Quranda hansı şairlər lənətlənmişdir

Hit: 671
Quranda hansı şairlər lənətlənmişdir

Ey dili qafil fil faili məchul fani f...

Unudulmuş oxucu, dünyanın bu şairlərdən çəkdiyi nədir, şairlərin  bu  dünyadan çəkdiyi nədir? Görəsən Allah bu şairlərin əlindən niyə belə narazıdır,  deyirlər. Bütün işdəklərini sözün hikmətində gizlədən şairləin təqdimatını Allah niyə bu şəkildə yansıdır? Qutsal kitabımıza müraciət etmək istəyirəm. Şuəra surəsində buyrulur : “Şairlərin ardınca yalnız azğınlar gedərlər”. 
 “Məgər sən görmürsən ki, onlar bütün vadilərdə dolaşırlar. Və etmədikləri şeylərdən danışırlar? Bu, iman gətirənlərə, xeyirxah işlər görənlərə, Allahı çoxlu-çoxlu zikr edənlərə, onlara zalımlıq edildikdən sonra özlərini müdafiə edənlərə aid deyildir. Zalımlıq edənlər isə tezliklə hara qayıdacaqlarını biləcəklər”. (224,225, 226, 227-ci ayələr. )
Ayətdən də göründüyü kimi şairlərə ancaq azğınlar və sapıqlar inanar. Ancaq  Yaradan onu da deyir ki, Allaha inanan, doğru-dürüst əməl sahibi olan, bir də haqsızlıqla üzləşdiyi zaman öz yazısı, mətni, sözüylə mübarizə aparıb qisasını ala bilən şairlər Allahın sevimli qulları kateqoriyasında səf tutarlar. Allah şairlərin birbaşa və bütöv şəkildə üzərindən xətt çəkmir. Hər şeydə olduğu kimi, şairlərə qarşı münasibətdə də İlahi yöntəm və baxış bütün incəliklərinə və detallarına qədər nəzərə alınmış, necə deyərlər, o sonsuz və ilahi gözdən keçirilmişdi. Yoxsa, o zaman biz N.Gəncəviyə, İ.Nəsimiyə, M.Füzuliyə, Qurbaniyə,Yunus İmrəyə necə  deyə bilərik ki, onlara ancaq azğınlar və sapqınlar inana bilər. Gülüncdür, deyilmi? Yaxut Stalin rejimi dönəmində yaradıcılğıyla meydan sulayan, həyatı bahasına yaradıcılığını bir millətin onuruna yazdıran Cavid Əfəndiyə ayətdə keçən İlahi yarğını necə şamil etmək mümkün?  Yenə də inandırıcı olmazdı. Allah yalanmı danışır? Haşa!!!Şairlərlə, yazarlarla bağlı Uca Yaradanın belə bir mövqeyinin boşunamı olduğunu zənn edirsiniz? Dəfələrlə ölkəmizdə və dünya çapında rast gəldiyimiz bir olydır:- eyni problemi müxtəlif kəsimdən olan insanlar dilə gətirər, müxtəlif sənəti təmsil edən şəxslər səsləndirər, səs çıxmaz. Eyni problemi bir yazar ustalıqla, bədii şəkildə dilə gətirdimi, dünya-aləm bir-birinə dəyir. (Bəlkə də bəzi məqamları olduğu kimi uyğunluq təşkil etməsə də, konkret bir faktı xatırlatmaq istəyirəm. 2005-ci ildə bütün dünya Türkiyə dövlətini suçlayırdı ki, Osmanlı dövləti zamanında bir milyon yarım erməniyə qarşı türklər soyqırım törədib. Heç o dönəmdə bu qədər erməni yer üzündə olmayıb. Bu barədə Türkiyədən olan hüquqçular, siyasilər, politiklər, adi vətəndaşlar, sənət adamları Osmanlını suçlayan fikirlər işlətdilər. Ancaq yazıçı Orxan Pamuq da eyni cümlələrlə Türkiyə dövlətini və xalqını suçladığında, bütünTürkiyə ayağa qalxdı və üstəlik də Nobel müküfatını qazandı:-x.t.) Xeyr ola, niyə? Şairin, yazarın göylərə baş çəkən qələmində İlahi zərafəti pozan zəqqummu var?  