Qədir Rüstəmovun ifasında “Sona bülbül”lərin - BİR SİRRİ

Bizə elə gəlir ki, Qədir Rüstəmovun ifasında “Sona bülbül”lərin oxusunu sevirik. Belədə eyni qayda ilə Qədiri də bu səbəbdən sevmiş hesab olunuruq. Qədiri yaxşı oxuduğuna görəmi, yoxsa bu mükəmməl əsəri oxuduğuna görəmi, yaxut bu mahnını özünəxas oxuduğu səbəbindən dolayı çox istəyirik? Xeyir, Azərbaycan insanı Qədiri və onun oxumuş olduğu “Sona bülbül”ləri heç vaxt sevməyib və sevə də bilməz. Səbəbinimi bilmək istəyirsiniz bu yanaşmanın? Biz, niyə “Sona bülbül”lərdən çox danışırıq? Biz, niyə “Sona bülbül”ləri unuda bilmirik? Bu kimi haqlı suallar adamın fikirlərini qurcalayır. Bir az həssaslıq göstərib incə düşüncə nümayiş etdirsək, anlaşılar ki, məhz Qədir Rüstəmovun ifa tərzində yaddaşımızda yer alan, səsləndirilən ifa əslində daxili dünyamıza xoşluq, səadət, sevinc yox, daha çox əzab verir, içimizdə dərd yaradır, varlığımızda qəm oyadır. Əsas o əzabdan söhbət gedir ki, sanki bu çəkdiyimiz işgəncə bizim keçirdiyimiz dərin peşimançılıq hissinin qanıtına, təsdiqinə çevrilir.
O, bizə əzab, işgəncə, daxili iztirab verən bir şeyin nəyini və nə üçün sevməliyik. Sadəcə olaraq, tiryək kimi alışdığımız bu ifanın toruna düşərək onun adını “qara sevda”, “sevgi”, “böyük”, “unudulmaz”, “seçilmiş” epitetləriylə süslənib - püslənən təyinatlarla yaddaşımızı silkələyən ifa qoymuşuq.
İnsan unutqandı. Sevdiyindən daha çox, işgəncə çəkib pislik gördüyünü tez - tez xatırlayır. Yaxut unuda bilmir. Biz, “Sona bülbül”lərə gerçəkdə ,şüuraltı təlqinimizdə nifrətimizdən dolayı onu xatırlayırıq. Bu barədə inkarçılıq meyilli heç bir cəhdimiz və səbatımız işə düşmür.
Bu türkünü (əsəri, mətni, ifanı həm də: -x.t.) unutmamağımızın digər bir səbəbi, bu nalənin, harayın, səsin və ifa məzmununun mahiyyət etibari ilə bizim nə vaxtsa aşağılama, alçalma, sındırılma duyğularımızın üzərindən keçib o ankı mövcud şüurumuzu oyandırması, misginliyimizin tərcümanına bir anda dönüşə bilmə imkanıdır. Milli müstəvidə xalq arealında, xəlqi bəlağət üsuli ilə bədbəxtliyimizin şanlı aqibətinə işıq tutma vərdişidir.Digər toplumsal səbəb: bu bir anlıq imkanın səs və ifa olaraq əsrlərcə aşağılanma duyğumuzun yaşam sürəcindəki yerini göstərməsi və bir anın əsrlərin əzabını mənimsəmə manevridir. Həm də məhşur “gün var əsrə bərabər” ifadəsinin riyazi dəqiqliklə dil sonsuzluğumuzdakı bizi qoruma məharətidir. Özü də bir xalqın aşağılanması müstəvisində bu səsin bir neçə dəqiqə içində bizim duyğu yaddaşımızda sığala yatıraraq üzərimizdəki cəsarətli oyunu kimi də cazibədarlığını işə salması olayıdır. Bir sözlə, Qədir Rüstəmovun “Sona bülbüllər” əsərinin bizim şüuraltı sahəmizin mədəniyyətə ayrılmış güşəsində sürəkli, davamlı şəkildə milli varlığımızı diri tutuma, canlı saxlama aludəçiliyini də heç vaxt unutmaq olmaz.
Xanəmir Telmanoğlu


