27 sentyabr 2020-ci il - Qürur və ehtiramla anılan gün!

Hit: 1743
27 sentyabr 2020-ci il - Qürur və ehtiramla anılan gün!
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi Azərbaycan tarixinə bizim şanlı zəfərimiz kimi yazıldı. Müzəffər Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayo­nun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi.
 
Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi.
 
Lakin müharibələr itkisiz də olmur. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid oldu, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirdi. Bununla yanaşı ədliyyə və məhkəmə orqanlarının 100-dək əməkdaşı hərbi əməliyyatlarda, o cümlədən könüllü kimi iştirak etmişlər. Xidməti fəaliyyəti dövründə zəhmətsevərliyi, davranışı ilə kollektivin rəğbətini qazanan Ruhin Xəlilov Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanıb. Torpaqlarımızın azad olunması uğrunda aparılan müharibədə fədakarcasına iştirak edən Ruhin Xəlilov Füzuli Cəbrayıl və Qubadlı uğrunda döyüşlərdə iştirak edib və bir çox uğurlu tapşırıqların icrasında şücaəti ilə seçilib. Ruhin Xəlilovun son döyüşü isə Qubadlı rayonu ətrafında olub. Mərdlik və şücaət göstərərək qəhrəmancasına vuruşan Ruhin oktyabrın 21-də şəhidlik zirvəsinə ucalıb. Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Həmçinin ədliyyə orqanlarında xidməti vəzifələrini layiqincə və vicdanla yerinə yetirdiyinə, habelə əsl vətəndaşlıq nümunəsi və fədakarlıq göstərdiyinə görə Ruhin Xəlilova ölümündən sonra “Fəxri ədliyyə işçisi” adı verilib.
 
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
 
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı Vətən müharibəsinin başa çatması ilə bağlı xalq müraciətində bu barədə deyib: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.
 
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir
 
Silahlı qüvvələrin modernləşdirilməsi ölkə başçısının dövlət siyasətinin strateji istiqamətlərindən biridir.  Son illərdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti sayəsində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının, silah-sursat arsenalının müasirləşdirilməsi istiqamətində çox mühüm və tarixi işlər görülüb. Ölkəmizdə istehsal olunan bir çox hərbi təyinatlı məhsullar da ordumuzun potensialının güclənməsinə xidmət edən amillərdəndir. Müdafiə Sənayesi Nazirliyinin istehsal sahələrində 400-dən çox müdafiə təyinatlı məhsulların istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindəndir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır.
 
Sonda isə bir daha xatırlatmaq istərdim ki, Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Bu gün Qarabağa həyat qayıdır, dağıdılmış evlər məscidlər yenidən tikilir, kənd və qəsəbələrin eləcə də şəhərlərin yeni proyektləri hazırlanır. Bu gün Azərbaycan vətəndaşı xoşbəxtdir ki, onun torpaqları düşmən tapdağından azad edilib.
 
Allah şəhidlərimizə rəhmət eləsin !
 
Nərmin Qoşqarova,
 
Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsi
Kitabxana müdiri, 
kiçik ədliyyə müşaviri.








Redaktorun seçimi