Bir xalqın diri qalma sirri

Hit: 261
Bir xalqın diri qalma sirri
Vətəni, ölkəni bir daha doğmalaşdıran, onu min qat sevimli edən faktorun şəhidlər olduğuna inanıram. Nə yaxşı ki, Azərbaycan xalqı tarixin müxtəlif aşamalarında şəhid verməyi, şəhid nəsil yetişdirməyi bacarıb. Nə yaxşı ki, Azərbaycan xalqı tariximizin yenə müxtəlif aşamalırındakı genetik və ruhsal yaddaşından qopan şəhid vermə instiktini unutmayıb. Milli bütövlüyə gediş yolunda bu etnos cövhəriylə yüklü hərəkət və hərəkat bir xalqın diriliyindən xəbər verən müjdədir. İnsanların əbədi, kamil və ölməzliyi, ən əsası diri olduğu bir aləmin ruhaniyyətində ölü xalqlar kimi, diri xalqlar da mövcutdur. Azərbaycan xalqı sözün əsl və gerçək mənasında, sözün tarixə üz tutduğu yerində  diri xalqlardan biridir. Diri xalq olma anlayışındakı sonsuz müjdəsini “Qurani - Kərim”də Allah birbaşa özü verir. Millətin şəhidini diriliklə müjdələyən Allah, xalqın minlərlə şəhidi, özü də tarixin ayrı-ayrı vaxtlarında qurban verdiyi şəhidinin kimliyi fonunda necə şəhid sayılmaya bilər. Şəhid verən toplumlar,  Avropalı  elm adamları tərəfindən aparılan bir araşdırma sonucu məlum olur ki, tarixdə gənc qalırlar. Onların millət olaraq tez qocalma  kimi  bir qayğısı və əndişəsi yoxdur. 
Şəhidlik millətə gənclik, diri qalma “etibarı verirsə” ( Lissanq Havor) ,  digər yandan da öz ilahilik dəyərinə, ilahilik miqyasına bir “güvən duyğusunun sabitliyini” ( Cibran Xəlil Cibran)  tələb edir. Bu nə deməkdir? Bu o deməkdir ki, millətin  ruhunun ehtiyatında qalmalı olan  davamlı bir Güc,  insanlığın mənəvi və təfəkkür baxımından köləlik zillətinə düçar olanda, sifətinə güllə kimi açılır. Milləti şapalaqlayaraq ona silkinib bu dözülməz ağırlığı, yükü üzərindən atılmasını istəyir. Şəhidliyin millətlərin ruhuna, mədəniyyətinə ötürdüyü pozitiv impuluslar gizlinə çəkilib marıqda gözləyir. Elə ki, aləm bir-birinə dəydi, kəllə-mayallaq oldu, o yerdə bir Xızır misali milləti dümsükləyib üzünə soyuq su çiləyər və xılt basmış yaşamından, həyat tərzindən şəri  silib - süpürüb atır. Ətalətdən uzaqlaşdırar. Xalq əlimyandıda olanda, dara düşəndə Xızırın peyda olması, sezdirmədən, bildirmədən yardım əlini uzatması, kimlər üçünsə görünən, kimlər üçünsə görünməyən, yəni hesaba qatılmayan “əmsal”dır. 
 
Vətən, xalq, insanlıq, inanc yolunda həyatını qurban verənlər, bəşəriyyət yaranandan var olub. Ancaq şəhid anlayşı birbaşa İslam diniylə, “Qurani-Kərim” əxlaqıyla, onun insanlığa verdiyi mesajla, inpulusla bağlıdır. İslamda bu fəlsəfə o qədər inkişaf edib ki, hətta şəhidlik məktəbi adlı düşüncə adını da qazanıb. Azərbaycanlılar da  müsəlman xalq, toplum sifətini heç vaxt itirmədən fərqli-fərqli zamanlarda, dönəmlərdə verdiyi şəhidlərlə qürur duya bilər. 
 
