BDU-nun alimləri antifungal təsirə malik yeni birləşmə hazırlayıblar

Hit: 597
BDU-nun alimləri antifungal təsirə malik yeni birləşmə hazırlayıblar
Bakı Dövlət Universitetinin (BDU) Sənaye kimyası və Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyalarının əməkdaşları Ələkbər Hüseynzadə, Hacı Vahid Axundzadə, Ülviyyə Həsənova və Qönçə Eyvazovanın “Salisilaldehidi əsasında sintez olunmuş dihidropirimidinlərin kristal quruluşu, Hirşfeld səth analizi, "in silico" və antifungal tədqiqatları” adlı məqaləsi “Web of Science” bazasında Q3 kvartil kateqoriyalı jurnallar siyahısına daxil olan “Journal of Iranian Chemical Society” jurnalında dərc olunub.
 
https://link.springer.com/article/10.1007/s13738-022-02659-9
 
Məqalə salisilaldehidi törəmələri əsasında Bijinelli reaksiyası şəraitində sintez olunmuş dihidropirimidininlərin quruluşu və bioloji aktivliklərinin tədqiqinə həsr olunub. Birləşmələrin quruluşu nüvə maqnit rezonans və kütlə-spektroskopiya üsulları ilə tədqiq edilib. Alınmış monokristal birləşmələrin rentgen şüalarının difraksiyası üsulu və Hirşfeld səth analizi metodları ilə tədqiqi əsasında kristal quruluşda müxtəlif qeyri-kovalent əlaqələrin mövcudluğu müəyyənləşib. Bioloji aktiv birləşmə Candida albicans və Aspergillus niger göbələk növlərinə qarşı tədqiq edilib və müsbət nəticələr əldə olunub. Birləşmələrin aktivliyi məlum antibiotikin (Flukonazol) aktivliyi ilə də müqayisə edilib və sintez olunan birləşmənin qeyd olunan antibiotiklə müqayisədə daha aktiv olduğu müəyyənləşdirilib. Bioloji aktivliyi izah etmək üçün “in silico” tədqiqatlar da yerinə yetirilib və aktiv mərkəzlər müəyyən olunub. 







Redaktorun seçimi