Region gənclərinin peşə və ixtisas seçimi üzrə layihə təşkil edilir

Hit: 711
Region gənclərinin peşə və ixtisas seçimi üzrə layihə təşkil edilir
“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi (Birlik) "İnkişaf - region gənclərinin peşə və ixtisas sahələri üzrə dəstəklənməsi” adlı layihə həyata keçirəcək.
 
Belə ki, Birliyin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi həmçinin Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilati dəstəyi ilə cari ilin noyabr və dekabr aylarında Astara, Goranboy və Qusar rayonlarının ümumi təhsil məktəblərində oxuyan şagirdlərin peşə və ixtisas seçimi ilə bağlı düzgün istiqamətləndirilməsinə dair maarifləndirici layihə həyata keçirəcək.
 
“İnkişaf” layihəsinin ilkin mərhələsi artıq fəaliyyətə başlamışdır. Hazırda layihənin idarə edilməsi üçün komanda formalaşdırılır. Təlimçilər tərəfindən hər rayonda keçiriləcək təlimlərin modulları və təlim materialları hazırlanır. Bu işlərlə paralel olaraq regionlarda təlimlərdə iştirak edəcək gənclərin seçim prosesi elan olunmuşdur. Regionlarda seçim prosesi layihənin tərəfdaşlarının region nümayəndəliyi və layihənin komandası ilə birlikdə aparılır. Birliyin layihələrin idarəolunması üzrə seçilmiş komandası adıçəkilən regionlara səfər edərək, noyabr ayında ilk iki rayonda, dekabr ayında isə sonuncu bölgədə 14-16 yaş aralığında olan 20, ümumilikdə isə 60 məktəbliyə 4 gün ərzində “Təhsilin əhəmiyyəti”, “Təhsilin fərdin və cəmiyyətin inkişafındakı rolu”, “Şəxsi inkişaf”, “Karyera planlaşdırılması”, “Düzgün peşə ixtisaslarının seçilməsi” və “Motivasiya” kimi mövzuları əhatə edəcək təlimlər həyata keçirəcək.
Diqqətə çatdırılır ki, "İnkişaf" layihəsini həyata keçirməkdə məqsəd təhsil aldığı müddətdə aşağı nəticə göstərən region gəncləri arasında təhsilə marağın artırılmasını, onlara karyera planlaşdırılmasında dəstəyin göstərilməsini, bilik, bacarıq və maraq dairələrinə uyğun düzgün peşə və ixtisasa istiqamətləndirilmələrini, əmək bazarı və məşğulluq kimi sahələrdən məlumatlı olmalarını təmin etməkdir.
 
“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 30.04.2010-cu ildə dövlət qeydiyyatına alınmışdır. Birlik bütün fəaliyyəti dövründə dövlət gənclər siyasətinin inkişafına dəstək vermis, dövlətin maraqlarını qoruyan vətəndaş cəmiyyətinin formalaşmasında yaxından iştirak etmişdir. Təşkilat aktiv fəaliyyət dövründə 50-dən çox böyükmiqyaslı layihələr, eyni zamanda 2 təcrübə proqramı ərsəyə gətirmiş, keçirilən layihələrdən yüzlərlə gənc faydalanmışdır. Təşkilat bu gün də öz işini davam etdirərək gənclərə töhfə verən layihələri həyata keçirmək üçün səylər göstərir.








Redaktorun seçimi