Şamaxıda şəhid Asif Azayevin anım günü keçirilib

Hit: 339
Şamaxıda şəhid Asif Azayevin anım günü keçirilib
Oktyabrın 20-də 44 günlük Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan biri – mayor Asif Məmmədağa oğlu Azayevin Şamaxı rayonu Həmyəli kəndində anım mərasimi keçirilib.
İldönümü mərasimində Milli Məclisin deputatı Tamam Cəfərova, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, şəhid ailələri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Anım günündə əvvəlcə şəhid mayor Asif Azayevin xatirəsinə həsr olunmuş bulaq kompleksinin açılışı olub, şəhidin ruhuna dualar edilib, onun və şəhid olmuş digər igid Vətən oğullarımızın unudulmaz xatirəsi dərin ehtiramla yad olunub.
 
Açılış mərasimində Milli Məclisin deputatı Tamam Cəfərova çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsindəki tarixi qələbəsi Azərbaycan xalqının 30 illik həsrətinə son qoyub, torpaqlarımız düşmən işğalından azad edilib. Bu qələbə Prezident cənab İlham Əliyevin həmişə qeyd etdiyi kimi, şəhidlərimizin canları, qazilərimizin sağlamlığı, cəsur zabit və əsgərlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində əldə olunub. Şübhəsiz ki, dövlətimiz vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərimizə, torpaqlarımızın düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərmiş bütün döyüşçülərimizə diqqət və qayğı ilə yanaşır.
Sonra tədbir iştirakçıları şəhidin evində keçirilən il mərasimində iştirak edib, ailə üzvlərinə başsağlığı veriblər. Deputat Tamam Cəfərova şəhidin ailə üzvləri və övladları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
 
Qeyd edək ki, şəhid Asif Azayev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.







Redaktorun seçimi