Ümumiyyətlə, bəlli bir gün və günlər ona görə var ki, o günlər hər hansı bir inancımızla, dəyərimizlə öz içimizdə və  İç zamanımızda yüksək məqam əldə edə bilsin. Bu məqam toplumun maddi və mənəvi yüksəlişində də sözsüz, bir önəm kəsb etmiş sayılacaq. Kəsə demiş olsaq, mədəniyyətimizə bir çəki-düzən vermiş olacaq. 1990-cı il 20 Yanvar şəhidlərimizi və onların həyatımızda, dünyagörüşümüzdə, dünyaya baxış acımızda oynadığı rolu kim unuda bilər? Kim unuda bilər, məlum tarixdə baş verənlərin müqabilində şəhidlərimizi xatırlamaq, yad etmək instiktimizi? Hər şey kainatda qarşılıqlı əmsal üzərində bərqərar olur. Birtərəfli hər hansı istək, irəliləyiş, yüksəliş, məqsəd mümkün deyil. Əgər Şəhidlərimiz bizə indiyə kimi bir şey-yəni insanlıq üçün mənəvi dəyər baxımından ölçüyə gəlməz Əmanət  vermiş olmasaydı, bizlər bu illər ərzində  və hər il getdikcə axın -axın daha içdən yad etmə, xatırlama törənlərinə qoşulmazdıq. “Qurani   - Kərim”də, Allahın bildirdiyinə iman gətirərək deyirik ki, gerçəkdən, şəhidlər ölmürlər. Onlar diridirlər. Sadəcə bizim görməməyimiz bizim tərəfimizdən çox şeyləri alt-üst edir. Ancaq bizim bu möhtəşəm şəhadət həyatının sirrini, gizlinlərini görə bilməməyimizdə də bir gözəllik aramaq lazım. Ən azından bir insan övladı kimi sahib olduğumuz şər ünsürlü dünyəvi xüsusiyyətlərimizə, yaradılışımıza (onları görə bilmədiyimizdən)  onları bulaşdırmır, onları günahlarımızın güdazına vermirik. Digər  tərfədən, birmənalı qəbul olunandır ki, onlar bizə Millli Azadlıq hərəkatına gedən, müstəqilliyimizin bərpası yolunda misilsiz dərəcədə yardımçı olub, bizzat bu milli uğuru xalqımıza qazandırdılar. Ancaq onların işi bununla bitmədi. Bu müqəddəs amal, inanc uğrunda Allahın verdiyi şirin candan, gənc, qoca, uşaq bədəndən vaz keçib şəhid adını aldılar. Bu şəhidlik isə azərbaycanlı olaraq, leksionumuza “şəhid”  sözünü gəirdiyi kimi, “şəhid”  sözünün  ifadə elədiyi məna və hikmət varidatının tutumunu, dərəcəsinin ölçüsünü də gətirdi. Leksionumuzdakı bu məqam  və dərəcə  tutumu, təfəkkürümüzdə də izini yavaş-yavaş dərinlışdirməli oldu. 
İllər keçdikcə həyatımızdan dilimizə, danışığımıza, təfəkkürümüzə hopan şəhdilik fəlsəfəsinin şüuraltımızdakı yatırımı da zamanın, nəsillərin müstəvisində  danışdığımız fəlsəfənin mənəvi energetikasına Rena Genon demiş,  bir artım, yüksəliş  gətirir. Nəsillərarası keçiddə müqəddəs dəyərlər öz payını aldıqca, dəyərin əyarı, qiyməti ikiqat yüksəlir. 1990-cı ilin 20 Yanvar şəhidliyi, o gün və o zaman üçün Allah qatında nə qədər doğmalıq, ülvilik yaradırsa, sonrakı zamanlarda da nəsillərin əxlaq, yaddaş, tarix yaşatma tutumu müqabilində qat-qat İlahilik qazanır.  Mədəniyyətin nəsillərarası genefondunda mütləqlik vəsadətini təsdiqlədə bilir. 
 
Ona görə də, ezoterik alimlər, bizim kimi xalqlara gəlmə xalqlar deyirlər. Bu gəliş dünya torpaqlarının hansısa guşəsindən çıxıb bir başqa güşəsini vətən, el, yurd, ölkə eləmə gəlişi deyil. Bu gəliş Yaranışın əzəlində aldığı, götürə bildiyi Xeyr yükünü gücü çatacaq qədərdə  bu günə kimi gətirmək, yaşatmaq, bu günə kimi yüksəltməkdir.
Ən əsası o qutsal  əmanəti mədəniyyətə ötürməkdir.
 
Xanəmir Telmanoğlu
 







Redaktorun seçimi