Biz, sözsüz ki, Allahın bildiklərindən çox uzağıq. Biz, sadəcə Allahın bizə bildirdikləri doğrultusunda hər hansı bir məsələylə bağlı fikrimizi, düşüncəmizi dəqiqləşdirib, qənaətimizi qətiləşdirə bilərik. Yuxardakı sualın bir cavabı da məncə, belədir: şair bədiyyat aktına kəbinlidir. Şairin Kəbəsi sözün poetikası, sözün bədiliklə qarət olunmuş, yaxut ələ alınmış, ovlanılmış qatdır. Şair nə desə, nə yazsa, bədii ifadə vasitələri ilə istədiklərini deyəcək. Bir problemi sadə dillə, çılpaq şəkildə, publisist üsulla dediyin zaman, söz bəlli bir zamandan sonra insana güvəndiyi gücündən olur. Kəsərini itirir. (Bu praktikanı bütün xalqların ən qədim sənət abidələrindən: günümüzə ulaşmış nağıl, dastan, mif, rəvayət, eposlarından və bizim də qoşma, bayatı, gəraylı, təcnis, qıfılbənd kimi şifahi xalq ədəbiyyatının janırlarından alırıq:-x.t.)Onu poetikləşdirib, bədiiləşdirdiyin zaman, sanki sözü başqa bir üst məna qatına  keçirirsən, başqa bir zamana adladırsan.(Söz də üstünlüyü, dərinliyi, aliliyi, bağlantı və uzantısını daha qutsal qaynaqlardan, energetik mərkəzlərdən almağını sənin şəxsində(söz deyənin, yazanın) dəyərləndirməkdən çəkinmir. Nəyi necə, nə şəkildə versən o sevda və xoşnudluqla alacaqsan prinsipi özünü burda təsdiqləyir:-x.t.) Sözün yerini, sözün mayasını yaradılışdan gizli saxladığı mahiyyətini qorumaqla dəyişirsən, fərqli bir məzənnəyə mindirirsən. Söz bu zaman magiyalaşır. Söz uyudulmağı deyil, yerindən dəbərdilməyi sevir. Bu hərəkətlənmə, yerdəyişmələr, ayrılıqlar, birləşimlər, görüşlər isə sözə yüklənən məna dərəcəsiylə mümkünləşir. Yerindən oynadılmış oyaq söz, arı kmi havalanır, dəililəşir. Elə bil ki, arı yuvasına çubuq uzatmısan. O arı, o söz səni mütləq vurmalıdır. İnsan da, cəmiyyət də müharibələrə tab gətirə bilər, ancaq sözə vurulmaq, sözə məğlub olmaq istəməz. Söz də bədiləşəndə maigya gücünü qazanaraq təsirli hala gəlir, məna tərkibini çıxdığı, qopduğu ruha daha da yaxınlaşdırır. Adamın yeddi qatından  keçir. İnsanlar, cəmiyyətlər öz “yaramazlıqlarını”, öz “problem” dediklərini gələcək zamana keçməsini, daşmasını istəmir. Söz, faktlar üzərində bədiiləşdiyində, poetik bütövlük qazandığında,  yerində dinc durmur. Faktları, problemləri zamana yayaraq, nəsillərə paylayaraq dərinləşdirir, həm də ünvanlandığı “obyekt”i  ikiləşdirir. Bu bədii sözün poetik varinatda zamanüstü  bir özəlliyidir. İkiləşən insan (obyekt): bir surəti bu gündə, bir surəti gələcəkdə duran insan, aradakı məsafəni qarşıdurmayla həll edir, yaxut da aradakı boşluq şeytaniləşir, şərə yoluxur. Toqquşma bəri başdan sözə yansıyıb yenidən obyektin canına, zamanına, varlığına keçir. Buna görə də, şair sözü bəzən böyük bir cəmiyyəti xaosa, qarışıqlığa sehrləyib sürükləmək gücünə də sahib olur. Biz elə zamanədə yaşayırıq ki, sözün mahiyyətini o dərəcədə hiss edib, anlamq gücündə deyilik. Söz həqiqi fakt üzərindən bədii