Sığınacaqlarda yaşayan gənclər üçün “Bacardım” adlı yay düşərgəsi - FOTOLAR

Hit: 1692
Sığınacaqlarda yaşayan gənclər üçün “Bacardım” adlı yay düşərgəsi - FOTOLAR

‘Bacardım” sığınacaqda yaşayan, valideyn himayəsindən məhrum olan uşaq və gənclərin təhsil və inkişafına yönəlmiş sosial bir layihədir.

 Layihənin əsas məqsədi həssas uşaq və gəncləri müstəqil həyata hazırlamaq, onların uğurlu və sağlam bir şəkildə yetkin həyata başlamalarını təmin etməkdir. 29 avqust - 2 sentyabr tarixləri aralığında layihə çərçivəsində müxtəlif maraqlı tərəflərin bir araya gəlməsi nəticəsində ölkəmizdə sığınacaqda yaşayan gənclərin təhsil və inkişafına istiqamətləndirilmiş “Bacardım” adlı yay düşərgəsi həyata keçirilmişdir.

Quba rayonunda beş gün davam edən düşərgə çərçivəsində müxtəlif sığınacaqlarda yaşayan 30 gənc fərqli mövzularda keçirilən təlim və masterklasslar, eləcə də fərdi psixoloji konsultasiyalardan faydalanmışdır.

Təlim proqramına emosional zəkanın inkişafı, stressin idarəedilməsi, maliyyə savadlılığı, sağlam həyat tərzi və sağlam vərdişlər, mütaliənin gücü, ünsiyyət bacarıqları, təhsilin əhəmiyyəti, sahibkarlıq, fərdi məşğulluq, sosial mediadan istifadə, karyera planlaması, qısa və uzun müddətli məqsədlərin təyini və digər fərqli mövzular daxil edilmişdir. Həmçinin, düşərgə müddətində gənclər peşəkar şəxslər tərəfindən keçirilən yoqa və meditasiya seanslarında iştirak etmişlər. Bundan başqa, gənclər Quba rayonunun tarixi abidələrinə səfər etmiş, asudə vaxtlarında isə üzgüçülük, tennis və digər əyləncə imkanlarından  yararlanmışlar.
Düşərgənin keçirilməsində məqsəd gəncləri sığınacaqdan kənarda fərqli və maraqlı təlimlərə cəlb etmək, onların peşəkar və yumşaq bacarıqlarını artırmaq, sosial adaptasiya prosesini sürətləndirmək, yeni təhsil imkanları və peşələrlə bağlı məlumatlandırmaq, onların incəsənətə və mütaliəyə marağını artıraraq istedad və bacarıqlarını kəşf etmək, eləcə də həssas qrup gənclərin təhsil və inkişaf ehtiyaclarını müəyyən etmək idi.

Düşərgənin keçirilməsində bir neçə şirkətin və fərdi şəxslərin -  vətəndaşların  böyük töhfəsi olmuşdur. Qeyd edək ki, düşərgə xərclərinin qarşılanması üçün fiziki şəxslərdən ianələrin qəbul edilməsi həssas qrupa daxil olan və sığınacaqda yaşayan gənclərə cəmiyyətin diqqətini artırmaq və sosial məsuliyyət hissini gücləndirmək, bu layihələrdə toplumun iştirakını təşviq etməkdir.
Bu layihə cəmiyyət olaraq hamımızındır. Çalışdığınız özəl və dövlət qurumlarında, uşaq müəssisələrində yaşayan uşaq və gənclər üçün təhsil və inkişaf imkanları yaratmağı təşviq etməklə, öz bilik və bacarıqlarınızı paylaşmaqla, maddi ianə etməklə və ya sadəcə elanlarımızı paylaşmaqla çox böyük dəstək ola bilərsiniz.

Biz həmişə icmalarımıza müsbət təsir göstərmək istəyən fərdlərin və təşkilatların axtarışındayıq. Həyatları dəyişməyə birlikdə davam edək!

1
1
1
1
1
1








Redaktorun seçimi