İcra başçısı vətəndaşlarla görüşüb

Hit: 648
İcra başçısı vətəndaşlarla görüşüb

Neftçala Rayon İcra Hakimiyyəti başçısının rayonun yaşayış məntəqələrindəki sayca 21-ci vətəndaşların səyyar qəbulu 2 №-li Mayak kəndində keçirilib.⠀

Səyyar görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
 
Neftçala rayon İcra Hakimiyyəti başçısının Kürkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi çıxış edərək kənd haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
 
Çıxış edənlər 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə 44 gün davam edən Vətən Müharibəsi nəticəsində işğaldan azad olunmasından,azad olunmuş torpaqlarımızda dərhal başlanan nəhəng quruculuq və abadlıq işlərindən,həmçinin, buna paralel olaraq həyata keçirilən əzəli dədə-baba torpaqlarımıza böyük qayıdışdan danışıblar. 
 
Görüşdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov  Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən Azərbaycan dövlətinin artıq regionun söz sahibi ölkələrindən birinə çevrildiyini,bunun nəticəsində,qüdrətli ordumuzun 30 il əvvəl torpaqlarımızı işğal etmək cəsarəti göstərmiş erməni  faşizminə 44 günlük Vətən Müharibəsi ilə sarsıdıcı zərbə endirildiyini və torpaqlarımızın işğaldan azad olunması ilə Azərbaycanın regionda yeni siyasi reallıq yaratdığını görüş iştirakçılarının diqqətinə çatdırıb. Rayon İcra Hakimiyyətinin başçısı  Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında torpaqlarımızın işğaldan azad olunmasından sonra keçən qısa müddətdə görülmüş böyük bərpa-quruculuq işləri barədə görüş iştirakçılarına məlumat verib.Füzuli şəhərində istifadəyə verilmiş beynəlxalq aeroportun,həmçinin, tikintisi davam edən Zəngilan və Laçın rayonlarındakı beynəlxalq aeroportların,Şuşa şəhərinə çəkilmiş Zəfər yolunun,digər tamamlanmış və tikintisi davam edən yolların,eləcə də,”Ağıllı kənd“ və Ağıllı şəhər” layihələri ilə bərpa olunan şəhər və kəndlərimizdə görülən işlərin nəticəsində işğaldan azad edilmiş regionlarımızın nəhəng tikinti meydanına çevrildiyini vurğulayıb. Zəngilan rayonundakı ilk “Ağıllı kənd” layihəsi olan Ağalı kəndinə sakinlərin köçürülməsi ilə uzun illər həsrətində olduğumuz Böyük qayıdışın başlandığını və bundan sonra da keçmişdə olduğu kimi xalqımızın yenidən Qarabağ və Zəngəzurda yaşayıb-yaradacağını görüş iştrirakçılarının diqqətinə çatdırıb .
 
Daha sonra Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, rayon ərazisində son illərdə aparılan tikinti,abadlıq və yenidənqurma işləri, xüsusilə də, yaxın zamanda çəkilişinə başlanılmış Neftçala-Kürkənd-2№-li Mayak avtomobil yolu barədə kənd sakinlərinə ətraflı məlumat verib.
       
Səyyar qəbulda əsasən kənddaxili yolların təmiri, elektrik dirəklərinin və xətlərinin yenilənməsi,ünvanlı sosial yardım verilməsi və digər məsələlər barədə təkliflər səsləndirilib. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, problemlərin və onların həlli yollarının araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
     
Vətəndaşlar sonda aparılan abadlıq-quruculuqvə  yenidənqurma işlərinə,xüsusən də, Neftçala-Kürkənd-2№-li Mayak avtomobil yolunda başlanmış tikinti işlərinə və ümumilikdə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.Həmçinin,kənd sakinləri fasiləsiz içməli su ilə təmin olunmalarına yüksək həssaslıqla yanaşdığı üçün Neftçala rayon İcra Hakimiyyətinin rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.
     
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az
 portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.







Redaktorun seçimi