TİKA Bakı nümayəndəliyinin koordinatoru AzTU-da görülən işlərlə tanış olub

Hit: 569
TİKA Bakı nümayəndəliyinin koordinatoru AzTU-da görülən işlərlə tanış olub
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmazın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib. 
 
Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Qonaqları salamlayan rektor Vilayət Vəliyev bu yaxınlarda TİKA-nın Bakı nümayəndəliyində olduğunu və əməkdaşlıqla bağlı faydalı müzakirələrin aparıldığını xatırladıb. Bildirib ki, AzTU TİKA ilə müxtəlif istiqamətlərdə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Bu əməkdaşlıq əlaqələri universitet-sənaye işbirliyinin inkişafına da öz töhfəsini verə bilər.
 
Rektor TİKA tərəfindən universitetə hədiyyə edilən “ezAFM+” Atomik Mikroskopuna görə də təşəkkürlərini bildirib. Qeyd olunub ki, mikroskopdan fizika, nanotexnologiya, materialşünaslıq, biologiya, yarımkeçirici texnologiyaları, molekulyar mühəndislik kimi sahələrdə, tədrisdə və elmi-tədqiqatlarda istifadə ediləcək. Rektor bildirib ki, hazırda mikroskopun istifadə ediləcəyi auditoriyanın seçilməsi istiqamətində işlər aparılır. Yaxın aylarda Türkiyədən dəvət olunan mütəxəssislər sözügedən qurğunun istifadəsi ilə bağlı AzTU-da təlimlər təşkil edəcək.
 
TİKA Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmaz bildirib ki, səfərin məqsədi həm AzTU-da görülən işlərlə tanış olmaq, həm də yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir. Fatih Yılmaz universitetə təqdim olunan mikroskopun tədris və tədqiqatın keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm əhəmiyyətə malik olacağına da ümid etdiyini deyib.
 
Daha sonra qonaqlar AzTU-da görülən yenidənqurma işləri ilə tanış olublar.







Redaktorun seçimi