Zaurların zəlilliyinə metavers aləmi göz yummayacaq

Hit: 401
Zaurların zəlilliyinə metavers aləmi göz yummayacaq

Ey dili qafil fil faili məchul fani f...

Bu yazını yəqin ki, heç yazmazdım. Belə bir yazını yazmağa həvəsli olmadığımı dəqiq bilirəm. Bu ərəfədə mənim üçün əsas olan, nəyi bilib bilməməyimdir. Nələrisə bilməyimin önəmini anladığımda,  özümü olduqca özgür və mutlu hiss edirəm. Mutluluğumun və özgürlük əhvalımın kimə nə dəxli deyirsinizsə, belə narahat suallarla qafalarınızda qarmaşa yaratmamağınızı məsləhət bilərdim. Çünki birinin varlığına hakim kəsilmiş mutluluğu və özgürlüyü çoxunluğun basqısı altında qaldığı zaman və yaxut kənar güclərdən, ətraf aləmdən zərər gördüyü zaman, o,  gerçək imkanlarından məhrum olur. O imkan həm də onun gələcəyidir. Bu yerdə deyirlər ki, insan gələcəyini özündən və xəyallarından başqa kimsəyə xərcləmək istəməz.  Əks təqdirdə düşməni uzaqda aramayın. Elə isə, başlayıram, mənim mutluluğuma və özgürlüyümə gerçək xətərlər yetirmək cəhdində bulunmaq istəyən bəzi özündənxəbərsiz ekran xəstələrinə...
Ekran xəstələri ifadəsi birmənalı dərk olunası fikir yaratmır. Kimi aparıcıları nəzərdə tutur. Kimi tamaşaçı qismində görünmək üçün televiziya qapılarının ağzını yağır edənləri dərin - dərin beynindən keçirir.  Bəziləri bütün kanalları tamaşaçı adıyla yağır eləmiş eyni insanları, sənətkarı, eksperti, nə bilim, kimləri  xatırlayır. Hər kəs öz işində olsun.
 
Mən isə sizlərə hələlik azacıq o ekran xəstələrindən, manyaklarından danışacam ki, onlar bir gün televiziyaya çıxıb saxta və boğazdan yuxarı sözlərinə təbəssümlərini qatmasalar, ölərlər. Belələrinin çoxunu sizin kimi mən də tanıyıram. Onların idealı bu ölkədə ən mənasız və ən düşük, şit verilişlərə imza atıb “sevmədikləri kəslərə, kəsimlərə yanıq verməkdən”, ekranları işğal etməklərindən ibarətdir. Belə aparıcıların süni, iyrənc, heç bir səviyyə sərgiləməyən kaprizləri bəs deyilmiş kimi, ekranda növbəti meymunluğu çıxarmaları sanki həyat prinsiplərinə, guya “aristokrat və ya intelleget”  gədalıqlarına bir yaraşıq gətirir. İnsanlıq sifətlərini itirmək təhlükəsini bilmərrə ağıllarına gətirməzlər. Bir azdan qoltuqları o qədər şişir ki, bir əllə iki qarpız tutmaq niyyətinə sürətli keçiş yapırlar. Özlərini bir çəkirlər, bir çəkirlər, dünyanın ən uca dağları, onların “qalxdığı gədalıq, zəlillik, əxlaqsızlıq zirvəsin”dən deyəsən utanc duyarlar. Mənə gülməli gələn bu içi, qafası boş qızların, oğlanların, kişilərin, arvadların  gülünc doğuran şəxsiyyətlərinin nəyə qadir olmalarından xəbərsiz görünmələridir. Ola bilər ki, uzun illər belələrinin üzərində ustad sənətkarlar tərəfindən yaxşı - yaxşı işləsələr, bəlkə bir şey aldırmaq olar. Amma, bunların, ay dədəm vay, o özlərini bir şey zənn etmələri, göyünən getmələri imkan vermir ki, insan olsunlar, adam kimi görünsünlər. Siz onların ekranlardan yansıyan sir-sifətlərinə, görüntülərinə elə ciddi - ciddi fikir verməyin. Onların içləri boş, varlıqları mənasızdır. Ya, adama deyərlər, övladım, bu Azərbaycanın ekran məkanında aparıcı olmaq, elə də böyük səriştə və istedad tələb etmir. Çünki sən nə qədər əxlaqsız və istedadsız olsan, o qədər intellektual, savadlı, gözəl, çəkici, baxımlı, reytinqli aparıcılıq kimliyinə sahib olub, saxta bir obraz yaradacaqsan.  
 
