Zəngəzur dəhlizi artıq reallığa çevrilir!

Hit: 1324
Zəngəzur dəhlizi artıq reallığa çevrilir!
Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra bütün sahələrdə yüksəlişə doğru inamla irəlilədi. Güclü daxili və xarici siyasət yürüdərək, həm beynəlxalq miqyasda, həm ordu quruculuğunda, həm də  iqtisadiyyatımızın inkişafında böyük nailiyyətlər əldə etdi. Uzaqgörən və güclü lideri sayəsində uğurlu imzalarla öz inkişaf yolunda yüksək perspektivliyini bütün dünyaya nümayiş etdirdi.
 
Bu imzalar sırasında əlbəttə ki, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər ordumuz və qəhrəman oğullarımız sayəsində 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərimizi qeyd  etmək  çox vacibdir. Onu da qeyd etmək lazımdır ki, möhtərəm Prezidentimiz İlham Əliyevin diplomatik bacarığı və güclü xarici siyasəti sayəsində ölkəmizin regionda lider dövlətə çevrilməsi bu böyük Zəfərin ən  önəmli parçasıdır. Möhtərəm ölkə başçısı öz səy və bacarığını ölkəmizin inkişafına yönəldərək onu regionda güc mərkəzinə çevirməyi bacardı. Azərbaycan bütün imkanlarını səfərbər edərək dünyanın diqqətini özünə çəkməyə nail oldu və dünya ölkələrini düşündürən və cəlb edən bir çox vacib layihələrin təşəbbüskarına çevrildi.
 
Bununla da bitmədi, artıq Respublikamız nəinki təşəbbüskarı, həmçinin, birbaşa icraçısı kimi çıxış etdiyi Avropa və Asiyanı qovuşduran əhəmiyyətli nəqliyyat, əlverişli kommunikasiya dəhlizi rolunu gerçəkləşdirmək üzrədir. Belə ki, ölkəmiz tərəfindən qitələrarası daşınmaların həyata keçirilməsi üçün nəzərdə tutulmuş böyük layihələr-Şimal-Cənub, Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizləri beynəlxalq statusa malik olmaqla yanaşı, tarixi İpək yolunun bərpası baxımından da çox böyük əhəmiyyətə malikdir. Artıq bir reallığın da gerçəkləşməsi gərəkdir. Belə ki, dünya ölkələri üçün əhəmiyyətli bu layihənin həyata keçməsində Zəngəzur dəhlizinin açılması və istifadəsi olduqca vacibdir. Qeyd olunduğu kimi dəhlizin işə düşməsi dünyanın nəqliyyat xəritəsinə də böyük təsir edəcəkdir. Belə ki, Zəngəzur dəhlizi beynəlxalq tranzit yolunun geniş formatda, əlverişli şəkildə təkmilləşməsinə, yeni ölkələrin də bu marşruta daxil olmasına gətirib çıxaracaqdır. Əlbəttə, Azərbaycan Şərqlə Qərb arasında əhəmiyyətli qapı roluna malikdir və Zəngəzur dəhlizinin açılması ilə tarixi İpək yolunun bərpası, Çinin “bir kəmər-bir yol” layihəsinin canlanmasına, eləcə də Cənubi Qafqazı əhatə edən ölkələrin yeni imkanlara sahib olmasına gətirib çıxaracaqdır. Beləliklə, dəhliz nəinki Naxçıvana yolun açılması, həm də Azərbaycanla qardaş Türkiyə və digər türk dövlətlərinin dəmiryolu əlaqələrinin yaradılmasına da şərait yaradacaqdır.
 
Region üçün son dərəcə əhəmiyyətli olan dəhliz, həm də Rusiya və İranın da maraqlarına uyğundur. Belə ki, dəhliz vasitəsilə 3 qonşu ölkə Azərbaycan sayəsində Türkiyə ilə əlaqələrinin daha da genişləndirilməsinə nail ola biləcəkdir. Zəngəzur dəhlizinin gerçəkləşməsi, Azərbaycanın iradəsi olmaqla yanaşı, nə qədər inkar və sözün əsl mənasında “naz” etsələr də, məğlub etməyimizə və möhtac durumda olmalarına rəğmən, öz düşmənçilik mövqeyindən əl çəkməyən qonşumuza əl uzadaraq regionda dayanıqlı sülhün bərqərar olunmasına  istəyimizin nümayişidir.
 
Belə ki, erməni dövləti Zəngəzur dəhlizi vasitəsilə ölkəmizin imkanlarından istifadə etməklə, Rusiya ilə ticarət əlaqələrini də genişləndirə bilər. Onlar isə hələ ki, 2020-ci il 10 noyabr bəyanatına əməl etməməklə və vaxtı uzatmaqla, mövcud vəziyyəti düzgün dəyərləndirməkdən vaz keçir, insanlarının rifah halını düşünmədən oyuncaq dövlət olmağa üstünlük verirlər. 29 iyun 2022-ci il tarixdə Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında möhtərəm ölkə başçısı İlham Əliyev çıxış edərək aktual məsələlərə toxunmuş Azərbaycanın nəqliyyat dəhlizi kimi funksionallığından, çoxşaxəliliyindən və logistik əhəmiyyətindən danışmışdır. O demişdir. “Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb”.
 
Bəli, artıq reallıq və gerçəklik göz qabağındadır. Zəngəzur dəhlizi Şimal və Cənubu birləşdirilməsinə xidmət  etməklə  yanaşı, regionda ölkələrarası uğurlu əməkdaşlıq nümunəsi kimi mühüm rolu özündə əks etdirir. Ən əsası isə dəhliz bölgədə sülh və dayanıqlı sabitliyin möhkəmlənməsinin təminatçısı olaraq əvəzsiz vasitədir.
 
Mədinə Məmmədova;
Neftçala rayon gənci








Redaktorun seçimi