Cahangir Məmmədli - 80

Hit: 622
Cahangir Məmmədli - 80
Bu gün tanınmış jurnalist və ictimai xadim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin anadan olmasının 80 ili tamam olur.
 
1964-1968-ci ilərdə BDU-nun Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil alan C.Məmmədli 1973-cü ildə “Müasir Azərbaycan ədəbi dilinin mətbuat üslubu” mövzusunda namizədlik, 2008-ci ildə isə “Azərbaycanda jurnalistikanın müasir inkişaf meyilləri” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
 
1973-cü ildən BDU-nun Mətbuat tarixi və ideoloji iş metodları (indiki Milli mətbuat tarixi) kafedrasında elmi-pedaqoji fəaliyyətə başlamış, 1993-2005-ci illərdə həmin kafedranın, 2005-2021-ci illərdə isə Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi (indiki Yeni media və kommunikasiya nəzəriyyəsi) kafedrasının müdiri vəzifəsində çalışmışdır.
 
Bakı Dövlət Universitetində yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olan Cahangir Məmmədli Azərbaycan jurnalistikasının görkəmli simaları - Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Qulu Xəlilov, Nəriman Zeynalov, Tofiq Rüstəmov, Famil Mehdi kimi alimlərin çalışdığı akademik mühitdə yetişmiş, onların əhatəsində peşəkar alim və müəllim kimi formalaşmışdır.
 
Cahangir Məmmədli zəngin və geniş spektrli yaradıcılığı ilə fərqlənir. Onun indiyədək 500-dən çox elmi və publisistik məqaləsi dərc edilmişdir. O, 20-yə yaxın kitabın müəllifi, onlarla kitabın redaktoru və ön söz müəllifidir. C.Məmmədli İctimai Televiziya və Radio Yayımları haqqında qanunun hazırlanmasında yaxından iştirak etmişdir.
 
Fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Cahangir Məmmədli müxtəlif mükafat və fəxri adlara layiq görülüb. “Zərdabi” mükafatı (2003), “Ali Media” mükafatı (2012) bunlardan bəziləridir. 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi” yubiley medalı, “Şöhrət” ordeni ilə təltif olunub. 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
 
Ömrünün 50 ilini Bakı Dövlət Universitetinə həsr edən C.Məmmədli elmi və jurnalistlik fəaliyyəti ilə yanaşı, peşəkar müəllim kimi də yüzlərlə gənc mütəxəssisin yetişməsində böyük rol oynamışdır. O, çoxsaylı tələbələrinin ürəklərinə yol tapmağı da bacarmışdır. Tələbələri hər zaman onun dərsə ciddi münasibətindən, sevərək oxuduğu mühazirələrindən və onlarla səmimi ünsiyyətindən danışırlar.
 
Cahangir müəllim bu gün də - yaşının müdrik çağında yorulmadan çalışır, Universitet auditoriyaları və dəhlizlərini ziyalı nuru ilə işıqlandırır. Bugünkü nəsil fəxr edir ki, Cahangir müəllim kimi gözəl alim və ziyalı ilə çiyin-çiyinə çalışır, onun təcrübəsindən faydalanır. İnanırıq ki, keşməkeşli ömür yolu keçən Cahangir müəllim bundan sonra da elm və təhsilimizə, jurnalist kadrların yetişməsinə töhfələr verəcək, zəngin təcrübəsi ilə gənclərin yoluna işıq tutacaqdır.
 
Cahangir müəllimi 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, elmi-pedaqoji və jurnalistlik fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.








Redaktorun seçimi