ATU-da anım tədbiri - FOTOLAR

Hit: 426
ATU-da anım tədbiri - FOTOLAR
20 Yanvar hadisələrinin 32-ci ildönümü münasibətilə Azərbaycan Tibb Universitetində anım tədbiri keçirilib. Mərasimdə giriş nitqi ilə çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli 1990-cı ilin 20 Yanvar tarixinin Azərbaycanın müasir tarixinə ən faciəli və ən şərəfli səhifələrindən biri kimi daxil olduğunu qeyd edib:  
 
“Azərbaycan xalqının tarixində elə hadisələr var ki, milli yaddaşımızda daim qalacaq. Bu tarixlərdən biri də məhz 20 Yanvardır. Bu tarix milli müstəqillik, xalqımızın azadlıq uğrunda mübarizəsinin rəmzinə və mən deyərdim ki, Azərbaycan məfkurəsinin kristallaşma nöqtələrindən birinə çevrilib. Çünki məhz belə hadisələr insanın milli şüurunu dəyişdirir”. 
1990-cı ilin yanvar gecəsi ilə bağlı  xatirələrini bölüşən ATU rektoru professor Gəray Gəraybəyli həmin gün insanların küçələrə axışdığını bildirib: 
“Həmin gecə televiziya işləməsə də, insanlar daxili çağırışla küçələrə çıxmışdılar. Heç bir post, BTR insan axınının qarşısını ala bilmədi. 20 Yanvar şəhidlərinin dəfn günü milli şüurumuzun dəyişmə nöqtəsi idi”. Rektor xatırladıb ki, həmin gecə ATU əməkdaşları, həkimlərimiz də gülləyə tuş gəliblər. Həkimlərimiz isə çox ağır şəraitdə yaralıların həyatının xilası uğrunda savaşıblar.  20 Yanvar hadisələri zamanı ATU da 9 şəhid verib. 
 
Hər il 20 Yanvar şəhidlərinin ruhunu dərin hüznlə yad etdiyimizi deyən rektor G.Gəraybəyli bu il bir qədər fərqli əhvalda olduğumuzu da vurğulayıb: 
“Çünki artıq şəhidlərimizin qanı yerdə qalmayıb.  Biz 20 Yanvar faciəsini Qarabağ prosesindən kənarda yanaşa bilmərik. Məhz bu kontekstdən deyə bilərik ki, artıq müstəqillik uğrunda şəhid olan qəhrəmanların qanı yerdə qalmadı. Azərbaycan bütün dünyaya sübut etdik ki, Azərbaycan xalqı böyük xalqdır və əzmkar xalqdır”. 
Rektorun çıxışından sonra 20 Yanvar hadisələrinə həsr edilmiş videoçarx nümayiş etdirilib. 
 
Daha sonra ATU-nun İctimai Fənlər kafedrasının prof Fəxrəddin Məmmədov, 3-cü cərrahi xəstəliklər kafedrasının müdiri, prof Fariz Camalov Azərbaycan xalqına qarşı yönələn bu dəhşətli cinayət, eyni zamanda tarixi yaddaşımıza dərin hüzn və milli qürur günü kimi həkk olunan qanlı yanvar gecəsi haqqında xatirələrini bölüşüblər, İctimai səhiyyə fakültəsinin 6-cı kurs tələbəsi Fidan Həsənli tələbələr adından çıxış edərək şəhidlərin ruhunun əbədi olaraq yaddaşlarda qalacağını deyib. 
 
Çıxışlarda qeyd olunub ki, ümumxalq hərəkatında azərbaycanlı həkimlər, Tibb Universitetinin məzun və tələbələri, həmçinin universitetin əməkdaşları hər zaman öndə olublar.  20 Yanvar faciəsində şəhid olanlar arasında ATU-nun 9  əməkdaşı var. Universitetin həyətində onların xatirəsini əks etdirən abidə də ucaldılıb. Lakin indi həmin abidə yenilənmək ərəfəsindədir. Bu kompleksə İkinci Qarabağ müharibəsində şəhid olmuş ATU məzunlarının adları da həkk olunacaq.
1
1
1
1
1
1







Redaktorun seçimi