Lütfən, diqqət! Milyonların qarşısına çıxan bir görüntünüz varsa, ( cisminiz də yox e, cəsədiniz deyəcəkdim) mənim dediklərimi eşitmək zorundasınız. Bir az əfəndi olun. Bir az alçaqkönüllü olun. İnanın, yeri - göyü siz yaratmamasınız. Əlbət də istedadlı, əxlaqlı, səviyyəli, xarakterli, kimlikli ola bilərdsiniz. Nə edək ki, deyilsiniz. 
Ekran dışında insanlarla necə davranmağı, verilişlərə üz tutan insanların bu millətin övladı olduğunu bilməyiniz gərəkir. Kiminsə hansı milli mənsubiyyətini bir kənara qoyun, insan olduğunu yadınızdan çıxarmayın. Axın - axın çarəsiz insanların üz tutduğu verilişlərdən ümid işıqlarını öldürmək istəməyərək, bir anlıq da olsa, sizlərin xoş üzünə, sözünə, insanlıq jestinə ehtiyacları var. Onların qarşısında lap alçalın. Alçalın ki, ucalasınız. O yığın - yığın insanlarla prodüsserlərinizin qapıların ağzında necə məzələndiklərinin dəfələrlə şahidi olmuşam. (Ən azından 6 il televiziya təcrübəm bu fikri söyləməyimə mənə imkan verir:-x.t.) Bu Allahın bir lütfü deyilmi ki, o qədər insanlar televiziyaya üz tutub gəlirlər. Daha bu olmadı, dost, işinə gələni çıxardıb ekranda meymun kimi oynadacaqsan, reytinq yığıb (diləndirib) pul qazanacaqsan, eyni sinifin mənsubları olan digər işinizə gəlməyən soydaşlarınızı da əli ətəyindən uzun geri göndərəcəksiniz.
Məsələn, prodüsserlərin televiziyaların qapılarına gəlib dirənən insanlara necə reaksiya vediyini görəndə dəli olmuşam. Vallah, padişahlar heç belə danışşmaz kütləsiylə, qullarıyla. Bu imkansız, son dərəcə çarəsiz, miskin insanlarla davranış qaydalarını nə vaxat öyrənəcəksiniz, əziz prodüsserlər. Sizi  televiziya məkanlarına axı kimlər buraxr? Hansı seçimlərlə, tərcihlərlə, istedad ölçüləriylə, insanlıq imkanlarıyla sizləri tele məkanlara çəkib gətirən, soxuşduran kimdir? Azərbaycan televiziya məkanında prodüsserlərin insanlığa sığmayan əxlaqları, adamın bağrına dağ çəkir.
Aparıcılardan danışmaq rəzillikdir. Bu günlərdə ARB-nin zəlil aparıcısı Zaur adlı bir gədənin simasında gördüklərimiz az qala varlığımızı əlimizdən aldı. Bu gədə açıq şəkildə heç bir səbəb olmadan, “kefi elə istədi”yindən dolayı cənublu qardaşımız olan müğənnini efirdən qovduğunu bəyan etdi və rəsmən qovdu.  Mən demirəm bu nə yetki və imkandır. Bu kimlər tərəfindən Zaura verilmiş səlahiyyətdir. Ümumiyyətlə, milyonların önündə heç bir səbəb olmadan bir sənət adamını, üstəlik də Cənubi Azərbaycandan olan bir qardaşımızı qovmaq adıyla təhqir etmək nə deməkdir? Nə deməkdir bu hərəkət, anlamaq, qiymət vermək mümükün olmur?  
 
Kiminsə bu gün erməni olmasına, terrorist olmasına ehtiyac yoxdur. Erməniyə imkan versən Azərbaycanın altından girib üstündən çıxar. İlkin olaraq Azərbaycanın uşaqlarını, gəclərini güllədən keçirər, ən yaxşı halda bir yerə yığıb üzərinə benzin tökərək od vurar. Anlayanlar bilir mən nə demək istəyirəm. Televiziyalarda Zaur kimi gədələrin, şəxsiyyətsiz simasızların onlara sunulan, təqdim edilən bu cür hazır imkanlardan yararalanaraq əsrin bu çağında insan zəkasına və əxlaqına sığmayan hərəkətlərə yol verməsi, erməninin terrorçuluğundan min qat qorxunc və təhlükəlidir. Mənim üçün Xocalı faciəsini törədən daşnak-rus hərbi birləşmələrinin varlığı, kimliyi ilə, Zaur kimi səviyyəsi yerlərdə sürünən bir adamcığazın Azərbaycan xalqının televiziya ekran məkanından sui-istifadə edərək ürəklərimizi ağzımıza gətirən mədəniyyətsizliyinin hüdudsuzluğunun heç bir fərqi yoxdur.
Bu gün bizim kimi insanların hürriyyəti, özgürlüyü, xoşbəxtliyi başqa sevdalardadır: - ən azından yüz illərdir talanan yurdumuzda talanan insanlarımızın, xalqımızın birliyinin, bəli, birliyinin, bütövlüyünün narahatçılığıdır. Bizim bu bütövlük, birlik sevdamıza, xoşbəxtliyimizə kölgə salan, ləkə gətirən namusdan yoxsunların hansısa millətə, mədəniyyətə, ölkəyə aid olduqlarına qətiyyən inanmıram. Çünki onlar bizlərin bütövlük dediyimiz anlayışları PULDA, PARADA, MADDİYYATDA, ŞİTLİKDƏ, ŞÖHRƏTDƏ görürlər. Belələri anlamır ki, əgər indi onların qanunsuz, tərbiyəsiz həkətlərinə müəyyən dairələr, aidiyatı olan orqanlar göz yumursa, metavers deyilən yeni dövrün sistemində sanal aləm otomatik şəkildə bu üzdəniraqları ekrandan uzaqlaşdıracaq. Bunu unutmasınlar.
 
Xanəmir Telmanoğlu







Redaktorun seçimi