Adil Əliyev Yasamalda Memorial kompleksin açılışında

Hit: 532
Adil Əliyev Yasamalda Memorial kompleksin açılışında
Bakının Yasamal rayonunda Birinci Qarabağ və Vətən müharibələrində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş Memorial kompleksin açılış mərasimi keçirilib.
 
Tədbirdə Milli Məclisin sədr müavini Adil Əliyev, Milli Məclisin komitə sədrləri, deputatlar, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, ali təhsil müəssisələrinin rektorları, şəhid ailələri, qazilər, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
Birinci Qarabağ və Vətən müharibələrində şəhid olmuş Yasamal sakinlərinin əziz xatirəsinə həsr olunan Memorial kompleksə 339 şəhidin adları və soyadları əks olunub, şəhidlərin adına park və bulaq salınıb.
 
Dövlət Himninin səsləndirilməsi ilə başlanmış tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Fəxri Qarovulun müşayiəti ilə xatirə kompleksi önünə əklil və tər güllər qoyulub.
 
Açılışda çıxış edən Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman Komitəsinin sədri Adil Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli Azərbaycan ordusunun döyüş meydanında göstərdiyi misilsiz hünər və şücaət nəticəsində tarixi torpaqlarımızın düşmən işğalından həmişəlik azad edilməsini və şanlı üçrəngli bayrağımızın Vətən göylərində qürurla dalğalandığını diqqətə çatdırıb. Sədr müavini Ermənistanın 30 illik işğalına 44 gün kimi qısa müddət ərzində son qoyulması ilə ölkəmizin ərazi bütövlüyünün bərpa  edildiyini və bununla da ölkəmizin öz gücünü dünyaya göstərdiyini qeyd edib. O, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda qəhrəmancasına döyüşərkən şəhid olan Vətən övladlarının müqəddəs ruhunun hər birimiz üçün əziz olduğunu vurğulayıb, ölkəmizin müxtəlif şəhər və rayonlarında şəhidlərin adlarına xatirə komplekslərinin inşa edilməsinin vacibliyinə toxunub.
 
Açılış mərasimində çıxış edən Yasamal RİH-in başçısı Elşad Həsənov xatirə kompleksinin şəhidlərin ruhuna ehtiram nümunəsi olduğunu qeyd edərək, şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən ardıcıl tədbirlər həyata keçirildiyini qeyd edib.
 
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nümayəndəsi Hacı Şahin Azərbaycan Ordusunun tarixi zəfərindən söz açıblar.
 
Mərasimdə çıxış edən şəhid ailələri dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılıqlarını bildiriblər. Vurğulanıb ki, şəhidlərin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qan yaddaşında yaşayacaq və onların fədakarlığı gələcək nəsillərə nümunə olacaqdır.
 
Tədbir şəhid övladlarının ifasında bədii kompozisiya ilə başa çatıb.








Redaktorun seçimi