AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

Hit: 204
AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan tədbir keçirilib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbirdə 20 Yanvar hadisələrinə həsr olunan videoçarx nümayiş olunub.
 
Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar hadisələrindən danışan AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, xalqımız bu faciəni heç zaman unutmayacaq. Rektor qeyd edib ki, keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı düşünülmüş təcavüzkar siyasətinin nəticəsi olan 20 Yanvar faciəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Vilayət Vəliyev bildirib ki, 20 Yanvar faciəsinə ilk hüquqi-siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib. Faciədən dərhal sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyində SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirməsi, cinayətkarların cəzalandırılmasını tələb etməsi xalqımızın mübarizə əzmini daha da artırdı. Rektor bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ordumuzun rəşadəti nəticəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə ilə xalqımızın başına gətirilən faciələrin qisası alınmış oldu. Bu gün Azərbaycan xalqı qalib xalqdır. Biz artıq Şəhidlər Xiyabanını utanaraq deyil, qürurla ziyarət edirik.
 
Daha sonra çıxış edən millət vəkili Ceyhun Məmmədov da qanlı yanvar günü Bakıda əliyalın əhalinin başına gətirilən faciədən və xalqımızın mübarizə əzmindən danışıb.
 
Tədbirin sonunda Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub.







Redaktorun seçimi