“Bandotdel” Bakıda restoranlara at əti satanları həbs etdi - VİDEO

Hit: 3405
“Bandotdel” Bakıda restoranlara at əti satanları həbs etdi - VİDEO
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən istifadəyə yararsız 4 ton at və mal əti satışını həyata keçirən şəxslər saxlanılıblar.
 
DİN Mətbuat xidmətindən Faktor.az-a verilən məlumata görə, Xaçmaz rayonunda ət tədarükü məntəqəsi yaradıb heyvan kəsimi sexi görüntüsü adı altında pərdələnərək qidaya yararsız, ölü  at və iri buynuzlu heyvan ətinin satışı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri məsuliyyətə cəlb ediliblər.
 
Rayon sakini Azik Babayev başçılıq etdiyi dəstənin üzvləri Hatəm Bayramov və Yalçın Babalıyevlə birgə ölmüş at və iri buynuzlu heyvanların ətinin toplanması, tədarükü və satışı ilə məşğul olublar. Bu məqsədlə Azik Babayev Xaçmaz və ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən və ölmüş atları ucuz qiymətə alaraq özünə məxsus Xaçmaz rayonunda yerləşən fermalarda toplayıb.
 
Daha sonra orada dəstə üzvləri tərəfindən həmin heyvanların kəsimi həyata keçirilib. Qidaya yararsız at ətinin sümükləri ayrılandan sonra mal əti adı ilə Azik Babayev tərəfindən Bakı şəhərində fəaliyyət göstərən müxtəlif ictimai iaşə obyektlərinə satılıb.
 
Azik Babayevə məxsus fermalara və saxlama yerlərinə baxış keçirilərkən qidaya yararsız, mənşəyi məlum olmayan 4 tondan artıq mal və at əti aşkar olunaraq maddi sübüt kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertizalarla aşkar olunmuş ətin qidaya tam yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olması təsdiq edilib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Dəstə başçısı Azik Babayev və Hatəm Bayramov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.








Redaktorun seçimi