Şuşada ilk tibbi konfrans keçirilib

Hit: 590
Şuşada ilk tibbi konfrans keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), İctimai Səhiyyə və İslahatlar Mərkəzi, "Referans Medical Group" və "Uptodate in Medicine"-nin təşkilatçılığı ilə 30 iyul 2022-ci il tarixində Şuşa şəhərində “Dağ-səhra şəraitində xəstələrin təxliyəsi və təcili cərrahiyyəsi" adlı tibbi konfrans keçirilib.
 
Faktor.az xəbər verir ki, tədbirdə 120-ə yaxın mütəxəssis iştirak edib. 
 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Bu qələbənin əldə olunmasında ilk gündən əsgərlərimizlə birgə ön cəbhədə xidmət göstərmiş peşəkar həkimlərimizin və digər əməkdaşlarımızın mühim rolu qeyd olunub. Eyni zamanda konfrans zamanı vətən müharibəsində iştirak etmiş mütəxəssislər yaşadıqları təcrübələri gələn iştirakçılar ilə bölüşüblər.
 
Konfransda peşəkar həkimlərin çıxışları zamanı ilk tibbi yardım metodlarından yararlanaraq zədələnmənin mexanizminin təyin edilməsi, texnogen fəlakətlər zamanı xəstəxanaya qədər ilk tibbi yardımın xüsusiyyətləri, dağ-səhra şəraitində hava yolları yaralanmaları və ürək dayanmalarında müalicə prinsipləri, habelə travma ilə bağlı həyata təhlükə yaradan halların diaqnostikası kimi mövzular müzakirə olunub. Konfransın sonunda tədbir iştirakçılarına plaketlər təqdim olunub.
 
Qeyd edək ki, konfrans iştirakçıları günün ikinci yarısında Azərbaycanın mədəniyyət paytaxtı Şuşada yerləşən tarixi məscidləri və abidələri ziyarət ediblər.







Redaktorun seçimi