Adil Əliyev şəhidlərin anım tədbirlərində iştirak edib

Hit: 563
Adil Əliyev şəhidlərin anım tədbirlərində iştirak edib
Noyabrın 18-də və 19-da Milli Məclis sədrinin müavini Adil Əliyev Vətən müharibəsi şəhidlərinin anım tədbirində iştirak edib.
 
Vətən müharibəsi şəhidi Əsəd Mahir oğlu Əsədlinin Bakının Nizami rayonunda təşkil edilmiş anım tədbirində çıxış edən sədr müavini torpaqlarımızın düşmən işğalından azad edilməsi məqsədilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun başladığı 44 günlük Zəfər yürüşünün möhtəşəm Qələbəylə nəticələnməsindən, əzəli və əbədi torpaqlarımızın düşmən işğalından həmişəlik azad edilməsindən danışıb. O, qazandığımız tarixi Qələbəmizdə şəhid olan qəhrəmanlarımızın xatirəsini dərin hörmət və ehtiramla anaraq, məhz bu qəhrəmanlarımızın şücaəti nəticəsində ərazi bütövlüyümüzün, suverenliyimizin bərqərar olunduğunu, nəticədə BMT tərəfindən qəbul edilmiş və uzun illər ərzində kağız üzərində qalmış qətnamələrin tələblərinin 44 gün kimi qısa müddət ərzində icra edildiyini bildirib. Adil Əliyev şəhid Əsəd Əsədlinin müharibədə döyüş yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına şəhid olmasına diqqət çəkərək, ölkə başçısı tərəfindən "Vətən uğrunda", “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif edildiyini qeyd edib, şəhidlərimizə bir daha Allahdan rəhmət diləyib.
 
Daha sonra Bakının Nərimanov rayonunda Vətən müharibəsi şəhidi Sənan Şahin oğlu Abdullayevin anım tədbirində iştirak edən sədr müavini Adil Əliyev və rayonun rəhbərliyi ictimaiyyət nümayəndələri ilə birlikdə İkinci Fəxri Xiyabanda bütün şəhidlərimizin əziz xatirəsini yad etmişlər. Vitse-spiker Şanlı Ordumuzun qələbə qazandığı Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Sənan Abdullayevin döyüş meydanında göstərdiyi şücaətdən danışaraq, göstərdiyi qəhrəmanlıqlara görə dövlət başçısı tərəfindən "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edildiyini qeyd edib. Bildirib ki, şəhid ailələrinin və qazilərin qayğıları hər zaman dövlətimiz üçün prioritet təşkil edən məsələdir və onlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı ilə əhatə olunublar.
 
Vətən müharibəsindən sonra qısa müddət ərzində Qarabağda aparılan geniş tikinti və quruculuq işlərinə toxunan Adil Əliyev Qarabağımıza yeni nəfəs gəldiyini və məhz bu qələbəni bizə yaşadanlara hər zaman borclu olduğumuzu diqqətə çatdırıb.








Redaktorun seçimi