Azərbaycanlı jurnalistdən Nensi Pelosiyə açıq məktub: - Siz doğrudanmı bu yaşda insani hisslərdən uzaqsınız?

Hit: 1580
Azərbaycanlı jurnalistdən Nensi Pelosiyə açıq məktub: - Siz doğrudanmı bu yaşda insani hisslərdən uzaqsınız?
Azərbaycanlı jurnalist, “Modern.az” xəbər agentliyinin rəhbəri Elşad Eyvazlı ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə açıq məktub ünvanlayıb.
 
Faktor.az xəbər verir ki, jurnalist məktubunda N.Pelosiyə insani yaşantılarının çox kiçik bir hissəsini çatdırıb. O qeyd edib: “Amerika Birləşmiş Ştatları kimi nəhəng bir ölkənin Konqresinin Nümayəndələr Palatası sədrinin regionumuza səfəri bizi çox sevindirmişdi... Düşünürdük ki, Ermənistana səfər etdikdən sonra Azərbaycana da gələcəksiniz, gəlməsəniz belə, Ermənistanın Azərbaycana qarşı insanlığa sığmayan əməllərini bizdən də dinləyəcək, sonra bəyanatlar verəcəksiniz. Ancaq Ermənistanda birtərəfli danışmağınız bizi çox qayğılandırdı. Ona görə yox ki, sizin bu açıqlamalarınız bizi qorxudur, yaxud nəyisə dəyişəcək, əsla, elə deyil. Biz Cənubi Qafqazda yaşayırıq, bura nə Avropadır, nə Amerika, nə də Afrika. Biz Vətənimizin azadlığı üçün hamılıqla canımızdan keçməyi bacaran insanlarıq. Məyusluğumuzun səbəbi odur ki, dünyanın ədalət gözlədiyi, özünü demokratiya beşiyi kimi təqdim edən ABŞ adlı dövlətinin çox yüksəkvəzifəli şəxsi öz ölkəsini təkcə Cənubi Qafqazda deyil, həm də dünyada insanlığın gözündən saldı”.
 
Otuz ildir doğma yurdunun Ermənistanın işğalı altında olduğunu vurğulayan jurnalist deyib ki, doğma yurdu Kəlbəcərdə heç vaxt bir nəfər də olsun erməni yaşamayıb. Onun onlarla qohumu, doğması ermənilər tərəfindən qətlə yetirilib. Onlar hər zaman Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıblar. Amma o zaman N.Pelosinin etiraz səsi eşidilməyib, əksinə, o sevinib.
 
“Ermənistan məhz sizin kimi dünyaya yalnız qan-qadanın gözü ilə baxan güclərin sayəsində bizi öz kəndimizdən köçkün salmışdı, ən adi insan kimi yaşamaq şansımızı əlimizdən almışdı, - deyən Elşad Eyvazlı 30 ildən sonra Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini xatırladıb. O bildirib: “Mən 82 yaşlı atamı evimizə apardım. Ermənistan 30 il ərzində işğal altında saxladığı bölgələri elə xarabalığa çevirib ki, atam öz əli, alın təri ilə tikdiyi evini, həyətini tanıya bilmədi. Çünki hər şey yerlə-yeksan edilib. Yaddaşınızı bir azca tərpətmək istəyirəm. Sizin də 82 yaşınız var. Mənim atamla yaşıdsınız. Onunla eyni taleyi yaşasaydınız, Ermənistan sizin də evinizi, bağınızı zəbt edib xarabalığa çevirsəydi, 30 il məcburi köçkünlük həyatı yaşatsaydı, nə edərdiniz? Mənim atamın günahı nə idi? Ermənistanın bu günahları həm də sizin adınıza yazılır.
 
Ermənistanın insanlığa sığmayan bu əməllərinin qarşılığında İrəvanda bəyanat verərkən heçmi vicdanınız ağrımadı? İnsanlığı təhqir etdiyinizin fərqində olmadınızmı? Cənubi Qafqazda yazılmamış qaydalar var: 60 yaşdan sonra insan heç vaxt yalan danışmır, riyakar olmur, hər şeyə gerçəyin gözü ilə baxır, nümunə göstərir. Bu yaşda sizin kimi gerçəkdən uzaq olmaq bizdə xəstəlik sayılır. Odur ki, Ermənistanda axıtdığınız göz yaşlarını “timsahın göz yaşları” kimi qiymətləndiririk. Bunun niyəsini ən yaxşı özünüz bilirsiniz”.
 
Jurnalist əlavə edib ki, biz sülh istəyirik, nəinki Cənubi Qafqazda, dünyanın heç bir yerində insanların qətlə yetirilməsini istəmirik.
 
“Siz heç düşündünüzmü, ölərkən Tanrı qarşısında nə cavab verəcəksiniz?
 
Ola bilər ki, bu yazdıqlarım xeyli sərt görünsün, amma sizin Ermənistanda Azərbaycana qarşı söyləmiş olduğunuz ədalətsiz, fakta söykənməyən fikirləriniz qarşılığında hələ çox yumşaqdır. Cənubi Qafqazda törətdiyi cinayətlərə baxmayaraq, qadınlara hörmət göstərilir. Yoxsa məktub daha sərt formada yazılardı.
 
İnana bilmirəm, siz bu yaşda doğrudanmı insani hisslərdən uzaqsınız? Əgər uzaq deyilsinizsə, sizi işğaldan azad edilmiş kəndimizə dəvət edirəm. Heç evi olmayan kənd, qəbri olmayan qəbiristanlıq, ağacı olmayan meşə gördünüzmü? Mənim doğma kəndimi Ermənistan bu hala salıb. 30 il ərzində on minlərlə insanımız Ermənistanın vəhşiliyinin qurbanına çevrilib. Dəvətimi qəbul etsəniz, bütün bunları öz gözünüzlə görəcəksiniz.
 
Onda siz Azərbaycana qarşı Ermənistanda səsləndirdiyiniz fikirlərə rəğmən, dünyanın gözünə necə baxacaqsınız? Heç utanmayacaqsınızmı? Sizdən cavab gözləyirəm...”, - deyə E.Eyvazlı məktubunda yazıb.








Redaktorun seçimi