ECAR layihəsi çərçivəsində Polşa Rektorlar Konfransı təcrübəsi öyrənilir

Hit: 543
ECAR layihəsi çərçivəsində Polşa Rektorlar Konfransı təcrübəsi öyrənilir
 
Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu "Erasmus+" KA2 proqramı çərçivəsində “Azərbaycanda Rektorlar konfransının yaradılması” (ECAR) layihəsi üzrə Polşa Rektorlar Konfransı təcrübəsiöyrənilir.
 
Layihə çərçivəsində Polşaya bir həfətəlik səfər təşkil edilib. AzTU-nun elm və innovasiya üzrə prorektoru Sübhan Namazov və rektorun beynəlxalaq əlaqələr üzrə müşaviri Fariz Məmmədov səfərdə iştirak edir.
 
Səfər çərçivəsində ilk görüş Varşava İqtisadiyyat Məktəbində keçirilib. Görüşdə Azərbaycan Respublikası təhsil nazirinin müşaviri, layihə konsorsiumunun üzvü olan Azərbaycan universitetlərinin rektorları və digər səlahiyyətli nümayəndələri, eləcə də Macarıstan Rektorlar Konfransının nümayəndələri iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə açan Varşava İqtisadiyyat Məktəbinin rektoru Piotr Wachowiak qonaqları salamlayıb və universitet haqqında geniş təqdimatla çıxış edib. Rektor Polşa Rektorlar Konfransına üzv olmağın universitet üçün əhəmiyyətindən danışıb. Polşa Rektorlar Konfransının prezidenti Arkadiusz Mezyk Azərbaycan nümayəndə heyətini salamlayıb və əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, konfransın hüquqi forması, statusu, daxili idarəetməsi, əsas fəaliyyət istiqamətləri, qərarvermə prosesi, daimi heyəti, o cümlədən konfransın katibliyinin vəzifələri haqqında toplantı iştirakçılarına ətraflı məlumat verib.
 
Arkadiusz Mezyk konfransın yarandığı gündən indiyə qədər Polşa ali təhsil sisteminə verdiyi töhfələrdən, keyfiyyətin yüksəldilməsi istiqamətində irəli sürülən təkliflərdən və əldə etdikləri uğurlardan da bəhs edib.
 
Daha sonra Almaniya Rektorlar Konfransının Mərkəzi və Şərqi Avropa, Şərqi Asiya departamentinin rəhbəri Rudolf Smolarczyk Rektorlar Konfransının ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlığının genişləndirilməsi, eləcə də ölkədə universitetlərin koordinasiyalı fəaliyyət göstərməsi baxımından vacibliyini vurğulayıb. Rudolf Smolarczyk, həmçinin Polşa və Almaniya Rektorlar Konfransının təhsil siyasəti və müxtəlif inkişaf istiqamətlərinin müzakirəsi üzrə müntəzəm əməkdaşlıq etdiklərini qeyd edib.
 
Sonra toplantı iştirakçıları və Rektorlar Konfranslarının nümayənədləri arasında suallar əsasında faydalı müzakirələr aparılıb.







Redaktorun seçimi