hazırda Azərbaycanda, Gəncədə ya da ki,  Bakıda yaşayırlar. Onlar Azərbaycanda məhşur elm adamlarıdır.
Y: - Çox maraqlanıram. O zamanlar bir çox hadisələr baş verib. Osmanlının son zamanlarına təsadüf edir. Nəsib bəy də Azərbaycan Cümhuriyyəti dönəmində bir çox həyati dərəcədə önəmli olan qərarlara imza atmış adamdır. Ola bilməz ki, bunlar yazılıb - çizilməsin.
N: - Bunların hamısı var. Nəsiman Yaqublu, Cəmil Həsənli bir qismini çap etdirdilər.
Y: - O qadın o vaxt mənə dedi ki, ruslar heç vaxt bu cür tarixi sənədləri, reallıqları cırmaz, yox etməzlər. Mükəmməl şəkildə qoruyub saxlayırlar.
-    Onların hamısı durur. Yavaş-yavaş gün işığına çıxarırlar.
Y: - Bir “Tərcüman” qəzetinə belə sahib çıxa bilməmişik.
-    Nazim bəygil İzmir Universiteti olaraq Yavuz Akpınarın səyi, qeyrəti, təşəbbüsü ilə mikro sxemlər şəklində “Tərcüman”ın saylarını Amerikadan alıb gətiriblər. Yavuz Xoca onları mənə göstərəndə həyəcandan az qaldım ağlayam. Axı bu necə olur? Hər şeyimiz Amerikadan, Avropadan çıxır. ...
Y: -Mən onların Amerikaya aparıldığını öyrənmişdim.
-    Nazim bəy “Tərcüman”ın təxminən bütün saylarını oxuyub.
N: -“Tərcüman”ın 13 min sayısı çıxıb. 1883-cü ildə aprelin 10-da ilk sayısı çap olunub. Qaspıralının bundan əvvəl də çıxardığı qəzetlər var. “Tonquç” (qaranquş deməkdir), “Şafaq”, “Ziya” (bunu Lütfizadə qardaşları çıxarıblar). Qaspıralı hər vaxt yazıb bunu: bizim qəzet redaktorlarının şeyxi  Həsən bəy Zərdabidir. “Tərcüman”ı düz 35 il dayanmadan çıxarıb. Bütün hərəkətləri planlı olub. 1867-ci ildə Voronejdən, hərbi məktəbdən qovulur. Səbəbi isə yunanlara qarşı Giritdə savaşmaqdır. Girit də türklərin əlində olub. Odessada Mustafa adlı dostu ilə İstanbula gəlmək üçün gəmiyə minərkən tutulurlar. Sonra hərbi məktəbdən atırlar. Sonra Fransaya gedir. Turgenyevin katibliyini edir. Məşhur Kaçkov olub, onların ailəsinə gedib - gəlir. Kaçkov rus milliyətçisidir, ondan milliyətçiliyi öyrənərək rus milliyətçiliyinə tətbiq edir.1882-ci ildə İstanbula gəlir. Orada dayısı yaşayırdı. Istanbulu da çox mükəmməl tanıyıb öyrənir.
 Bir ara Bağçasarayda bələdiyyə başqanlığına keçir. İlk “Üsulu-cədid” məktəbini açır. Türküstanın hər tərəfindən müəllimllər gəlib. Bağçasarayda “Üsulu-cədid” məktəbi bir dənə isə, 1905-də isə 10 min dənədir. Bu məktəblər türk dünyasının hər yerinə yayılır. Bu adam modernləşmənin atasıdır.
-    Nazim bəy, “Tərcüman”ın çıxmasından, maddi tərəfindən danışmağını istərdim. Bildiyim qədərincə həyat yoldaşının bu istiqamətdə böyük cəhdləri olub.
N: - Həyat yoldaşı Akçura ailəsindən Zöhrə xanım Qasprinskaya bütün sərvətini “Tərcüman” qəzetinin çıxmasına xərcləyir. Məncə,  Zöhrə xanım olmadan Qaspıralı bu işləri görə bilməzdi. Qaspıralı modern insandır. O qədər də qapalı deyil. Ticarəti gözəl bilir. Bir ara neft şirkəti də qurur.
-    “Tərcüman”ın ilk çıxdığı türkcə ilə son çıxdığı türkcə arasında fərq çoxmu?
N: - Qaspıralı 1881-ci ildə “Rusiya müsəlmanları” adlı əsərini rusca yazır. “Tavrida” qəzetində də çap etdirir. Bu qəzet Krımlı karaim türkləri tərəfindən çap olunurdu. Sonralar “Tərcüman”da türkcə ilə yazır. Getdikcə əsərlərinin dili mükəmməlləşir. Hər şeyə rəğmən Qaspıralı “dildə, fikirdə, işdə birlik” ideyasını əvvəlcədən planlaşdırmışdır.
-    Bildiyimə görə, xeyriyyə cəmiyyətləri və vəqflər qurur. Bunlarsız da qəzet çıxara bilməzdi. Qaspıralı məsələyə bütün yönlərindən yanaşıb.
N: - Həm ziyalı, həm də iş adamıdır. Krımda “Georgi” şirkətinin sahibidir. Şirkətin bütün sənədləri onun adına yazılıb. Bolşeviklərin gəlməsi işlərini pozur.
