İkinci Dünya Savaşı və Çarli Çaplinin türk xalqına müraciəti

Hit: 778
İkinci Dünya Savaşı və Çarli Çaplinin türk xalqına müraciəti

Ey dili qafil fil faili məchul fani f...

İkinci Dünya müharibəsinin ən qaynar vaxtıdı. Dünya cayır - cayır alışıb yanır. O sıralarda Türkiyədə Amerikanın səsi radiosu canlı yayım yapır. Məqsəd Türkiyəni Amerikanın yanında göstərərək müharibəyə cəlb etməkdən ibarətdir. Dünya şöhrətli bir film aktyorunu radioya qonaq edirlər. Bütün Türkiyə radionun başında nəfəsini içinə çəkib dinləyir. Aparıcı müsahibinə yönələrək, -Bu
saat bütün Türkiyə sizi dinləyir, - deyir. Türk xalqına bu saat nə demək istəyərsiniz?
 
Onlara Molla Nəsrəddinin bir lətifəsini danışmaq istəyərəm.
Aparıcı əvvəlcə şaşırırır. Niyə, çünki hamı, bütün dünya adama heyran, o da Molla Nəsrəddin lətifəsi anlatmaq istəyir. Adamın danışdığı lətifə isə belədir:
Mola Nəsrəddinin bir gün evinin qapısı döyülür. Qapını açır, gələn qonşusudur:
Molla, eşşəyini bir günlüyə apara bilərəmmi?- desə də, bilir ki, vermiyəcək. Molla da deyir ki, bəs, eşşəyim burda deyil.
Qonşu dönüb gedərkən, birdən eşşək tövlədə anqırmağa başlayır. Qonşu da qayıdıb deyir, molla, molla,
eşşəyin tövlədə anqırır. Heç saqqalından utanmırsanmı, belə yalan danışırsan?
Molla Nəsrəddin də deyir ki, sən indi mənəmi inanacaqsan, yoxsa eşşəyin anqırmağınamı?
Bəli, o məhşur aktyor bu lətifəni danışır. Bütün Türkiyə xalqı radio başında nəfəsini içinə çəkib dinləyir.
Ardınca da bu sözləri deyir: bütün dinləyənlər artıq bir qərara varsın: bundan sonra insanlarınmı səsinəmi qulaq asacaqlar, yoxsa eşşəklərin anqırmağınamı?
Bu adam kim olsa yaxşıdır, Hitleri ələ salan məhşur aktyor Çarli Çaplin. O, yalnız bircə dəfə Türkiyəyə və türklərə səsləndi, onda da danışdığı Molla Nəsrəddin lətifəsi oldu. Düzdür, məşhur sənətkar Çaplin bu lətifəyə öz möhrünü vurmuşdu: eşşəklərin anqırtısına qulaq verməkdənsə, insanların dediklərini eşidəcəksiniz. Lap yalan da olsa, qeyri-səmimi də olsa, səni
uçurumun kənarına gətirsə də, suda boğsa da, şirin pəncəsində parçalatsa da, insanların dediklərinə önəm verəcəksiniz.  Eşşəklərin anqırtısındansa, insanların nə dediklərinə uya bilsəydik, bu gün (də) bəşəriyyət böyük fəlakətlərlə bu şəkildə üzləşməyəcəkdi. Demək, əsrlərdir bu qədər
mədəniyyətlər, dinlər, elmi-texnoloji tərəqqi, insan mənəviyyatının bəlli bir yüksəliş əldə etməsinə
