Allahı unudub şəklə səcədə edənlər

Hit: 970
Allahı unudub şəklə səcədə edənlər

Ey dili qafil fil faili məchul fani f...

 
Derlər, 
biz azərbaycanlılardan çox surətpərəst, şəkilpərəst heç bir toplumu görünməyib. Biz azərbaycanlılar insana qabliyyətinə, bacarığına, mənəviyyatına, əməlinə görə deyil, boy-buxununa, sir-sifətinə, rənginə, ənlik-kirşanına, üst-başına, boğazdan yuxarı qırıldatdığı şüarlara, boş vədlərə  görə qiymət veririk. 
Oysa bir zamanlar bu millət təfəkküründə “hər gördüyünü bir Xızır bil” - anlayışı onun  yaşamından xəbər verdiyi halda, indi “ hər gördüyün geyimli-keçimli, bazburtlu deyilsə, onunla kəlmə kəsmə” təfəkkürü milli mənəvi ərazilərimizdə “nə qədər məsafələr” qət etdiyimizin qızğınlığından xəbər verir.  
Derlər, 
adamlar var, onlara yaxın düşmək mümkün deyil. Uzaq başı bir məktəb direktoru, ferma müdri, bələdiyyə başqanı, sıravi polis, hansısa idarənin süpürgəçisi, nə vaxtsa rəhmətlik prezident Heydər Əliyevlə düşərinə necə olubsa, şəkil çəkdirib. İndi, gəl, sən bu adamlara yaxın düş görüm, necə düşürsən, adamın anasından əmdiyi südü burnundan axıdarlar. 
Bu günlərdə təsadüfən ucqar bir rayonun ucqar bir kənd məktəbinin direktoru ilə söhbət əsnasında sözümüz çəp gəldiyində, o qoltuq cibindən sayın Mehriban xanım Əliyevayla məktəb kollektivi ilə birgə çəkilmiş, bu şəxsin də orada yer aldığı bir rəsmi göstərərək, mənim başıma istəsə hər türlü oyun aça biləcəyini söyləmək istədi. Mən o adama başa sala bilmədim ki, biz şəxsi zəmində söhbət edirik. Bu şəkillərin bizim söhbətimizə aidiyyatı yoxdur. Ağlı başında olan, oxuma-yazmağı ən azından bilən bu adam isə israrla bu şəklin nə demək olduğunu mənə anlatmaq  istəyirdi. 
H.Əliyevlə bir yerdə nə vaxtsa təsadüfən şəkil çəkdirmiş bir jurnalistin isə, o şəkil vasitəsi ilə özünə ev, torpaq, maşın aldığını, iş qurduğunu xatırladıqca, ümumiyyətlə, bu hərəkətlərin bizim üçün nə anlam daşıdığını bilmək istəyirəm. 
Birincisi, mən şəkil çəkdirməyin əleyhinə deyiləm. Özəlliklə, dövlət rəhbərlərinin sadə insanlarla, sıravi vətəndaşla çəkdirdiyi şəkillər, sizləri bilmirəm, mənə sonsuz ləzzət verir, həzz yaşadır. Amma, bizinən olmur, vallah, olmur. Bir dəfə Bakıxanovda bir taxsi sürücüsünün polisi rəhmətlik Heydər Əliyevin rəsmiylə necə qorxutduğunu, onun şəklini üzərində gəzdirdirməsiylə cinayətini necə yumaq istəməsinin şahidi olmuşdum. Axı bu şəkillər, şəkldəki söz sahibləri nə üçün bu duruma salınmalıdır? Yaxut, bu insanlar, nəyə görə özlərini bir şəkillə bu günə qoymalı, bu kökə düşürməlidirlər?
Yadıma bir zamanlar kənddə eşitdiyim bir qadının ərinin onu boşayıb - boşamayacağını əminliklə bilməsi üçün qonşu kənddə “fəaliyyət göstərən” bir molla-falçının yanına getməsi hadisəsi düşdü. Bax, elə bu qədər. Bizim adamlarımızın səlahiyyətli şəxslərin şəkli ilə elə davranması cəmiyyətin, onun təfəkkür tərzinin hələ də  cadı-piti, falçılıq kimi axmaq bir yaşam tərzinə, şüuruna sahib olmağından xəbər verir. 
Bilirsinizmi, vətəndaş özünü qanunlarla deyil, şəkillərlə - bir anlıq dondurulmuş, güvənc qazanmış surətin imkanıyla müdafiə etmək istəyir. Əslində belə çıxır ki, vətəndaş bu şəkildə qorunmağa, sığortalanmağa meyillidirsə, bu əməilini üstün tutursa, onun istənilən çətin anında, vəziyyətində rəhmətlik H. Əliyev gərək yanında ola. Demək o düşdüyü  istənilən çətin durumunda dövlətin başçısını yanında görmək istəməsindən,(təəssüf ki dövləti deyil) amma bu istəyinin içində saxtalığını gizlədərək, bir tərəfdən də öz müdafiəsini reallaşdırarkən qorxusunu da göz ardı etməməsinin mesajını verir. Dövlət başçısının  isə  istənilən vətəndaşının zor durumunda, çətin vəziyyətində yanında ola bilmək imkanı mümkün olmadığından, bu yerdə qanun dövrəyə girər. Bu stuasiyada qanun vətəndaşı qurtarmaq yerinə, onun düşüncəsinin təlqinlərindən doğan hərəkətlərinə adekvat cavab verdiyində, vətəndaş səhv, yanlış, günah keçisi deyil, artıq cinayətkardı. Şəkillərdən vətəndaşın bu biçimdə yararlanma hərisliyi  məntiqcə yanlış olduğundan, (onu komik rola saldığından) bu yerdə qanunlar vətəndaşı həm işlədiyi failə görə, həm də girdiyi rola görə cəmiyyəti, insanları, ən azından içində bulunduğu stuasiyanı qarışdırdığı üçün iki qat çinayətkar göstərir. 
Derlər, 
insan elə bir cəmiyyətdə yaşamalıdır ki, nəinki heç bir şəkildən, hətta heç kimin şəklindən (seyid, şeyx, övliya, müqəddəs bildiklərinin:-x.t.) mədət umub, kömək gözləməməlidir. Bu isə insanın canlıya deyil, o insanın  cansız bir halına müraciət etmə ( şüuru) məcburiyyəti, yer üzündə indiyə qədər formalaşmış bəşər  mədəniyyətinə sanki bir növ etirazından da irəli gəlmirmi? 
İslam dini həm də bu məqama görə rəsm sənətini yasaqlayır.
Bu ölkənin insanları bəzilərinin şəkillərindən mədət umur, bəzilərinin də şəkilləri ilə bir başqasına xox gələ bilir. Belə davam edərsə, şəkillər xatirə, yadaş olmaqdan çıxıb, hadisə, stuasiya, əməl, əxlaq müstəvisində öz tarixi missiyasını davam etdirəcək. 
 
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi