AzTU-da respublika elmi konfransı - FOTOLAR

Hit: 506
AzTU-da respublika elmi konfransı - FOTOLAR
Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan doktorantların və gənc tədqiqatçıların XXIV respublika elmi konfransı işinə başlayıb.
 
Konfransın açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, İstanbul Universitetinin rektoru, prof.dr Mahmud Ak, AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev və Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin rektorları iştirak edib.
 
Əvvəlcə qonaqlar universitetin foyesində nümayiş olunan kitab sərgisinə və Nizami Gəncəvi yaradıcılığına həsr olunan stendlərə baxıblar.
 
Tədbir torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
 
Konfrans iştirakçılarını salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev bu tədbirin tarixə qızıl hərflərlə yazılan Zəfərimizin 1 illiyinə təsadüf etdiyini bildirib. Rektor deyib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad edib. Torpaqlarımızın azad olunmasında iştirak edən qəhrəman oğulların yetişdirilməsində Azərbaycanın ali təhsil müəssisələrin xüsusi rolu var. Vətən müharibəsində AzTU-nun 300-ə yaxın məzun və tələbəsi iştirak edib. Onlardan 32 nəfəri şəhidlik zirvəsinə ucalıb.
 
Vilayət Vəliyev vurğulayıb ki, qazanılan Şanlı Qələbə ali təhsil müəssisələrinin qarşısında yeni vəzifələr qoyub. İşğaldan azad olunan torpaqlarımızda aparılan quruculuq işlərinə öz töhfəsini vermək üçün doktorantlar və gənc tədqiqatçılar səylə çalışmalıdırlar. Rektor qeyd edib ki, yeni nəsil texniki universitetlər sahibkarlıq ekosistemini və yüksək texnologiyalar bazarını formalaşdırmalı, ölkə iqtisadiyyatının qlobal rəqabət qabiliyyətini təmin etməlidir. Bu missiyaları həyata keçirmək üçün AzTU-nun 2021-2030-cu illər üçün inkişaf strategiyası hazırlanıb və universitetin Elmi şurası tərəfindən təsdiqlənib.
 
Daha sonra çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, hazırda Azərbaycan təhsilinin, elminin qarşısında duran əsas məsələ yüksəkixtisaslı kadrların hazırlanmasıdır.
 
Nazir müavini qeyd edib ki, qloballaşan dünyanın yeni tələblərinə cavab vermək, ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkəmizdə yeni nəsil mütəxəssislər yetişdirmək məqsədilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 5 beynəlxalq ikili diplom proqramının icrası nəzərdə tutulub. Artıq 4 beynəlxalq ikili diplom proqramının icrasına başlanılıb. Hədəf Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.
 
AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev akademiyanın alimlərinin ali təhsil müəssisələrinin əməkdaşları ilə birgə elmi layihələrdə iştirakından danışıb.
 
İstanbul Universitetinin rektoru, prof.dr Mahmud Ak rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verib.
 
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Azərbaycanda elm və innovasiyalar sahəsində görülən işlər və bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb.
 
Sonra AzTU-nun doktorantı Əmirxan Qəmbərov, BDU-nun doktorantı Raziyyə Həsənova, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) doktorantı Ümid Mehdiyev çıxış ediblər.
 
Çıxışlardan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Xalq artisti Teyyub Aslanovun iştirakı ilə universitetin doktorant və gənc tədqiqatçılarının ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.
 
Qeyd edək ki, gəncləri elmi yaradıcılığa yönəltmək və onların elmi-tədqiqatlarının nəticələrinin müzakirəsini aparmaq məqsədilə təşkil olunan konfransa 246 məqalə qəbul olunub.
 
14 bölmədə davam edəcək konfrans işini noyabrın 24-də yekunlaşdıracaq.
1
1
1
1
1
1








Redaktorun seçimi