“Peşəkarlıq və Vətənə sadiqlik”

Hit: 1292
“Peşəkarlıq və Vətənə sadiqlik”
Öz  xalqını sevmək, kökünə ürəkdən bağlı olmaq hər bir şəxsiyyətin dəyəridir. Hardan gəldiyini, öz mənsubiyyətini duymayan, bilməyən insan hansı peşədə necə çalışsa da onun keyfiyyəti olmayacaqdır. Lakin xalqını sevən, torpağına bağlı olan insan daim onun ucalığı naminə əlindən gələni əsirgəməyəcək, qəlbində daim mənsub olduğu millətin ucalığı əsas amal olacaqdır. Biz  tarixi  oxuyuruq, araşdırırıq, baxmayaraq ki, tarix bəzən diqtə ilə yazılır, bəzən zamanın küləklərinə tabe olaraq dəyişir, lakin əsl fədakarlıq nümunəsi olan şəxsiyyətlər bu “təhlil”lərdən uzaqda qalır. Onların əbədi niyyətini heç bir dönəm dəyişik göstər bilmir.
 
Çünki hardan, hansı  istiqamətdən  baxılsa gəlib əsas həqiqət yoluna çıxarsan. Görünən də odur ki, məhz xalqa bağlı olmaq əbədiyyətdir. Əbədiyyən ruhlarda yaşamaq, gözlərdə, qəlblərdə örnək olmaqdır. Fədakarlıqdır, özü üçün deyil, ruhunda əbədi sevgi toxumu ilə ucalan Vətən üçün yaşamaqdır. Belə bir ömür yolundan bəhs edirik, əbədi Vətən üçün yanan, şam tək ərisə də, dönməzlik nümunəsi olan, qətiyyətin, şərəfin, mübarizliyin simvolu olan dahi lider-Heydər Əliyev simasından, onun Azərbaycan deyərək keçdiyi ömür salnaməsindən, dözümün ən ali məqamında xalqın gələcəyini düşünərək dayanan iradəsindən... Onun gəncliyinin ilk illəri, elə fəaliyyətinin də ilk mərhələsi II Dünya müharibəsinin, bütün dünyanı bürüyən, dəhşət saçan faşizmin tüğyan etdiyi dönəmlərdən keçmişdir. İlk düşüncə, ilk fəaliyyət, xalqların ağrılı taleyi, dünyanın təlatümü... Düşünən hər insan bu dönəmlərin səbəbini axtarar, arayar, xalqın nicatı üçün düşüncəsini qayalıqlardan, ümmanlardan qopardar, çıxarmağa çalışar, təki nəticəsi xeyirli olsun... Bəli, Ulu Öndər  o  illərin, gəncliyinin dərin həyat təcrübəsi, qətiyyəti ilə addımlayaraq, fırtınalardan, təlatümlərdən dərin zəkası ilə çıxaraq irəliləmişdi.
 
Azərbaycanda ilk dəfə hakimiyyətdə olduğu 1969-1982-ci illərdə ən böyük sənaye obyektlərinin, ilklərin inşasına səbəb olmuş, iqtisadiyyatın genişlənməsi üçün layihələrin icrasına təkan vermişdir. Bir xalqın, bir dövlətin möhkəmliyinin əsası kimi ordu və iqtisadi bazaların güclü olmasını qətiyyətlə, məqsəd olaraq qarşıya qoymuşdu.1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycana rəhbərliyi onun SSRİ-də ən görkəmli siyasi xadim, rəhbər və dövlət başçısı olduğunu göstərdi. 1982-ci ilin  sonunda  Moskvaya  partiya  və  dövlət  hakimiyyətinə yüksək vəzifəyə irəli çəkildi. SSRİ ALİ Soveti Rəyasət Heyətinin 22 noyabr 1982-ci il tarixli qərarı ilə Heydər Əlirza oğlu Əliyev SSR Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Bununla da həyatında yeni bir dönəm başladı. Bu illərdə fəaliyyət göstərdiyi bütün sahələrdə  yenə xalqımıza qarşı imzalanan qərəzli sənədlərin, irticaçı xainlərin torpaq istəklərinə qarşı mübarizə aparmışdır. Lakin onun da  həyatında hər iş, fəaliyyət heç də hər zaman axar su olmamışdır. Məhz dözüm və qətiyyət Heydər Əliyevin dəmir iradəsinin dönməzliyini xalqına sevdirmişdi. Xalq bilirdi ki, Heydər Əliyev hakimiyyəti onun nicatı olacaq, bu hakimiyyətin nəticələrini görən insanlar bunu təsdiqləyir, ümidlə çıxış yolunu onun hakimiyyətdə olmasında görürdülər. Beləcə, müstəqilliyini yenidən bərpa edən dövlətimizin anarxiya və hərcmərclik dönəmində xalq Heydər Əliyev rəhbərliyini arzu edirdi. Xalq bilirdi ki, dövlətimizi parçalanmaq təhlükəsindən yalnız  Heydər  Əliyev  xilas edə  bilər. Naxçıvan həyatından sonra nə qədər çətinliklər olsa da, heç zaman qətiyyətindən dönməyən Ulu Öndər 1993-cü il 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Cəmi 4 ay Ali Sovetin sədri vəzifəsində  çalışsa da, Heydər Əliyev bu qısa müddət ərzində parlamentin  ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarlğı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin  üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi. Onun yenidən Azərbaycan dövlətinə rəhbərliyi böyük əhmiyyət kəsb edirdi.
 
Məhz bu baxımdan Azərbaycan parlamenti 1997-ci il  27 iyun tarixindən 15 iyun tarixini  Milli Qurtuluş Günü elan etdi. Xalqının ən çətin günlərində yanında olan, heç bir  təhdidlərə tabe olmayaraq öz qətiyyət və iradəsinin gücü ilə dövlətçilik tariximizdə yeni bötövlüyün, birliyin əsaslarını qoyan Ulu Öndər bilirdi ki, çəkilən bu əziyyətli günlərin xoş səhəri gələcək. Və o  zaman bu tarix yenidən araşdırılacaq, nə qədər məşəqqətli olsa da, böyüklük şərəfinin  ucalığı daim görünəcəkdir. Bu böyüklük xalq sevgisindən qaynaqlanan Vətən övladının liderlik bacarığı, xalqın məhəbbətini şəxsiyyəti və əməlinin gücü ilə qazanmasında idi.
 
Bu günkü Qalib Azərbaycan Ulu Öndərin şah əsəridir. “Müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir”-deyən xalqın xilaskar övladının uzaqgörən siyaəsətinin bariz  nümunəsidir. Bu gün dövlətimizi qorumaq hər bir vətəndaşımızın məsuliyyəti olaraq vətənə övladlıq borcudur!
 
Bədirə Həsənqızı
Neftçala rayon sakini, yazıçı-publisist
 








Redaktorun seçimi