Qadınların müdhiş sirri

Hit: 965
Qadınların müdhiş sirri

ey dili qafil fil faili məchul fani f... padşahların kitabı çoxdan soldan verilib....

Son dönəmlərdə dünyada kitabların oxunub- oxunmaması ilə bağlı bir araşdırma aparılmışdır. Bu araşdırmaların sonucunda məlum olub ki, dünyada kitab oxuyan qadınlar kitab oxuyan kişilərdən çoxdur. Bu xəbərlə tanış olarkən, qəribə hislər keçirməyə başladım. Əsla qadın -  kişi ayrımı yapmaq, bu şəkildə fəlsəfi - estetik xarizmada qarşıdurma yardacaq dərəcədə bir xəyala düşüləsi, niyyətə qapılası halım yoxdur. 
 
Kitabda, kitablarda, kitab qavramında, məncə, bir kişi kultu var. ( Kitab deyərkən də, kağızdan, kağızın mahiyyətindən, rəngindən, üzərindəki yazıdan, yazıdakı fikirdən, düşüncədən, dildən ötə və əlavə, metafizik uzantının gedib bir soylu başlanğıca bağlanmağını nəzərə alaraq bu qənaətimi sizlərlə bölüşmək istəyirəm:-x.t.)Bu bir dilbilməz duyğudan, halaypozan hisdən, induidiv etibardan, bəlkə də qızışdırıcı qənaətdən hasil olan fikirdir.  Son dərəcə həssaslıq sərgiləyən, heç bir him-cimə ehtiyac duyulmayan hesablamalara görə, dünyada kitabların çox faizini (Kərəmin gününə düşən) kişilər yazıb. Ən çox da danışan qadınların  olmasına baxmayaraq, ictimai məkan (təfərrüat olaraq) çərçivəsində əksər danışıqlar da kişilərin boynundan asılıb. Millət vəkili, bələdiyyə başqanı, siyasətçi, partiya funksioneri, şirkət, fabrik, zavod yönətməni, alim, ən nəhayət prezident olaraq, ən çox danışıq tələb edən, ən çox danışan insanlar qismində, sırasında kişilər yer alarlar. 
 
Kitabların aurasında erkək energetikası üstünlük təşkil edir. Belə bir gözlənilməz işıqsaçan fikri izhar etməyim, kəsinliklə qadının ucalığına xələl gətirməz. Belə bir faktın mövcudluğu, yəni qadınların kişilərə nisbətən sayının daha çox kitab oxuması, onu göstərir ki, qadınlar bu dünyada kitablar vasitəsi ilə kişilərə rəml atır, onlara maraq göstərir, onlarla birgə bütün fəaliyyətlərdə olmaq, onları anlamaq, onları sevmək istəyrlər.  Həm də kitabların mövcudluğu qadınlara kişilərlə aralarındakı fərqi, məsafəni göstərmə mövzusunda şəhadət gətirmiş olur. Məncə, bundan gözəl rabitə və bundan gözəl heç bir üsul ola bilməz. Mövzu ilə bağlı fikrimizi konkretləşdirmiş olsaq, belə bir cümləni sonuc olaraq çıxara bilərik:  qadınlar kişiləri kitablarla sevirlər. Yaxud qadınlar kitablarla kişiləri sevirlər. Qadınlar kitablar vasitəsi ilə kişilərə vurulur, aşiq olur.  Bəlkə də çoxları ailə qurub oğul-uşaq sahibi də olurlar. Qadınlar kitabların sayəsində, kitab üsulu (bunu kitab vasitəsi ilə görmə üsulu adlandıraq) ilə kişilərlə ailə qururlar. ( Adəmlə Həvva əhvalatında da münasibətlərin kökündə kitab əhval - ruhiyyəsi, kitab kultunun mahiyyəti dayanır. Çünki Allah ilk kamil kitabı olan insanı yaratmışdır. Adəm canlı bir kitab nümunəsi idi. Həyatın başlanğıcı və çoxalma səbəbi kimi Həvvanın bu canlı kitaba əsir düşməmə ehtimalı isə heç yox idi:-x.t.) Demək, çağdaş dünyada ailə ekvivalaneti həm də kitabların həyatımızdakı bitib - tükənməz kəhanətiylə kəramət bulur. Bu həm də o deməkdir ki, kişi kultu daşıyan kitablar sayəsində, qadınlar kitablı, oxumuş, kitabları varlığına hopdurmuş kişiləri sevir, onlarla maraqlanırlar. (Kitab həm də bulunduğumuz dünyada nələrinsə öz yerində olub olmadığını bilmə imkanına işarət edər.) Kitablar, sanki kişilərin kişilyini artırır, kişilik xarakterində möhkəm və möhtəşəm incəliklər, naxışlar sərgiləyir. Təbii ki, bütün bunlar qadınların gözündə öz reallığını əks etdirmə imkanına sahibdir. 
 
Qadınlar nəyinki bu dünyada kitabları almaqda liderlik edirlər, onlar hətta bütün alış-verişlərdə birincidir. Ən gözəl alış-veriş bacaranlar,  bu düyada qadınların olduğunu bəyan etsək, yanılmarıq. Bu da səbəbsiz ola bilməz. Belə anlaşılır ki, bu, qadınların dünyanı, kişini, gücü, digər bir qütbü, bir sözlə ilahi başlanğıcı özünə çəkməsi, özünə bağlamasıdır. Yenə də özünə bağladığının alt qatında, alt şüur ritmində kişi, erkək kultu şəhanə şəkildə boy verib görsənir. Əgər alış-verişi kişi kultu üzərindən ən gözəl icra edən, bacaran qadınları hesab etsək, burdan çıxaracağımız digər nəticə belədir: alış-veriş  prosesi, həyati olaraq halal - haram, doğruluq - düzgünlük, ədalət prinsipləri və özəlliyini tələb edirsə, qadınların həm də kitab oxumaqla, kitab üzərindən kişilərlə şüuraltı bağ qurmaqla, üstəlik haqq - nahaqqı arama cəhdlərinin gizlinləri üzə çıxmış olur.  Bu  olduqca sadəcə həyati bir örnəkdən yola çıxaraq qadınlara xas olan saysız-hesabsız sirlərdən biri ilə tanış olduq, qənaətindəyəm.
 
 Xanəmir Telmanoğlu








Redaktorun seçimi