Narkotik maddələrdən istifadənin artması ilə paralel olaraq onlar arasında cinayətkarlığın da artması deməkdir

Hit: 733
Narkotik maddələrdən istifadənin artması ilə paralel olaraq onlar arasında cinayətkarlığın da artması deməkdir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən hazırlanmış “Yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsi üzrə analitik hesabat”ın təqdimat mərasimi keçirilib.
 
Tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova bütün bəşəriyyət üçün təhlükə mənbəyi olan narkomaniyanın bütün ölkələrin mübarizə apardığı ciddi problemlərdən biri olduğunu, narkomaniyanın qarşısının alınmasının dövlətin və cəmiyyətin əsas vəzifələrindən olduğunu vurğulayıb. Yeniyetmələrin və gənclərin gələcək həyatı üçün böyük təhdidlər yaradan narkomaniyanın gəncləşdiyini və aşağı yaş kateoriyalı insanlar arasında aludəçilik hallarının gün keçdikcə artdığını diqqətə çatdıran Komitə sədri bildirib ki, gənc nəslin narkomanlığa yuvarlanmasının səbəblərini müəyyən etmək vacib məsələdir. Çünki narkotik maddələrdən istifadənin artması ilə paralel olaraq onlar arasında cinayətkarlığın da artması deməkdir.
 
Statistik rəqəmlərə diqqət çəkən B. Muradova qeyd edib ki, BMT-nin Narkotiklər və Cinayətlər İdarəsi tərəfindən 2021-ci il üzrə dərc edilmiş “Dünya Narkotik Hesabatı”nda qeyd edilir ki, hazırda Yer kürəsində 275 milyona yaxın insan müntəzəm olaraq narkotik vasitələrdən istifadə edir və bu, 2010-cu illə müqayisədə 22% artım deməkdir. Azərbaycanda 2021-ci ildə qeydiyyatda olan narkotik istifadəçisi sayı 34602 nəfər olmuşdur. Ötən il qeydə alınan narkotik istifadəçilərinin 566 nəfəri qadın, 14 nəfəri isə yetkinlik yaşına çatmayan şəxs olmuşdur.
 
Narkomaniya ilə mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayan Komitə sədri bildirib ki, bu sahədə hüquqi tədbirlərin görülməsi və mübarizə mexanizmlərinin yaradılması istiqamətində işlər gücləndirilmişdir. O, bu problemin qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirləri, dövlət proqramlarını qeyd edərək Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi vurğulayıb.
 
Narkomaniyanın mənfi nəticələri haqqında əhalinin məlumatlılığının artırılması, uşaq və yeniyetmələrin, eləcə də valideynlərin, müəllimlərin, tələbələrin maarifləndirilməsi, gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən çoxsaylı tədbir və layihələr haqqında məlumatları diqqətə çatdıran B. Muradova Komitənin sosial şəbəkə hesablarında bu mövzuda məlumat və videoçarxların paylaşıldığını, ictimai nəqliyyat vasitələrində elektron tabloların nümayiş etdirildiyini bildirib. O, Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Lənkəran şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Narkomaniyaya Yox Deyək” şüarı altında 600 nəfəri əhatə etməklə Qaçış Marafonunun keçirildiyini də əlavə edib.
 
Çıxışının sonunda ötən il Komitə tərəfindən 5 hesabat, 2 təhlil, 2 araşdırma və 1 sorğu hazırlandığını bildirən B. Muradova bunlardan birinin Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən hazırlanmış “Yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsi üzrə analitik hesabat” olduğunu qeyd edib. O, adıçəkilən hesabatın əhəmiyyətini vurğulayaraq, əməyi keçən şəxslərə təşəkkürünü bildirib və narkomaniya ilə mübarizə istiqamətində həyata keçiriləcək tədbirlərə öz mühüm töhfəsini verəcəyinə əminliyini ifadə edib.
 
Milli Məclisin sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu gün narkomaniyanın mütəşəkkil və transmilli cinayətkarlığın ayrılmaz tərkib hissəsi olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, qlobal bir problem olan narkomaniya ilə mübarizə bir sıra vacib öhdəlikləri qarşıya qoyur və bununla bağlı bütün dünyada, o cümlədən ölkəmizdə çox ciddi tədbirlər həyata keçirilir.
 
Hazırlanan təhlilin dəyərli bir araşdırma materialı olduğunu diqqətə çatdıran Ə.Hüseynli qanunvericiliyin təhlili ilə bağlı fikirlərini bölüşüb. Komitə sədri Azərbaycanda bu istiqamətdə qanunvericilik bazasının beynəlxalq standartlara, mütərəqqi təcrübəyə uyğunlaşdırıldığını, cəza siyasətinin kifayət qədər sərt və adekvat olduğunu, eyni zamanda müvafiq qurumların qanunların icrasını, eləcə də cinayət təqibini peşəkarcasına apardığını vurğulayıb.
 
