BDU-nun rektoru Gürcüstan səfiri ilə görüşüb

Hit: 1045
BDU-nun rektoru Gürcüstan səfiri ilə görüşüb
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Gürcüstan Respublikasının Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüşüb.
 
Görüşdə çıxış edən rektor Elçin Babayev bildirib ki, Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində əlaqələr yüksələn xətlə inkişaf edir. Rektor qonağa Azərbaycanın ilk və ən qədim təhsil ocağı olan BDU-nun 103 illik zəngin tarixi, fəaliyyəti, strukturu, burada həyata keçirilən tədris və elm prosesi barədə ətraflı məlumat verib.
 
Qeyd edib ki, BDU Azərbaycan universitetləri arasında Böyük Britaniyanın Times Higher Education (THE) jurnalı tərəfindən tərtib olunan və dünyanın ən nüfuzlu reytinqlərindən hesab edilən Dünya Universitetləri Reytinqində (THE World University Ranking) yer alan yeganə universitetdir. Rektor vurğulayıb ki, BDU-nun inkişaf strategiyasının əsas prioritetlərindən biri də beynəlxalq elm və təhsil təşkilatları, dünyanın nüfuzlu universitetləri və elm qurumları ilə əlaqələrin genişləndirilməsidir. Dost və qonşu Gürcüstan Respublikasının ali təhsil müəssisələri ilə qarşılıqlı əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılması, ikili diplom proqramlarının imzalanması bu baxımdan maraq doğurur.
 
Gürcüstan Respublikasının Azərbaycandakı səfiri Zurab Pataradze qəbula görə minnətdarlığını bildirib, iki dövlət arasında münasibətlərin inkişafında elm və təhsil sahəsində əlaqələrin önəmli rola malik olduğunu vurğulayıb. Səfir işğaldan azad olunan ərazilərdə aparılan geniş quruculuq işləri ilə yaxından tanış olduğunu, Şuşaya səfər etdiyini qeyd edib.   
 
Görüşdə BDU və Gürcüstan universitetləri arasında əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. 








Redaktorun seçimi