baxmayaraq və üstəlik də, bu sadaladığım komponentlərin içində nəfəs almağımıza rəğmən, gəldiyimiz
nöqtə onu göstərir ki, insanların (insanlığın) nə söylədiyinə deyil, eşşəklərin anqırtısına inanmışıq. Yer üzünün adəmoğulları eşşək anqırtısı ilə insan sözünün arasında vurnuxmaqdan yorulmur, usanmır, bezmir, bıqmır. Bəlkə də zövq alır. Lap o uşaqlıq illərində oxuduğumuz nağıllardakı kimi, it hürən tərəflə
işıq gələn tərəfin arasında seçim etmə məcburiyyətinin hesabını vermək cəsarətini xərcləməklə keçindiyimizin fərqinə vardıq.
Nədən eşşəklərin anqırtısı insanların sözündən ön plana keçdi? Nəyə görə eşşəyin anqırtısı insanın sözünü kölgədə qoydu? Niyə insanın sözü eşşəyin anqırtısı ilə üz - üzə gəldi və gəlmək zorunluğunu qəbul etdi? Niyə eşşəklərin anqırtısının qarşısına insanın sözünü, insanlığın mənəvi dəyərini çıxartdılar? Yəni, dünya belə bir parodoksa bu qədərmi ehtiyac duyurdu? Eşşək anqırtısının qarşısına insanın varlıq, kimlik mahiyyətini ehtiva edən sözü qoymaqla hansı həqiqəti ortaya çıxarmağa çalışdı dünya? Həqiqətin mahiyyəti, zühuru bu qədər acizlikmi nümayiş etdirməliyidi ki, əşrəfi məxluqatın (insanlığın) cövhərinin
qarşısına eşşəyin anqırtısı çıxarılsın? Nə qədər də acımasız və sərt olan bir mizah səhnəsiylə qarşı-qarşıya gəldik. Bəşəriyyət var olandan eşşəklərin anqırtısına uyub sonsuz və qaranlıq girdablar oluşduran bir yola girdik. İnsanı, insan sözsünü, insan sözünün daşıdığı həqiqəti, işarəni, eyhamları göz ardı edərək,
qulaqlarımızı oxşayan o eşşək anqırtılarında öz həqiqətlərimizi aramaqdan, arama sevdasından əl çəkmədik, yorulmadıq.
İbn Rüşdinin sözü olmasın, lap olsun, deyəsən şeytan deyilən o məxluq da elə burdan zühur etməyə başladı. Nə insanın sözündən, nə də eşşəyin anqırtısından: - ancaq insanın öz sözünü (qənaət və etibarını) buraxıb eşşək anqırtısına aludəçilik etməyindən doğuldu şeytan. Beləcə şər, iblis dünyanı ağzına aldı. Atın qabağına ət, itin önünə ot qoyuldu. Yumurtalardan yun qırxıldı. Bir qılı qırx yerə yarıb ayıran şübhə, inamsızlıq
sindromu şüura, zəkaya, ağıla, ehtibara ehkam kəsildi, kəsdi. Ağızın dediyini qulaq eşitməz oldu. Şər dil boğaza qoymadı. Məzlumun haqqını zalim basıb doyunca yedi. Gözəl, ismətli vəfadarları qoyub çirkin, kor qızları ərə verdik. Anasının əmcəyini kəsənləri başımıza çıxardıq. Sadəcə, son 100 ildə başımıza gələnləri təxmin etdiyimdə, özümü tuta bilmirəm:
 