mahiyyətə atılanda söz metafizik imkanlarını işə salır, sözün əsl anlamında söz öz məna tutumunu bir şəxsin anlayışından çıxarıb geniş bir sahədə, yəni xalqın varlığında, yaddaşında, genetik sahəsində də olsa,  boşluğa ağalıq edir, o boşluğu boğaraq yönləndirir, bomboz ab-hava yaradır. Söz idarə etmək qabiliyyətini işə salmağa başlayır. Bu zaman sözün ağuşuna, boşluğuna düşən insan, cəmiyyət orda hörümçək toruna düşübmüş kimi çırpınıb qalır. Cəmiyyət şairlərin yeminə, köləsinə çevrilir. Bu çırpınmalar, çapalamalar sonucda cəmiyyətin, çoxunluğun yorulması, nəfəs kəsilmələri və bezginliyə məhkumluğu ilə nəticələnərək, bir şairin sözüylə, bir yazarın ifadəsiylə psixoloji ərəfəsini, məğlubiyyət dönəmini yaşayır. Bu yerdə deyirlər ki, cəmiyyət (çoxunluq) sanki  yazarın hipnoz hərəkətləriylə ortalıqda bütün olan - qalan gücünü, əxlaqını, dəyərini itirib cansızlaşır, insansızlaşır, ruhsuzlaşır. Elə olan məqamda, bu cəmiyyətin Allahla bağı, əlaqəsi də şeytaniləşib əsl İblis oyununa yenilir, tuş gəlir. Ona görə də, Allah hər şeyi dəqiq bildiyindən və gördüyündən, qutsal kitabımızda yazarlarla, şairlərlə xüsusi oaraq davranmağı göstərir, onların da kimlik və xarakter təyinatını təmknlə, ardıcıllıqla, yerli-yerində verməyi də unutmur. (Xatırladım ki, gəldiyim qənaətləri sovetin Allahsızlıq ianancı ərəfəsində bir çox yazarlarımızın yaradıcılığı ilə konkret misallarla sübut etmək mümkündür. Sadəcə bu yazıda məqsəd bu deyil:-x.t.)
Unudulmuş oxucu, mən şəxsən, imanı olmayan yazar və şairi qəbul etmirəm. Saleh əməl işləməyən şair və yazarı qəbul etmirəm. Ona görə də, haqsızlıqla üzləşdiyində qisaslarını ala bilməyən (sözsüz ki, qələmi, sözüylə) şair və yazarları qəbul etmirəm. 
İstənilən bir yazar, şair də insandır. Onu da Allah yaratmışdır. Demək, onun yaradılışında da bir səbəb vardır. Hətta saleh əməl işləməyib, Allaha inanmayan, haqsızlıqla üzləşdiyində yazısıyla da qisas ala bilməyən yazar və şair olsa belə, onların da istənilən cəmiyyətin balansının nizamlanmasında öz yerləri vardır: -  nə edəsən ki, ( kölgə və qaranlıq təmsilçsi  kimi)  Yaradanın bu kosmik  bütövlük sistemi içərisində kölgə və qaranlıq missiyalarını sürdürməyindədirlər. İşıqsevər, aydınlıq sevdalı və nurpərəst yazarlarla işimiz yoxdur.
**
Mənim üçün maraqlıdır, ölkəmizdəki bu qədər yazar, şair var. Bu qədər yazar-şairin son 10 ildə hansı milli, qlobal problemi qaldırdığını bilirsiniz?  Yaxut bir sualım da var: 10 ildən artıqdır ki, türk dövlətlərinin bütün sahələrdə bir araya gələrək birliyini yaratmasından, TURAN adlı bir dövlətin varlığından rəsmi olaraq söhbət gedir. Hansı yazarımız bu barədə ya konseptual yazısını, yaxut balaca da olsa öz səmimi fikir və düşüncələrini xalqla bölüşmüşdür? Biz heç 19-cu əsrin sonu, 20 -ci əsrin əvvəllərindəki heç “Füyuzat”çılarımız qədər də ola bilmədikmi?
Hələlik bu qədər...
Xanəmir Telmanoğlu








Redaktorun seçimi