Y: - Hətta, Bakıdakı neftdə də haqqı olub.
-    Onu bilmirəm.
Y: - Ancaq Osmanlı ilə keçinib, bu barədə bir şey öyrənmək istərdim.
N: - İstanbula çox gəlib. Burda çox önəmli olan dostları yaşayıb. Sultan Abdul Hamidə möhtəşəm sayqısı olub. “Gənc Türklər”lə əlaqəsi olmasına baxmayaraq, onların radikal addımlarına qarşı gəlib. “Gənc Türklər” onun millət vəkilliyinə namizədliyini irəli sürsələr də, bu istəyi rədd edir.
-    Atanız, babanız da sizin kimi belə ucaboy olubmu?
Y: - Xeyr. Atam mənim kimi deyil.
-    Nazim bəy, necə oldu ki, Yusif bəyi aradınız?
N: -Tofiq Abdinin bir yazısında İstanbuldakı azərbaycanlılardan bəhs edir. Orda Əli bəy Topçubaşovun nəvəsi, Həsən bəy Zərdabinin nəticəsi, Zərifə Kürdəmirlidən danışır. Mən Tofiq bəyə yazdım ki, onlardan sizdə telefon nömrəsi olan varsa, mənə göndərsin. O da hamısının nömrəsini bir siyahıda mənə göndərdi. Mən də bu siyahını Yavuz Akpınar xocaya verdim. O İstanbula getdi, mən gedə bilmədim. Zərifə xanımla görüşüb. Nəsib bəyi bir dəfə televizorda gördüm. İnternetə girib İzmir türk telekomdan telefon nömrəsini aldım. Bir neçə dəfə özü ilə telefonda danışmışıq. Sizin gəlişiniz görüşməyimizə vəsilə oldu. Demək görüşmək bu gün bizə qismət imiş.
Y: -Siz nə yaxşı belə işlərlə məşğulsunuz?
-    Bilmirəm, bu yöndə biraz xəstəliyim var.
Y: - Hə, onu da söyləyim. İstanbulda “Tərcüman” adlı qəzetin yazarı Nazlı İlqas balaca bir məqalə yazmışdı bizimlə bağlı.
N: - Onların çıxardığı “Tərcüman” ayrıdır.
Y: - Xeyr, adını ordan alıblar.
N: - Əhməd Nicat əfəndinin çıxardığı “Tərcümani-həqiqət” var. Amma Qaspıralının çıxardığı qəzet “Tərcümani-əhvali zaman”dır. Zamanın və olayların tərcümanı. “Tərcüman” sözü həm də klavuz, yol göstərən, rəhbər deməkdir. Sadəcə ruslardakı “perevotçik” deyil. Perevotçik türkcədə mütərcim deməkdir. Ancaq “Tərcüman”ın türkcəsi mütərcim qarşılığını vermir.
-    Ədəbiyyat aləmində o qəzetdə nələr var.
N: -Məsələn, Azərbaycan ədəbiyyatından Seyid Əzim Şirvaninin əsərlərini çap ediblər. Məhəmməd Hadinin şeirlərini yayımlayıblar. Başqa türk xalqlarının ədəbiyyatında da o dönəmin yazarlarına yer ayırıblar. “Tərcüman” qəzetini hazırlayırıq. 10 cilddə kitab şəklində təqdim etməyi düşünürük. 1906-cı ilə qədər qəzet həm rusca, həm də türkcə çıxırdı. 1906-cı ildən sonra sadəcə türkcə çıxarılır. Onun ruscası, türkcəsi çox mükəmməldir. Ehtiyac olduğunda rusca da məqalələr çap etdiriblər.
Y: - Atam da rusca, fransızca çox mükəmməl bilərdi. Kiril əlifbasında yazıb oxuyurdu. Bağçasarayda, Krımda, Gəncədə nə qədər öyrənə bilərdi ki. Balaca uşaq olublar. Şəifqə xanım uşaqlarına elm öyrətməyi davam etdirərək, rusca, kirilcə öyrətmiş, hətta rus ədəbiyyatını da oxutmağı gözardı etməmişdir. Evimizdə bütün rus klassiklərinin rusca kitabları var idi.
-    Atanız Niyazi bəy nə vaxt rəhmətə getdi?
Y: - 1963-cü ildə. 57 yaşı olardı.
N: - Demək xalanızdan 10 il qabaq.
Y: - Bir ara Qaspıralıgil Kırımda, Azərbaycanda pul çıxartmağı düşünüblər. Onların bu işinin axırından xəbərim yoxdur. Bu adamlar başladıqları işi heç vaxt yarıda qoymazdılar.
N: - Bir ara küssələr də 1914-cü ildə Qaspıralının dəfnində Nəsib bəy Yusifbəyov Qaspıralının məzarının başındadır. Demək ki, barışıblar. Bu rəsm durur.
-    Yusif bəy, sizin xoşbəxtliyiniz odur ki, siz türk dövrünün ən mükəmməl zamanında, ən mükəmməl insanlarının qohumluğundan dünyaya gəlmisiniz. Bunun fərqindəmisiniz?
Y: - Mən bu hissləri həmişə yaşayıram.

Söhbəti qələmə aldı : Xanəmir Telmanoğlu
2006-ci il. Izmir.









Redaktorun seçimi