Baş Prokurorluğun əməkdaşları"Rebuild Karabakh” sərgisində

Hit: 359
Baş Prokurorluğun əməkdaşları"Rebuild Karabakh” sərgisində
Ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və praktiki biliklərini artırmaq, yaradıcı və innovativ potensialının inkişaf etdirilməsini dəstəkləmək məqsədilə prokurorluq orqanlarında kompleks tədbirlər həyata keçirilir.
 
Bununla yanaşı, Respublika Baş Prokurorluğu tərəfindən milli ruhlu kadrların yetişdirilməsi, gənclərin mənəvi-estetik dünyagörüşünün formalaşdırılması, onların milli-mənəvi dəyərlərimiz haqqında maarifləndirilməsi kimi məsələlər də xüsusilə diqqət mərkəzində saxlanılır.
 
Oktyabrın 22-də "Bakı Ekspo Mərkəzi"-ndə Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçirilmiş 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı- Rebuild Karabakh” adlı sərgisinə prokurorluq əməkdaşlarının ziyarəti təşkil olunub.
 
Dövlət qurumları və həm yerli, həm də xarici şirkətlərdən ibarət olan sərgi iştirakçıları Qarabağ ərazisində həyata keçirməyi planlaşdırdıqları və artıq həyata keçirdikləri layihələri, eləcə də regionu təmin etmək üçün çatdırmağa hazır olduqları məhsulları, habelə, yerli istehsalın təşkili, infrastruktur obyektlərinin inşası üzrə planları və s. bir platformada təqdim etmək üçün unikal imkan qazanıblar.
Sərginin əsas sektorları arasında banklar və investisiyalar, təhlükəsizlik, hasilat sənayesi, səhiyyə, informasiya texnologiyalar, təhsil, qida sənayesi, kənd təsərrüfatı, inşaat, yol tikintisi və infrastruktur, nəqliyyat, turizm və mədəni irs, energetika və ekologiya sektorları yer alıblar.
 
İştirakçılara məlumat verilib ki, sərgidə təqdim olunmuş sektorların müxtəlifliyi bu tədbiri xüsusən əhəmiyyətli edir və Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye nümayəndələri arasında yeni müqavilələrin imzalanmasına şərait yaradır.
 
Qarabağda həyata keçiriləcək yenidənqurma və bərpa işləri ilə vizual tanış olan prokurorluq əməkdaşları Qarabağın gözəl gələcəyinin xoş təəssüratları ilə oradan ayrılmışlar.







Redaktorun seçimi