Xırdalan bələdiyyəsinin 2022-ci il yarımillik faəliyyəti barədə - Hesabatı

Hit: 714
Xırdalan bələdiyyəsinin 2022-ci il yarımillik faəliyyəti barədə - Hesabatı
Abşeron rayonunun mərkəzi Xırdalan şəhərinin yerli özünüidarəetmə qurumu 2022-ci ilin ilk 6 ayı ərzində büdcə gəlirlərini artırmaq, şəhərin mədəni və sosial inkişafına töhfə vermək və bütün sahələrdə potensialını realizə etmək istiqamətində uğurla fəaliyyət göstərib.
 
Ötən yarımillikdə Xırdalan bələdiyyəsinə vətəndaşlardan bir çox mövzuda 284, müxtəlif qurumlardan isə 240 müraciət daxil olub. 
 
271 vətəndaş Xırdalan bələdiyyəsinin sədri və digər rəhbər şəxslər tərəfindən qəbul edilib. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq bələdiyyəyə ünvanlanan müraciətlər vaxtında araşdırılıb və nəticəsi barədə onlara müvafiq cavablar verilib. 
2022-ci ilin ilk yarımilliyində Xırdalan bələdiyyəsinin gəlirlərindən yaranan büdcəsi 287550.26 manat təşkil edib.  O cümlədən torpaq vergisindən 64.891.08 manat, əmlak vergisindən 161.752.52 manat, torpaq satışından isə 45.695 manat gəlir əldə olunub.      
 
Büdcə vəsaiti müvafiq dövr ərzindəki bələdiyyə üzv və qulluqçularının əməkhaqqının, 2019-2020-ci illərin əməkhaqqına olan borcun (900 m.), Azərbaycan Ordusuna Yardım Fonduna (1687 m.), Dövlət Sosial Müdafiə Fonduna (40723 m.), Şəhər Bələdiyyələri Milli Assosiyasına üzvlük haqqına (1500 m), Xırdalan qəbiristanlığındakı Şəhidlər Xiyabanın təmir xərclərinin (15000 m.) ödənilməsinə, Heydər Əliyev adına parkın mühafizə xidmətinə (9000 m.), kabel çəkilişi və bələdiyyənin kompyuterlərinin təmiri (2265 m.), həmçinin inzibati binasının və onun həyətinin təmir olunmasına (8648 m.), kommunal (su, işıq, mavi yanacaq) xərclərə (1763 m.), 2021-ci il üçün audit xidmətinə (1500 m), internet və telefon haqqına (798 m.), bank və poçt xidmətinə (2055 m.) və digər bu kimi zəruri işlərə sərf olunub.
Cari ilin 6 ayı ərzində Xırdalan bələdiyyəsi Novruz bayramı münasibəti ilə vətəndaşlara 6751,45 manat miqdarında qurban əti paylayıb. Eyni zamanda şəhərin sosial cəhətdən aztəminatlı əhalisinə 2550 manat maddi yardım göstərilib. 
 
Bildiyimiz kimi Xırdalan bələdiyyəsi 2021-ci ilin dekabr ayından etibarən 6 ay müddətində Azərbaycan yerli özünüidarəetmə orqanları tarixində ilk dəfə olaraq Avropa Birliyi və Göte İnstitutunun dəstəyi ilə "EU4Culture" – “Şərq tərəfdaşlığı ölkələrində mədəni inkişaf strategiyalarının hazırlanmasında qeyri-paytaxt şəhər və rayonlarına dəstək” layihəsini icra edib. Xırdalan bələdiyyəsi bu proqramın Azərbaycan üzrə qalibi olan yeganə özünüidarə institutu olub. 
Xırdalan bələdiyyəsi ötən 6 ərzində Abşeron rayon İcra Hakimiyyətinin, regional Mədəniyyət İdarəsinin, regional Təhsil İdarəsinin, yerli qeyri-hökumət təşkilatlarının, özəl  sektorun aparıcı nümayəndələrinin, KOBİA-nın Abşeron təmsilçiliyinin, yaradıcı şəxslərin və ümumilikdə Abşeron ictimaiyyətinin dəstəyi ilə adıçəkilən layihəni uğurla həyata keçirib.
 
2022-ci ilin ilk yarımilliyi ərzində Xırdalan bələdiyyəsi Abşeron rayon Mədəniyyət Mərkəzində müvafiq dizayn, təmir və işıqlandırma işi apararaq sərgi salonu hazırlayıb.
Xırdalan şəhərini və ümumilikdə ölkəmizi Şərq Tərəfdaşlığı ölkələrinin Tiflis şəhərindəki toplantısında layiqli şəkildə təmsil edib.
İsveçin Azərbaycandakı səfirliyinin də dəstəyi ilə Xırdalanda “Dayanıqlı moda - tekstilin gələcəyi” adlı sərgi təşkil edib.
Layihənin StakHolderin (Paydaş Şurası) geniş tərkibli və ayrı-ayrı qruplar üzrə iclaslarını keçirib.
 
Bakı Mühəndislik Universtetində "Place-making: Beynəlxalq təcrübə və işlək alətlər" adlı seminar təşkil edib. Xırdalan məktəbliləri arasında Cinemasport/ Azərbaycan kinomarafonunu elan edib və bununla bağlı təlimlər keçirib. Nüfuzlu xarici ekspertlərin iştirakı ilə “Yerli İnkişafda Mədəniyyət” mövzusunda vebinar keçirib.
Müvafiq qurumların nümayəndələrinin iştirakı ilə "Yaradıcı biznes üçün məkan" adlı seminar təşkil edib.
 
İlk dəfə olaraq sənaye müəssisəsində - “Carlsberg Azerbaijan” ilə birgə böyük maraqla qarşılanan elektron musiqi konserti keçirib.
 
Azərbaycan üçün o qədər də xarakterik olmayan bir mövzuda - "Mədəniyyətin inkişafında korporativ sosial məsuliyyətin rolu" mövzusunda seminar təşkil edib.
Xırdalanda Cinemasports-Azərbaycan kinomarafonun nəticəsi olan filmin və “DanceAbility” improvizasiya rəqsinin təqdimatını keçirib.
Türk-Oğuz əfsanələrinin motivləri əsasında “Səhnə” teatrının hazırladığı "Qurd əfsanəsi" monotamaşasını təqdim edib.
Səyavuş Əlizadənin Şağan kəndində təsis etdiyi Sevda Abdullayeva adına “Xəzər” Muzey Mərkəzinə Abşeron rayonunun mədəniyyət işçilərinin bir qrupu üçün “Əşyaların yaddaşı” adlı ekskursiya təşkil edib və s.
 
Xırdalan bələdiyyəsi seçicilərin problemlərinin həllinə daha böyük həcmdə töhfə vermək, şəhərin abadlıq-quruculuq işlərində, həmçinin mədəni, sosial və iqtisadi həyatında daha yaxından iştirak etmək üçün büdcə gəlirlərini əhəmiyyətli miqdarda artırmağı hazırda əsas hədəfi hesab edir. 
 
Orxan Musayev
Xırdalan bələdiyyəsinin sədri
 







Redaktorun seçimi