Ulu Öndər Heydər Əliyev mədəniyyətimizə hər zaman böyük qayğı ilə yanaşıb

Hit: 339
Ulu Öndər Heydər Əliyev mədəniyyətimizə hər zaman böyük qayğı ilə yanaşıb
Tarixdə ömrünü xalqına, dövlətinə xidmətə həsr edən şəxsiyyətlər az-az yetişir.Belə şəxsiyyətlər illər, qərinələr ötsədə daim xalqının qəlbində yaşayır və xalq onu yaşadır. Belə şəxsiyyətlərdən biri də Azərbaycan xalqının bəxtinə düşmüş Ulu Öndər Heydər Əliyevdir. Ulu Öndər fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz xidmətlər göstərmişdi. Ulu Öndərin təkcə siyasi sahələrdə deyil eyni zamanda mədəniyyət və incəsənət sahəsində inkişaf strategiyası səmərəli idi. Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Ulu Öndər deyirdi ki,"Xalq bir çox xüsusiyyətləri ilə tanınir, sayılır və dünya xalqları içərisində fərqlənir.Bu xüsusiyyətlərin ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Heydər Əliyev həmişə mədəniyyət və incəsənəti diqqət mərkəzində saxlayıb. Mədəniyyətin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, rəssamlığımız da, kinomuz da bugünkü inkişafında Ulu Öndər Heydər Əliyevin çox dəyərli ideyalarından bəhrələnib.
 
Heydər Əliyev özü də incəsənətə meyilli şəxsiyyət idi. Onun gözəl səs ahəngi, musiqi duyumu, teatrı sevməsi buna sübut idi. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə mədəniyyətimiz dirçəldi. Bağlanmış teatrlar, muzeylər, kitabxanalar üzlərini yenidən tamaşaçılara açdı. Musiqi sahəsində bir sıra bəstəkarlara "Şöhrət" ordeni verildi. Azərbaycan kinosunun böyük inkişaf yolu məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bir sıra filmlərin yaranmasında Ulu Öndərin təşəbbüsü olmuşdur.
 
H.Əliyev teatrı da çox sevirdi. O tamaşaların premyerasına gələr, tamaşa bitdikdən sonra səhnə arxasına keçər, yaradıcı kollektivlə söhbət edər, fikrini bildirərdi. Ulu Öndər teatr haqqında deyirdi: "Teatr müqəddəs yerdir! İnsanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə böyük rol oynamışdır. Bizim teatrımız həmişə xalqımızın fəxridir. Mən teatrı sevmişəm,sevirəm və bundan sonra da sevəcəyəm”. Biz teatr işçiləri də Ulu Öndərin sözlərindən bəhrələnərək üzərimizə düşən bu missiyanı layiqincə yerinə yetirməyə çalışırıq. Ümummilli Liderimiz zəngin irsimizin qorunmasını vacib hesab edərək deyirdi."Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”. Mədəniyyətimizə bu mövqedən yanaşan Ulu öndərin sayəsində Azərbaycanın musiqi, kino, rəsm, xalq sənətkarlığı və teatr sənəti böyük şöhrət qazanmışdır.
 
Ümummilli liderimiz ömrünün sonuna qədər Azərbaycan incəsənətinin o cümlədən Azərbaycan teatrının inkişafı üçün əlindən gələni əsirgəmədi. Onun ölməz ideyaları bu gündə yaşayır, bu gün də bizim yol göstərənimizdi. Ulu Öndərimizin layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev Heydər Əliyev siyasətini layiqincə yerinə yetirir. Artıq biz qalib ölkənin qalib vətəndaşlarıyıq. Ulu Öndər həmişə Qarabağ haqqında ağrı ilə danışırdı. O Azərbaycanı Qarabağsız, Şuşasız təsəvvür etmirdi. Bu barədə deyirdi: "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”. Dahi şəxsiyyət həmişə çıxışlarında Azərbaycan xalqını əmin edirdi ki, bir gün mütləq Şuşaya , Qarabağa qayıdacağıq. Bu gün artıq o arzu reallaşıb, Ulu Öndərin ruhu şaddır. Dahi şəxsiyyətin layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqı və müzəffər ordusu ilə bir yumruğa çevrilərək torpaqlarımızı işğaldan azad etdi və ata vəsiyyətini yerinə yetirdi. Bu gün Ulu Öndər Heydər Əliyevin arzuladığı bir Azərbaycan var. 30 ildən bəri düşmən tapdağında olan Qarabağ əbədi azadlığına qovuşub.
 
Vaqif Vəliyev, 
Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi







Redaktorun seçimi