Son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır

Hit: 1231
Son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır
Bu gün Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan cənab İlham Əliyev regionların potensialından səmərəli istifadənin vacibliyini bəyan etdi. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbulu regionların inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Ötən dövr ərzində qəbul olunan hər bir proqramın uğurla həyata keçirilməsi növbəti sənədlərin təsdiqi üçün geniş imkanlar açır.

Prezident İlham Əliyev mütəmadi olaraq bölgələrə səfərlər edir, Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olur, problemləri ictimaiyyətin öz dilindən dinləyir, onların icrası ilə bağlı mühüm tapşırıqlar verir. Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülüb, böyük infrastruktur layihələri icra edilib və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxıb. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunub, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edilib. Regionlarda məşğulluğun təmin olunmasına xüsusi əhəmiyyət verilir. Yeni infrastruktur layihələri iş yerlərinin yaradılmasına xidmət göstərir. Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu, təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın. Eyni zamanda, ödənişli sosial işlərin yaradılması da geniş vüsət almışdır.
 
Vətəndaş məmnunluğunun yüksəldilməsinin prioritet olması həyata keçirilən bütün dövlət proqramlarında özünü qabarıq şəkildə büruzə verir. Prezident İlham Əliyev ilk gündən bu fikri səsləndirdi ki, xalq görülən işlərdən razı olarsa, mən də razı qalacağam. Dövlətimizin başçısı İlham Əliyev bu inkişafı uğurla davam etdirmək üçün yeni təyin olunan icra başçılarının özlərinin də təşəbbüskarlığının olmasının vacibliyini vurğuladı. Görülən bu işləri əlbəttə ki, vətəndaşlarımız dəstəkləyir. Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri, daxili və xarici siyasəti dəstəkləyir. 

Aslan Kərimli
Göygöl RİHBA-nın İctimai-siyasi və humanitar 
məsələlər şöbəsinin baş məsləhətçisi 
 








Redaktorun seçimi