Bu bütövlükdə tariximizə, mədəniyyətimizə və ümumbəşəri dəyərlərə verilən dəyərdir

Hit: 648
Bu bütövlükdə tariximizə, mədəniyyətimizə və ümumbəşəri dəyərlərə verilən dəyərdir

Şuşanı dirçəltmək hər bir azərbaycanlının mənəvi və tarixi məsuliyyətidir

"Əsası Pənahəli xan tərəfindən qoyulan Şuşa mədəni irsimizin təməl daşlarının yatdığı yerdir".
 
Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
 
"1992-ci ildə Şuşa işğala məruz qaldığından bəri Azərbaycan xalqının qəlbinin qubar bağlayıb, sızladığı kimi, Şuşanın düşmən tərəfindən məruz qoyulan o bomboz görüntüsü də öz növbəsində bizə deyirdi ki, o təməl daşları belə eyni şəkildə göynəyir. 44 günlük Vətən, Haqq savaşının sonlarına yaxınlaşarkən Şuşanın işğaldan azad olunması və dövlət başçımızın “Əziz Şuşa, sən azadsan!” sözləri ilə xalqımızı müjdələməsi bir daha göstərdi ki, bir yumruq ətrafında birləşən Azərbaycan xalqı da bir an belə əziz Şuşasını unutmayıb.
Şuşanın azad olunması xəbərinin elan edilməsi nə qədər önəmlidirsə, bu xəbərdən öncə dövlət başçımızın ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etməsi də bir o qədər mühümdür. Bu addım cənab Prezident İlham Əliyevin bir tərəfdən ata vəsiyyətini yerinə yetirməsidirsə, digər tərəfdən də Azərbaycan dövlət başçısının dövlətçilik prinsiplərinə göstərdiyi ehtiramın ən ali ifadə formasıdır. Belə ki, yalnız qədim dövlətçilik ənənələrinə malik dövlətlər tarixi qərarların zəncirvari yerinə yetirilməsi prinsipinə sadiq olurlar.
 
Şuşanın Azərbaycanın tarixi memarlıq üslubuna xas bir şəkildə dirçəldilməsi əsas işimizdir. Bu baxımdan da Şuşanı dirçəltməyi hər bir azərbaycanlı olaraq səfərbər olub, mənəvi və tarixi məsuliyyətimiz kimi qəbul etməliyik. Azərbaycanın qədim mədəniyyət mərkəzi, Qafqazın incisi Şuşa bizim milli qürurumuz, mənliyimizdir.
 
Cənab Prezident İlham Əliyevin 2022-ci ili Şuşa ili elan etməsi sadəcə Şuşaya verilən dəyər deyil, bu bütövlükdə tariximizə, mədəniyyətimizə və ümumbəşəri dəyərlərə verilən dəyərdir. Biz bütün dünyaya sübut edirik ki, Azərbaycan xalqı dağıdılmış yerləri dünya mədəniyyətinin ayrılmaz bir tərkib hissəsi kimi bərpa edir. Şuşanın bərpası bir tərəfdən onun tarixi simasının yenidən özünə qaytarılması, Qarabağın döyünən ürəyinin, regionun mədəniyyət mərkəzinin dirçəldilməsidirsə, digər tərəfdən də ümumbəşəri dəyərlərə verilən dəyərin ən ali təzahür formasıdır.
Cənab Prezident İlham Əliyevin Sərəncamında da bildirildiyi kimi: “Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.” Bu baxımdan da Şuşanın dirçəldilməsi Heydər Əliyev ideyalarının təntənəsidir.
 
2022-ci ili Şuşa ili elan etməklə bir daha dünyaya nümayiş etdirdik ki, Azərbaycan xalqı tarixinə sahib çıxır, onu gələcək nəsillərə tarixi saxtalaşdırmadan, milli-mənəvi dəyərlərə sahib çıxaraq, dünya mədəniyyət irsinə hörmətlə yanaşaraq ötürür".








Redaktorun seçimi