Millət vəkili iyul ayının 1-dən qüvvəyə minmiş yeni qanun layihəsinə əsasən hərbi xidmətə çağırış zamanı bütün yeniyetmə və gənclərin icbari narkoloji yoxlamadan keçiriləcəyi ilə bağlı məlumat verərək, bu yoxlama nəticəsində artıq real mənzərəni aşkara çıxarmağın mümkünlüyünü söyləyib. O, problemin zərərlərini minimuma endirmək istiqamətində reallaşdırılması mümkün tədbirlərlə bağlı təkliflərini səsləndirərək, çıxışını sonlandırıb.
 
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov bildirib ki, daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməliyyat-axtarış tədbirləri, əhali arasında antinarkotik təbliğat və maarifləndirmə işi məqsədyönlü şəkildə davam etdirilib. Keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində son 2 il 6 ay ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı aşkar olunmuş 19 mindən artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılmasına nail olunmuşdur. Təkcə cari ilin ötən dövrü ərzində narkotiklərlə mübarizədə keçirilmiş əməliyyat tədbirlərinə dair 255 süjet, 315 post, 74 sloqan və 2 sosial videoçarx hazırlanıb kütləvi informasiya vasitələrində və internet resurslarında yayımlanmış, televiziya və radio kanallarına 400-dən çox müsahibə verilmişdir.
 
O qeyd edib ki, narkomaniya və narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə dövlət qurumları ilə bərabər cəmiyyət də aktiv iştirak etməlidir. Bir çox ailədaxili münaqişələrin yaranmasına səbəb olan narkomaniyanın profilaktikası ilə bağlı işlərin təşkilində məhz valideynlərin dəstəyi xüsusilə önəmlidir. Valideynlər övladlarını bu kimi təhlükələrdən qorumaq üçün onlarla psixoloji söhbətlər aparmalı, zərərli vərdişlər haqqında məlumat verməlidirlər.
 
Yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsi üzrə analitik hesabat haqqında təqdimatla çıxış edən Dövlət Komitəsinin yanında İctimai Şuranın sədri, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov tədqiqatın məqsədi və vəzifələri, metodologiyası haqqında məlumat verib, həmçinin nəticə və tövsiyələri diqqətə çatdırıb. O bildirib ki, hesabatın hazırlanmasında məqsəd yeniyetmələr arasında zərərli vərdişlərin, o cümlədən narkomanlığın aradan qaldırılmasına yönələn qərarların qəbulu, mexanizmlərin yaradılması və prosedurların tətbiqi üçün təkliflər və tövsiyələr hazırlamaqla problemin həllinə dəstək verməkdir. O, hesabatın ölkədə yeniyetmələr arasında narkomanlığın yayılma göstəricilərinin və səbəblərinin müəyyən edilməsinə töhfə verəcəyini, bundan sonrakı tədqiqatlar üçün istiqamətin müəyyənləşməsində rol oynayacağını əlavə edib.
 
Respublika Narkoloji Mərkəzin psixoloqu Ramin Allahverdiyev “Asılılığın psixologiyası və neyrobiologiyası: yeniyetmələri maddə asılılığına aparan əsas amillər” mövzusunda təqdimatla çıxış edərək cəmiyyətimizdə mövzu ilə bağlı ciddi şəkildə maarifləndirmə işinin aparılmalı olduğunu, həmçinin yanlış atılan addımların və ya maddə istifadəçisinin gec aşkar olunmasının asılılıqdan müalicəni ləngitdiyini diqqətə çatdırıb: “Orta məktəblərdə maarifləndirmənin düzgün şəkildə, əsl mütəxəssislər tərəfindən aparılması çox vacibdir. Tez-tez rastlaşırıq ki, ya məktəb psixoloqu, ya başqa müəllimlər şagirdlərə slaydlar göstərirlər, həmin slaydlarda şpris şəkilləri, maddələrin adları olur ki, bu da əslində şagirdlərə maarifləndirmə mesajı vermir, əksinə, onları maddəyə meylləndirir. Ona görə də protokola uyğun şəkildə məsələyə həssas yanaşmalıyıq. Biz şəxsin daxili, xarici resuslarını aktivləşdirməliyik. İdmana, kitaba meyillilik yaradılmalıdır".
 
Müzakirələrdə iştirak edən Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi Orxan Əliyev, İnkişafa doğru qadın təşəbbüsü İctimai Birliyinin sədri Ziba Nəbiyeva, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, “Sağlamlığa xidmət” İctimai Birliyinin rəhbəri Elçin Muxtarlı, Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Şahin Rəcəbov mövzu ilə bağlı təkliflərini səsləndiriblər. Bildirilib ki, narkomaniya problemi ilə mübarizə istiqamətində uşaqların asudə vaxtının səmərəli keçirilməsi, mədəni və idman tədbirlərinə kütləvi şəkildə qoşulmanın təmin edilməsi, narkomaniyaya düçar olmuş yeniyetmələrin vaxtında aşkarlanması vacib məsələlərdəndir. Xüsusilə də ailədə uşaqların düzgün tərbiyələndirilməsi mütləqdir.
 
Tədbir iştirakçılar tərəfindən verilən sualların cavablandırılması ilə davam edib.
 
Qeyd edək ki, analitik hesabat 22 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.1.15-ci bəndinə əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən hazırlanmışdır.








Redaktorun seçimi