Biləsuvarda Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib

DİN-in Daxil Qoşunlarının hərbi qulluqçusu Asif Talıblının Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmasından bir il ötür. Daxili İşlər Nazirliyinin və Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları şəhidin məzarını ziyarət edib, ailəsi ilə görüşüblər.
Şəhidin məzarı üzərinə əklil və tər çiçəklər düzülüb. Bildirilib ki, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi daim qəlblərdə yaşayacaq, onların igidlik və qəhrəmanlıq səhifələri gənc nəsillər üçün daim örnək olacaq.
Şəhid hərbi qulluqçunun ailə üzvləri Asif Talıblının Vətən uğrunda mərdliklə vuruşub şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər. Göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə çavuş Asif Talıblı ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.


