“Qarabağın azadlığı uğrunda torpağı Vətən edənlər” adlı tədbir keçirilib

Hit: 349
“Qarabağın azadlığı uğrunda torpağı Vətən edənlər” adlı tədbir keçirilib
AMEA Mərkəzi Elmi Kitabxanada Azərbaycanşünaslıq və milli rəqəmsal yaddaş (MRY) şöbəsi tərəfindən “Qarabağın azadlığı uğrunda torpağı Vətən edənlər” adlı tədbir keçirilib.
 
Bu barədə Faktor.az-a MEK-dən məlumat verilib.
 
Bildirilib ki, tədbiri MEK-in baş direktoru professor Məmməd Əliyev açaraq 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən qazanılan şanlı Qələbədən söz açıb. Dövlət-xalq-ordu birliyinin vəhdəti nəticəsində torpaqlarımızın erməni işğalından azad edildiyini söyləyib.
 
M.Əliyev qeyd edib ki, MEK-in Azərbaycanşünaslıq və milli rəqəmsal yaddaş şöbəsi azərbaycanşünaslıq üzrə sənədlərin toplanması, e-kataloqa işlənməsi, ölkəmizin siyasi, milli, mədəni, elmi irsinin əsaslı formatda mərkəzləşdirilmiş şəkildə qorunub saxlanılaraq yerli və xarici tədqiqatçıların istifadəsinə verilməsi, eləcə də gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm işlər həyata keçirir. MEK-də daim yenilənən vahid rəqəmsal baza böyük əhəmiyyətə malikdir.
 
Şöbənin baş mütəxəssisi Günel Əhədova slaydla təqdimat zamanı qeyd edib ki, son bir ildə 8000-ə yaxın “Qarabağ Azərbaycandır!”, “44 günün salnaməsi”, “Azərbaycan Ordusu”, “Nizami Gəncəvi”, “Torpağı Vətən edənlər”, “Milli qəhrəmanlar”, “Türkiyə-Azərbaycan birliyi”, “Azərbaycan Respublikasında Anım Günü” və s. mövzularda məqalələri MEK-in e-kataloquna daxil edilib. Həmçinin 2000-dən çox sənəd MRY bazasına aid edilib.
 
Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Jalə Əhmədova erməni faşistlərinin torpaqlarımızda törətdikləri vəhşiliklərdən, 44 günlük Vətən müharibəsi zamanı arxa cəbhədə informasiya savaşında qələm əhlinin, kitabın, mədəniyyətin önəmini vurğulayıblar. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın, qazilərimizin və digər hərbi qulluqçularımızın adlarının əbədiləşdirilməsi istiqamətində MEK-in gördüyü işləri yüksək qiymətləndiriblər.
 
AMEA Tarix İnstitutunun şöbə müdiri Hacı Həsənov, dosent Mübariz Ağalarlı, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, yazıçı Subut Mehdiyev çıxış edərək Qarabağda quruculuq işləri zamanı məhv olmuş mədəniyyət ocaqlarının bərpasında ziyalılarımızın üzərinə düşən missiyadan danışıblar.
 
Tədbirdə Subut Mehdiyevin “Zəfər tarixinin qəhrəmanları” kitabı haqqında məlumat verilib. Kitab Birinci və İkinci Qarabağ müharibələrində iştirak etmiş qəhrəmanlar, Laçın rayonunda yerləşən və erməni vandalizminə məruz qalan tarixi, dini abidələr, ziyarətgahlar, bir sıra toponimlər haqqında məlumatları əhatə edib.








Redaktorun seçimi