1. Şərqdə ilk demokratik dövlət quruluşuna imza atan oğulları yox etdik.
2. 1926-cı ildəki Bakıda keçirilən türkoloji qurultayla mənəvi öndərlərimzə dağ çəkdik. Onların izini-tozunu stalinlərin əliylə itirdik.
3. Sadəcə, 1937-ci ildə, 1 ildə 41 min ali savadlı insanımızın qanına qəltan edilməsinə bais olduq.
4. Bolşeviklər gələndə qırılanımız qırıldı, geridə qalanlarımız və onların törəmələri İkinci Dünya savaşının qurbanlarına çevrildilər. Bir millətin genefonduna qoyulan dinamitlərin səsi qulaqlarımıza hələ sonralar gəlib çatacaq.
5. Sovet dövründə rus - hay gizli anlaşma projesi olaraq Azərbaynın ən stratejik, önəmli nöqtələrində azərbaycanlı adı-soyadıyla erməniləri yerləşdirdilər.
6. Birinci Qarabağ savaşında 33 mindən çox şəhid verdik. Ərazi itkilərimizi və onun gətirdiyi milli genetik fəsadların diskriminasiyasından bəhs etməkdə acizliyimi gizlətmirəm.
7. 30 il sonra isə 3 min şəhid və onun 3 misli yarımcan övladlarımızın genefondumuzun etnik psixologiyasına qoyduğu diaqonistik təşhis, bizim əsrlərdir onun - bunun əlində şizofrenə dönüşmüş bir kimliyimizə şahidlik edir hələ də. Bitdimi? Xeyr?
8. Vatikana, Drezdenə əsrlərdir daşınan əlyazmalarımız, məxəzlərimiz necə, onları nədən bu yerlərdən uzaqlaşdırıblar? Hələ də bizim minlərlə əlyazmalar, mənqibələr, əsərlər bizlərdən nə üçün qapalı saxlanılır? Araşdırılmalara cəlb edilmir?
9. Son yüz ildə say - seçmə insanlarımızın aradan götürülməsini hara yazaq: hanı Əhmədbəy Ağaoğluya qoyduğunuz hörmət? Övladlarımız, hətta elm adamlarımız bu şəxsiyyətimizin adını düzəməlli bilmir. Məmmədəmin Rəsulzadəyə və digər silahdaşlarına münasibətinizi necə izhar edək? Bəs Cavid kimi bir nəhəngin başına açılan oyunu hansı fəlsəfənin güzərgahından keçirək? Nərman Nərimanovun, Şıxəli Qurbanovun, Asif Əfəndiyevin, Xudu Məmmədovun, Aydın Məmmədovun başına gətirilənlər kimlərin gözünün önündə cərəyan edirdi?
Böyük sənətkar Çarli Çaplin türklərə üz tutub Molla Nəsrəddinin o məhşur lətifəsini böyük həyəcanla dilə gətirəndən sonra, o lətifə lətifəlikdən çıxıb əsl faciəyə çevrildi. Ç.Çaplin bizlərə insanın mahiyyəti olan sözlə eşşəyin anqırtısının fərqini ayırd etməyi tövsiyə etdi, başa saldı.(Azmı bu gün sənətin hər sahəsində anqırtısını başına atıb bütün mənəvi resusrsları ələ keçirənlər, saxta söz sahibləri, elm fədailəri, fikir, düşüncə əzmkarlığı nümayiş etdirən dəllallar, öz dədə-babasını tanımayıb hələ də leninə “baba” deyə xitabətlə yazdığı şeirin ona gətirdiyi şan - şöhrətdən, orden-medaldan məsti-xumar görkəmiylə dəm vuran dəyyuslar, ədəbiyyatda, jurnalistikada, musiqidə, rəssamlıqda, memarlıqda gülünc də səslənsə deyirəm: monopoliya yaradıb millətin yetişməkdə olan gənc nəslinə sitəm edənlər?:-x.t.) Bütün itkilərimiz bizim eşşəklərin anqırtısını həqiqət bildiyimiz zamanlarda varlığımızı yox etdi. “Doğrudur”, deyən tapılarsa, insanın, yaxınındakının yalanındansa, elə eşşəyin anqırtısına bağır basıb iman gətirmək daha əfzəldir. Mollanın yalan dediyini bilə - bilə üstəlik də, insan faktorunu gözardı edib eşşəyin anqırtısını həqiqət bilməyin də insanoğlunun dünya yaşamındakı naqisliyinin bir örnəyi kimi, başına açılan oyunlara dözməyini də diqtə edir. Elə isə gec də olsa, eşşək anqırtısı ilə bilə - bilə yalan danışan, öz xarakterini bir daha sənə isbatlayan insanın, insanlığın mahiyyət bazarındakı qiymətini və bu alverdən gələn ziyanı-xeyri
ayrıd etmək seçimini iradəmizə həvalə olunduğunun da fərqində olmaq görəvinə ixtiyarımızın (seçim yəni) yetdiyini unutmamalıyıq. Bu məhşur lətifədə, əslində, verilən mesaj odur ki, nə eşşəyin anqırtısı, nə də mollanın sözü, yalanı səni çaşdırmamalıdır. Özünə inan, özünə. Çünki sən mollanın yalanını bilə - bilə, eşşəyini verməyəcəyini bilə - bilə, nədən eşşəyin anqırtısına inanırsan.
Nə rusa, nə farsa, nə ingilisə deyil, pafoslu səslənsə də deyirəm, bir xalq, dovlət, ölkə olaraq ÖZÜMÜZƏ
inanmaq məcburiyyətindəyik. Zatən, başqa çıxış yolumuz da qalmayıb!!!!
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi