Rüsumların məhkəmə prosesinin əvvəlində deyil, - sonunda ödənilməsinin hansı üstünlükləri ola bilər?

Hit: 1036
Rüsumların məhkəmə prosesinin əvvəlində deyil, - sonunda ödənilməsinin hansı üstünlükləri ola bilər?
Finlandiya və Belçikada rüsumlar məhkəmə prosesinin əvvəlində deyil, sonunda ödənilir. Bu praktika Azərbaycanda da tətbiq oluna bilər. Onun mənfi cəhətləri olsa da, üstünlükləri daha çoxdur.
 
Birinci, bu qaydanın tətbiqi nəticəsində məhkəməyə müraciət hüququ şəxsin maddi vəziyyətindən asılı olmayacaq, haqlı olduğuna əmin olan hər kəs iddia ərizəsi, müvəqqəti təminat tədbiri barədə ərizə və məhkəmə aktlarından şikayət verə biləcək. Bununla da maddi vəziyyətindən asılı olmayaraq bütün şəxslərin bərabərliyi təmin olunacaq. AR Konstitusiyasının 25-ci maddəsindən görünür ki, dövlət əmlak vəziyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Ancaq indiki qayda belədir ki, maddi (əmlak) vəziyyəti qənaətbəxş olan şəxs aztəminatlı şəxslə müqayisədə məhkəməyə müraciət hüququndan və digər prosessual hüquqlarından daha səmərəli istifadə edə bilir. Bundan başqa, rüsumun insanların maddi vəziyyətinə (əmək haqqına və s.) görə differensasiya edilməməsi qeyri-bərabərliyi daha da dərinləşdirir. Məsələn, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə hər kəs 100 manat rüsum ödəməlidir, bu zaman iddiaçının 1.000 və ya 300 manat əmək haqqı almasının fərqi yoxdur. Qeyri-bərabərlik aşkar görünür: 1-ci iddiaçı əmək haqqının 1/10, 2-ci isə 1/3 hissəsini rüsum kimi ödəyir.
 
İkinci, bu qaydanın tətbiqi nəticəsində məhkəmə xərcləri ilə bağlı prosedur - tutma, ödəmə və qaytarma sadələşəcək. Belə ki, məhkəmə xərcləri yalnız rüsumdan ibarət deyil, onun tərkibinə işə baxılması ilə əlaqədar məsrəflər də daxildir (MPM, maddə 107). İndiki qayda belədir ki, məhkəmə xərcləri prosesin müxtəlif mərhələlərində tutulur: iddia ərizəsinə görə rüsum prosesin əvvəlində, məhkəmə aktından şikayətə görə rüsum prosesin ortasında, işə baxılması ilə əlaqədar məsrəflər (ekspertiza xərci, hüquqi yardıma görə xərc və s.) isə prosesin sonunda. Əgər rüsumlar da prosesin sonunda tutulmalı olsa bütün məhkəmə xərclərinin birləşdirilməsi və vahid prosedur daxilində tutulması mümkün olacaq. Əlavə olaraq, rüsumun qaytarılması ilə bağlı prosedur da aradan qalxacaq. İndiki qaydaya görə iddia ərizəsi qaytarıldıqda, baxılmamış saxlandıqda, iş üzrə icraata xitam verildikdə, apellyasiya şikayəti qaytarıldıqda, apellyasiya icraatına xitam verildikdə rüsum da qaytarılmalıdır (MPM, maddə 114).
 
Üçüncü, bu qaydanın tətbiqi nəticəsində məhkəmə xərcləri ilə bağlı yük prosesin sonunda haqsız tərəfin üzərinə qoyulacaq. Haqsız tərəf həmin xərcləri könüllü ödəmədikdə, məcburi icra tətbiq olunacaq, əlavə olaraq 7 faiz icra ödənişi də tutulacaq. İndiki qayda isə belədir ki, şəxs rüsumu məhkəmə prosesinin əvvəlində ödəməlidir, prosesin sonunda haqlı olduğu təsdiqlənərsə, rüsumun əvəzi əks tərəfdən onun xeyrinə tutulacaq. Lakin belə hallar olub ki, prosesin sonunda şəxsin haqlı olduğu təsdiqlənsə də, müxtəlif səbəblərə (əks tərəfin maddi vəziyyətinə, ölkəni tərk etməsinə, hüquqi şəxsin ləğv edilməsinə, fiziki şəxsin vəfat etməsinə və s.) görə məhkəmə qərarı icrasız qalıb. Nəticədə isə şəxsin haqqı bərpa olunmayıb, əksinə, rüsum ödəməklə daha çox itkiyə məruz qalıb.
 
Namiq Cəfərov
 
Bakı Apellyasiya Məhkəməsinin hakimi








Redaktorun seçimi