Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi - Aslan Abbaszadə yazır

Hit: 762
Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi - Aslan Abbaszadə yazır
Qanlı 20 Yanvar faciəsindən 32 il ötür. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin dirçəliş günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
 
SSRİ rəhbərliyinin xalqımızın azadlıq mübarizəsinin qarşısının almaq üçün həyata keçirdiyi bu əməliyyat cinayətkar siyasətin əsl mahiyyətini göstərdi. Ordunun qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 134 mülki vətəndaş qətlə yetirildi, yaralanmış 13 nəfər isə sonradan vəfat edərək şəhid oldu. Bundan başqa, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs edildi, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalara salındı. Həlak olanlar arasında müxtəlif millətlərin nümayəndələri, uşaqlar, qadınlar, qocalar, şikəstlər də var idi. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını, avtobusları atəşə tutur, yaralıları öldürür, meyitləri təhqir edirdilər. Hərbi təcavüz nəticəsində yüzlərlə ev, onlarca avtomobil, o cümlədən təcili yardım maşınları, külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edildi.
 
O faciəli günlərdə Heydər Əliyevin - qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi. 20 Yanvar faciəsini hüquqa, demokratiyaya və humanizmə zidd addım kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin böyük müdrikliyi və güclü siyasi iradəsi sayəsində həm də 20 Yanvarla bağlı informasiya blokadası yarılmış oldu. O, yenidən hakimiyyətə qayıtdıqdan sonra bu məsələyə dövlət səviyyəsində siyasi - hüquqi münasibət bildirildi.
 
Nə qədər zaman keçsə də, bu faciə heç vaxt Azərbaycan xalqı tərəfindən unudulmayacaq.

Hörmətlə,
Faktor.az xəbər portalının
Baş Redaktoru
Aslan Abbaszadə
 
 
 








Redaktorun seçimi