“Psixologiya elmini sarsıtmış 40 tədqiqat” kitabı artıq - SATIŞDA

Hit: 574
“Psixologiya elmini sarsıtmış 40 tədqiqat” kitabı artıq - SATIŞDA
Psixoloji mövzuda qələmə alınmış ən unikal əsərlərdən sayılan, bir çox dünya dillərinə tərcümə edilmiş “Psixologiya elmini sarsıtmış 40 tədqiqat” kitabı artıq "Qədim qala" nəşriyyat evi tərəfindən Azərbaycan dilində oxuculara təqdim olundu. 
 
Kitabın müəllifi olan Rocer R. Hok fəlsəfə doktoru, Şimali Kaliforniya Mendosino Kollecinin psixologiya və seksologiya üzrə professorudur. O, San-Dieqo Dövlət Universitetində psixologiya üzrə magistr, Kaliforniya Universitetində doktorluq dərəcəsi almışdır. 
 
Hazırda 25 ildən artıq psixologiya fənnini tədris edən Hok həm də “İnsan seksuallığı” (Human Sexuality), “Artıq bu mənim həyatımdır” (It's My Life Now)  bestseller kitablarının müəllifidir.
 
Elmi məzmuna və eyni zamanda sürükləyici təhkiyəyə malik olan “Psixologiya elmini sarsıtmış 40 tədqiqat” əsəri insan davranışları, bu mövzuda olan psixoloji araşdırmaların inkişafı və onların elm aləminə töhfəsi ilə maraqlanan ən geniş oxucu çevrəsi üçün nəzərdə tutulub.
 
Psixologiyanın elm kimi inkişafında xüsusi əhəmiyyəti olan ən məşhur tədqiqatlar arasında uğurla seçim edən Rocer R. Hok öz bənzərsiz üslubu, zərif, aydın və lakonik təhkiyəsi ilə bu eksperimentlərin sirlərini oxucuya açıqlayır.
 
Bu kitaba orijinal əsərdə yer alan ən çox əks-səda doğurmuş tədqiqatlar daxil edilmişdir. Bir çox mövcud təsəvvürləri alt-üst edərək çoxsaylı layihələr və yeni araşdırmalar üçün zəmin yaratmış bu tədqiqatlar hər zaman akademik müzakirələrin ən aktual mövzusudur.
 
Kitab haqqında yazılmış rəylərdən birində deyilir: “Hok uyğun tədqiqatları seçməklə təqdirəlayiq bir iş ortaya qoyub. O öz auditoriyasının marağını qoruyub saxlayır, çox nəcib və eyni zamanda lakonik yazır. Kitabın ideyası bu mövzularla yeni maraqlanmağa başlamış oxucunu əsas “fakt”ların arxasındakı tədqiqatların real gedişatı ilə tanış etməkdir. Bu əsər elmə dəyərli töhfə olmaqla yanaşı, həm də insan psixologiyasının daha dərin təsvirini təqdim edən nümunəvi çalışmadır. Kitab gözəl qələmə alınıb, cəlbedici, oxunaqlı və əhatəlidir.”
 
Psixologiya elmi ilə tanış olmaq üçün sadəcə bir kitab oxumaq fürsətiniz varsa, bu əsər sizin üçün çox gözəl seçim ola bilər.







Redaktorun seçimi