QHT nümayəndələri Şuşaya səfər edib

Hit: 543
QHT nümayəndələri Şuşaya səfər edib
 İyunun 28-də Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçilərinin geniş tərkibdə nümayəndə heyətinin Şuşa şəhərinə səfəri başlayıb.
 
Faktor.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfərdə müxtəlif sahələrdə fəaliyyət göstərən 100-dək QHT təmsilçisi və blogerlər iştirak edib.
 
Səfər çərçivəsində QHT nümayəndələrinə Şuşanın azad olunması zamanı Azərbaycan əsgərlərinin göstərdiyi şücaətdən, eyni zamanda, şəhərin tarixi, strateji, mədəni və mənəvi əhəmiyyətindən söz açılıb.
 
Həmçinin erməni vandalizminin Şuşada məscidlərə, tarixi abidələrə və digər obyektlərə vurduğu zərər haqqında məlumat verilib. O cümlədən, QHT nümayəndələri mədəniyyət paytaxtımızda böyük həcmdə və sürətlə aparılan abadlıq, quruculuq işləri ilə də tanış olublar.
 
Azərbaycan Respublikasının Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş və Kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev bildirib ki, Şuşa səfəri Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə QHT-lərin Qarabağ bölgəsinə sayca 10-cu səfəridir. Artıq mütəmadi olaraq, mədəniyyət paytaxtımıza QHT-lərin geniş tərkibdə səfəri təşkil olunur. Bu günədək 500-dən artıq QHT-nin yalnız Şuşaya, ümumilikdə 1000-dən artıq QHT nümayəndəsinin Qarabağa səfəri təşkil edilib. Səfərin təşkilində məqsəd 30 ilə yaxın erməni vandallarının törətdiyi dağıntıları, mədəni və tarixi abidələrin məhv edilməsi faktı ilə vətəndaş cəmiyyəti nümayəndələrini əyani tanış etmək və eyni zamanda burada aparılan bərpa və quruculuq işlərini onların diqqətinə çatdırmaqdır.
 
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bundan əvvəl QHT nümayəndələrinin Ağdamda, Talış kəndində, Xudəfərində olduqlarını bildirib və belə səfərlərin davamlı olacağını diqqətə çatdırıb. İcraçı direktor bildirib ki, səfər 29 iyun tarixində də davam edəcək, ümumilikdə 200-ə qədər QHT nümayəndəsi iştirak edəcək: ”Əsas məqsədimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Zəfərimiz, Qarabağda quruculuq işləri barədə məlumatları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır”.







Redaktorun seçimi